Azərbaycanlı məşqçi Regekampfın cavabını verdi, “pul lazımdır” dedi

31 Dekabr 2022 20:40 Müsahibə 1 396
Azərbaycanlı məşqçi Regekampfın cavabını verdi, “pul lazımdır” dedi

Premyer Liqada iştirakına icazə verilən və məhdud büdcə ilə hərəkət etmək məcbuuriyyətində qalan “Turan Tovuz”un qış fasiləsinə 6-cı pillədə yollanacağı, üstəlik, ölkə kubokunun yarımfinalına vəsiqə qazanacağı açıq danışsaq, inandırıcı deyildi.

Lakin bölgə təmsilçisi xüsusən doğma meydanda keçirdiyi oyunlarda inamlı təsir bağışlamaqla futbol ictimaiyyətinin diqqətini çəkməyi bacardı.

Hələ ki, vəziyyət pis deyil. Lakin yayda heyəti qorumaq, qış fasiləsində güclənmək, Tovuzda legioner saxlamaqla bağlı suallar çoxları üçün maraqlıdır.

Madam ki, fasilə dönəmidir, yaranmış fürsətdən istifadə edib “Turan Tovuz”un ünsiyyətcil baş məşqçisi Ayxan Abbasovla səmimi söhbət etmək şansını əldən vermədik.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/159360.html)

-Avrokuboklara vəsiqə qazanmaq üçün “Turan Tovuz”a nə qədər vəsait lazımdır?

- Bu il əsas məqsədimiz təməl qurmaqdır və buna doğru gedirik və şükürlər olsun ki, bacara bilirik. Növbəti illərdə iddialı komandaya çevrilmək istəyiriksə, komandanın sütununu düzəldib saxlamağı bacarmalıyıq. Söhbət maliyyədən gedirsə, “Qarabağ”, “Neftçi”, “Sabah” kimi klubları çıxmaq şərtilə digər klubların 70-80 faiz büdcəsinə sahib olmaqla rəqiblərlə başabaş mübarizə aparıb avrokuboklara iddia etmək olar.

- Konkret məbləğ demədiniz...

- Futbolla yaxından maraqlananlar nə demək istədiyimi anlayacaq (gülür).

- Sütunu qorumaqdan danışdınız və “Turan Tovuz”un taralı yerinə toxundunuz. Yayda indiki heyəti qorumaq mümkün olacaq?

- Çətin olacaq.

- Yəqin ki, qulağınıza siqnallar çatır.

- Bu gün klub olaraq yüksəlişdəyik. Burada söhbət nəticədən yox, gələcəklə bağlı planların qurulmasından gedir. İstər əsas komanda olsun, istər əvəzedici, istərsə də akademiya. Kifayət qədər gənc var ki, şans qazanır, təcrübə toplayırlar. Biz bu xətlə bir yerə qədər gedəcəyik. Və həmin yerə çatan kimi bizə əlavə maliyyə lazım olacaq. Çünki yüksəlişə doğru çıxdıqca xərclər də artır. Hətta sütunu qorumağımızın özü də vəsait tələb edir.

- Hər şey pulun başındadır, eləmi?

- Əlbəttə. Biz nə qədər “pul vacib deyil” desək də, maliyyə kifayət qədər böyük rol oynayır. Hədəflərə çatan komanda formalaşdırmaq üçün mütləq və mütləq bəlli vəsait lazımdır.

- Heyəti qış fasiləsində gücləndirmək üçün daxılda bir şey qalıb?

- Bu gün klub rəhbərliyi əlavə vəsaitin tapılması üçün dəridən-qabıqdan çıxır. Hətta rəhbərlikdə elə şəxslər var ki, yeni transferlər üçün öz maaşlarından imtina etməyə hazırdır. Düzdür, mən buna heç vaxt razı olmaram. Amma klub və insanlıq adına çox yaxşı haldır. Çünki onlar da evlərinə çörək aparmalıdırlar. Komandanın güclənməsi üçün rayon rəhbərliyinə və imkanlı şəxslərə müraciət ünvanlanıb. İnanıram ki, 1-2 transfer etmək üçün hansısa kömək olunacaq.

- Ölkə kubokunun yarımfinalında “Neftçi”ylə düşməyiniz ürəyinizcə oldu, yoxsa “Zirə”ni arzulayırdınız?

- “Kəpəz”lə oyunun atmosferi elə olmuşdu ki, rəqiblərimizin qarşılaşmasına baxanda hansı ilə düşməyimizi götür-qoy etmirdim. Baxırdım, ikisi də güclü komandadır, hərəsinin özünə görə üstün tərəfləri var. Bir şey dəqiqdir ki, hər ikisi bizdən üstündür və hər iki ilə bizə çətin olacaqdı.

- Tovuzdakı oyundan sonra Laurentsiu Regekampf süni örtüklü meydanı əsas gətirib komandasının oyununun alınmadığını vurğulamışdı. Bu açıqlama sizi güldürdü, yoxsa qıcıqlandırdı?

- Hamı təbii meydanda oynamaq istəyir, elə biz özümüz də. Amma reallıq var. Neçə illərdir bölgələrdə futbolun olmasını deyirdik. Bu gün bölgələrdə böyük futbol var. Uzun ayrılıqdan sonra komandalar Premyer Liqaya qayıdıbsa, hər şey yüksək səviyyədə ola bilməz. Mütləq hansısa çətinliklərlə qarşılaşacağıq. Vaxtilə “Qəbələ”nin hansı meydanlarda olduğunu xatırlayırsınız yəqin. Amma sonradan inkişaf oldu, maliyyə gəldi və gördüyünüz kimi, 10-a yaxın meydança salındı. Lənkərandakı durumu da buna nümunə göstərə bilərik. Krasnodarla Trabzon Rusiya və Türkiyə üçün bölgə sayılır. Amma stadionlarına gedirsən, yüksək səviyyəli şəraitlə qarşılaşırsan. Təkcə meydançaları yox, bölgələrdə ümumi vəziyyəti də yaxşılaşdırmalıyıq ki, legionerlər gəlib ailələri ilə qala bilsinlər. Bu gün kimlərsə Tovuzda, yaxud Gəncədəki şəraitə baxıb “burada futbol oynamaq olmaz” deyirsə, yaxşı, onda ikisini də çıxardaq Premyer Liqadan, yenidən qayıdaq Bakı çempionatına. Bir də ki, məgər Rumıniyada bütün meydançalar əla vəziyyətdədir? Orada təbii örtük adı altında elə meydançalar var ki, süni örtük ondan yaxşıdır.

-Yarımfinal uğurdur, yoxsa uğur finalda oynamaqdır?

- Bu gün yarımfinala yüksəlməyimizin özü uğurdur. Final isə fantastika olar.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA