COP29

“Neftçi”nin baş məşqçisi bütün sirləri ilk dəfə “Sportinfo”ya açdı!

2 Mart 2023 20:00 Müsahibə 3 508
“Neftçi”nin baş məşqçisi bütün sirləri ilk dəfə “Sportinfo”ya açdı!

Yayda Samir Abasovun gedişindən sonra “ağ-qaralar”da əsas söz sahibi olmağa razılıq verən Laurentsiu Regekampf 8 aydır ölkəmizdə çalışır.

Vaxtilə “Styaua”nı ölkə çempionu edən, bu komandanı Çempionlar Liqasının qrup mərhələsinə daşıyan, Avropa Liqasında 1/16 final mərhələsinə yüksəldən, bura gələnə qədər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində iş təcrübəsi olan rumın çalışdırıcının Azərbaycandakı işi hələ ki, istədiyi kimi getmir.

Komandası turnir cədvəlinin üçüncü pilləsində yer almaqla çempionluqdan uzaq düşüb, gümüş medalları boyundan asmaq isə sual altındadır. Regenin adının eks həyat yoldaşı, məşhur rumıniyalı agent Anamariya Prodanla qalmaqallarda hallanması da zaman-zaman müzakirələrə yol açıb.

Laurentsiu ilə müsahibədə məqsəd təkcə “Neftçi”dəki və ölkəmizdəki durumu ilə yox, həm də şəxsi həyatı ilə bağlı suallara cavab tapmaq idi ki, təcrübəli çalışdırıcının bütün məqamlara aydınlıq gətirəcəyinə söz verməsi yerinə düşdü.

Beləliklə, “Neftçi”nin rumın çalışdırıcısı ilə müsahibənin birinci hissəsini təqdim edirik.

- “Qarabağ”la matçdakı oyundan və nəticədən sonra xoşbəxtliyinizin dozası artıb?

- Bəli, nəticə ürəyimcə oldu. Fikrimcə, oyunun ədalətli nəticəsi elə heç-heçəydi. Bizim kimi, onların da qol şansları var idi. Məni ən çox sevindirən “Neftçi”nin oynadığı futbol idi. “Qarabağ” ikinci hissədə əsas heyətin üç vacib futbolçusunu meydana buraxandan sonra da təslim olmadıq, əksinə, təzyiqi artırmağa çalışdıq. Bu, mənə gələcək adına ümid verdi, tunelin sonundakı işığı görməyə başladım. Hər şey əlaya doğru gedir. Çempionatı ilk “3-lük”də başa vurub, kuboku da qazanmaqla Avropa Konfrans Liqası öncəsi yaxşı atmosferdə ola bilərik.

- “Neftçi”nin üçüncü sırada olması azarkeşləri və futbol ictimaiyyətini narahat edir. Niyə ordasız?

- İyunda “Neftçi”yə gələndə vaxtımız çox az idi. Komandadakı futbolçuların potensialına tam bələb olmaq və yeni futbolçuları gözdən keçirmək üçün zamana ehtiyacımız vardı. Ard-arda transferlər etdik və onların bir-birinə öyrəşməsi, mənim onlardan nə istədiyimi bilmələri müəyyən vaxt apardı. Həmin müddətdə planlaşdırmadığımız xallar itirdik. Qış fasiləsi çətinlikləri aradan qaldırmaq və istədiyimiz komandanı qurmaq üçün əla imkan idi. Yeni futbolçular cəlb etdik ki, bu gün onlar komandaya lazım olan köməyi edir. Yayda imkan daxilində 1 yerli və daha 2-3 legionerlə güclənməklə indikindən də güclü “Neftçi” ola bilərik. Növbəti mövsümdə azı ikinci pillədə yer alıb “Qarabağ”la çempionluq mübarizəsində sona qədər mübarizə aparmaq üçün bir qədər güclənməyimiz gərəkdir.

- “Neftçi”nin hazırkı durumu azarkeşləri razı salmır. Haqlıdırlar?

- Bəli, tam haqlıdırlar. Mən onları çox gözəl başa düşürəm. “Neftçi”ni birinci pillədə və yekunda çempion kimi görmək istəyirlər. Və buna onların haqqı çatır. İndiki vəziyyətdən təkcə azarkeşlərimiz yox, özümüz də məmnun deyilik. Dediyim kimi, durumu yaxşıya doğru dəyişmək üçün çalışırıq və ən qısa zamanda buna nail olacağımıza inanıram.

- “Qarabağ”la çempionluq mübarizəsi aparmaq çox çətindir?

- Çempion olmaq və Avropa Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün eyni gücə malik iki heyət olmalıdır. 3-4 gündənbir oyuna çıxırsansa, itkilər qaçılmazdır. Cəzalı, zədəli, xəstə futbolçuların çoxluğu baş məşqçinin heyət qurmasında və komandadan istədiyi futbolu görməsində problem yaradır. Premyer Liqada, ölkə kubokunda və avrokuboklarda mübarizə aparırsansa, üstəlik, futbolçular milli komandalara cəlb olunursa, hər şeydən əvvəl geniş heyətə sahib olmalısan. Bu, mütləqdir.

- Yaxşı büdcəyə ehtiyac duyduğunuzu demək istəyirsiz?

- Bu gün doğru yolda olduğumuzu düşünürəm. Büdcə artıq olanda istədiyin futbolçuları gətirib istədiyin komandanı formalaşdırmaq daha rahatdır. Ən vacib məqamlarda biri komandada bacarıqlı və təcrübəli yerli futbolçuların olmasıdır. Amma bu, heç də asan məsələ deyil. Çünki tanınmış azərbaycanlı futbolçuların klubları ilə müqaviləsi var və yenilənir. “Qarabağ”dan, yaxud “Sabah”dan yerli futbolçu qoparmaq asan iş deyil. Bütün bunlara baxmayaraq, əlimizdən gələni edirik.

- İndiki büdcə ilə növbəti mövsümdə “Qarabağ”ı dayandırmaq mümkün olar?

- Biz bunun üçün çalışırıq və çalışacağıq. Lakin heç də asan deyil. Dediyim kimi, yaxşı büdcəyə sahib olmalısan. Güclü komanda güclü pul deməkdir. Əminəm ki, gələn mövsümdə hamı bizi “Qarabağ” və “Sabah”la müqayisə edəcək. Növbəti mövsümdə “Sabah” daha da güclənəndən sonra indikindən də maraqlı çempionat izləyəcəyik.

- 8 aydır “Neftçi”dəsiz. Gördüyünüz işlərdən razısız?

- Şəxsən ürəyimcədir. Nə gizlədim, başlanğıcda çətin idi, əziyyət çəkirdim. Buna baxmayaraq, həvəsdən düşmürdüm. Güzgünün qarşısında dayanıb özümə nələrin baş verməsi, nə edə biləcəyim, hansı çıxış yollarından istifadə etməli olduğumla bağlı suallar verirdim. Qış fasiləsində gözləmədiyim problemlərlə üzləşdim. Bəzi futbolçular zədələndi, istədiyimiz futbolçuların keçidi alınmadı, bəzi futbolçular komandadan ayrıldı, yeni gələnlərin zamana ehtiyacı vardı. Elə vəziyyət yaranmışdı ki, klub rəsmilərindən yoldaşlıq görüşünün təxirə salınmasını istəmişdim. Çünki meydana buraxmağa yetərli sayda futbolçu qalmamışdı. Məşqçilik karyeramda heç vaxt bu cür vəziyyətlə üzləşməmişdim.

- Və qış fasiləsindən dərhal sonra “Sabah”a növbəti dəfə uduzduz.

- Bəli. Çətinliklər həddən artıq çox idi və əmin idim ki, heç kim bizi başa düşməyəcək, dediklərim bəhanə kimi qəbul olunacaq. “Sabah”a uduzduq, səhvlərimiz üzərində işlədik, 4 oyunda qapımızdan top buraxmadıq, “Qarabağ”la başabaş futbolla heç-heçə etdik və artıq istədiyim komandanı görməkdəyəm.

- “Qarabağ”ı başa düşdük, amma “Sabah”ın büdcə və şərait baxımından “Neftçi”ni üstələdiyini deyə bilmərik. Elə isə, cari mövsümdə bu rəqibə bütün oyunlarda məğlub olmağınızın səbəbi nədir?

- Birinci oyunu yada salmalı olsaq...

- Oyunlara ayrı-ayrılıqda toxunmayaq. Bu komandaya məğlubiyyətlərin ümumi səbəbini araşdıraq.

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti