Bu adam niyə sevilir? - SƏMİMİ MÜSAHİB DEYİR Kİ…

30 Dekabr 2022 16:40 Müsahibə 1 149
Bu adam niyə sevilir? - SƏMİMİ MÜSAHİB DEYİR Kİ…

Premyer Liqada iştirakına icazə verilən və məhdud büdcə ilə hərəkət etmək məcbuuriyyətində qalan “Turan Tovuz”un qış fasiləsinə 6-cı pillədə yollanacağı, üstəlik, ölkə kubokunun yarımfinalına vəsiqə qazanacağı açıq danışsaq, inandırıcı deyildi.

Lakin bölgə təmsilçisi xüsusən doğma meydanda keçirdiyi oyunlarda inamlı təsir bağışlamaqla futbol ictimaiyyətinin diqqətini çəkməyi bacardı.

Hələ ki, vəziyyət pis deyil. Lakin yayda heyəti qorumaq, qış fasiləsində güclənmək, Tovuzda legioner saxlamaqla bağlı suallar çoxları üçün maraqlıdır.

Madam ki, fasilə dönəmidir, yaranmış fürsətdən istifadə edib, “Turan Tovuz”un ünsiyyətcil baş məşqçisi Ayxan Abbasovla səmimi söhbət etmək şansını əldən vermədik.

- Çempionatın ilk yarısını komandanız üçün necə dəyərləndirə bilərsiniz? Yayda düşündüklərinizi qışda gördünüz?

- 9 ildən sonra komandanın Premyer Liqada iştirakına icazə verildi. Birinci Divizionla yüksək dəstə arasında fərq çox böyükdür. Belə bir məqamda, üstəlik, qısa zamanda komandanı Premyer Liqaya hazırlamağın özü böyük çətinlik idi. Səs-küylü transferlər üçün büdcəmiz elə də güniş deyildi. Biz nə etdik?

- Nə etdiniz?

- Bakıda 5 günlük seleksiya məşqləri təşkil edib bizə kömək edə biləcək futbolçuları müəyyənləşdirməyə çalışdıq. Ötən il Birinci Divizionda oynamış komandadan 12-13 futbolçunu heyətdə saxladıq. Bu gün həmin oyunçuların bir neçəsi Premyer Liqada çıxış edir. Bu prosesi başa vurandan sonra tanıdığımız yerli futbolçularla danışıqlara başladıq və şükürlər olsun böyük ölçüdə istəyimizə çatdıq. Son mərhələdə əcnəbi futbolçuların axtarışına çıxdıq və büdcəmizə uyğun olanları tapdıq. Fikrimcə, güvəndiyimiz legionerlərin 90 faizi bu gün “Turan Tovuz”a fayda verməkdədir. Sualınıza ümumi prizmadan baxıb cavab verməli olsam, bəli, yayda planlaşdırdığımız komandanı çempionatın gedişində gördük. Rəhbərliklə söhbətimiz sonuncu pillələrdə olmamaqla bağlı idi ki, qış fasiləsinə qədər istəyimizə çatmışıq.

- 18 oyunda toplanan 17 xal və ölkə kubokunun yarımfinalı...

- Bəlkə də 17 xal kənardan az görünür. Amma digər rəqiblərin xalları hansı əziyyətlə qazandıqlarına və neçə xal topladıqlarına baxsaq, bəli, indiki göstərici bizim üçün qənaətbəxşdir.

- Tovuzda işləmək çətindir?

- Hər bir insan evinə, ailəsinə yaxın olmağı arzulayır. Bunları düşünsək, çətinliklər var və olacaq. Amma bu demək deyil ki, Bakı klublarında işləmək asandır. Hər yerin özünə görə çətinliyi və rahatlığı var. Tovuzda çətinliklərlə yanaşı, üstün cəhətlər də var.

- Üstün cəhətlər nələrdir?

- Ən böyük üstünlük Tovuzun futbol ictimaiyyətinin futbolu bilməsi və sevməsidir. Rəhbərlik başda olmaqla sıravi azarkeşə qədər – hər kəs komandanın uğur qazanmasını arzulayır və bunun üçün əlindən gələni etməyə çalışır. Bu gün Tovuzun futbol veteranları, akademiyada çalışan məşqçiləri, stajlı azarkeşləri hər zaman “Turan Tovuz”un yanında və arxasında olduğunu hiss etdirir. Çətinliklərimizi başa düşüb, qəbul edirlər. Başa düşürlər ki, bugünkü imkanımız Premyer Liqanın iddialı komandaları ilə başabaş mübarizə aparmağa imkan vermir.

- Legionerləri Tovuzda necə saxlayırsınız? Məsələn, Londonda doğulub-böyüyən Natan Oduvanı.

- Ən böyük üstünlüyümüz hələ bura gəlməmiş onlara reallığı deməyimiz oldu. Real durumu izah etdik, onları gözləyən mümkün çətinlikləri dedik. Və hər biri başa düşüb, qəbul edib gəldi. Mən bir şeylə razı deyiləm.

- Nə ilə?

- Azərbaycana gələn legionerləri Bakını görən kimi Bakını arzulayırlar. Amma onların yaşadığı, böyüdüyü yerləri öyrənəndə və ya biləndə... Legionerlərin çoxu öz ölkəsində paytaxtda yox, bölgələrdə yaşayır. Bu gün bizim rayon və şəhərlərimiz onların yaşadığı bölgələrdən heç də aşağı səviyyəli deyil. Legionerlərimiz üçün ən böyük çətinlik ailələrinin yanlarında olmamasıdır. Ailələri yanlarında olsa, bəlkə bu qədər darıxmazlar. İlk telefon danışığından başa salmışdıq ki, kimsə inkişafını və futbolu düşünürsə, gələ bilər.

- Futbolçuların sizi sevməsini başa düşürəm, münasibət və yanaşma tərzinizə bələdəm. Maraqlıdır ki, eyni hörməti sizə Tovuzun futbol ictimaiyyəti, klubda çalışanlar, veteran futbolçular da göstərir. Nədir bu sevginin resepti?

- Nə bilim, vallah. Nə deyim axı?

- Məsələn, Tərlan Əhmədov Gəncədə sevilmir. Heç Yaşar Vahabzadəyə də rəğbət bəslənilmirdi.

- Özümü başqa məşqçilərlə müqayisə etməyin tərəfdarı deyiləm. Belə bir şeyi xoşlamıram. Sırf özümdən danışmalı olsam, qeyri-adi heç nə etməmişəm. Olduğum kimiyəm, insanlara qarşı səmimiyəm, fikirləşdiyimi, düşündüyümü deyirəm. Yəqin ki, buna görə insanlarla dil tapmaq mümkün olur. Tovuzda karyerası zəngin futbolçular olub. Bu gün həmin şəxslərdən əksəriyyəti “Turan Tovuz”da çalışır. Akademiyamızda işləyən məşqçilərin hamısı Tovuzun futbol veteranlarıdır. Bu, ölkəmizdə nadir hallarda rast gələ biləcəyiniz faktdır. Bilmirəm, bəlkə də belə bir şey yoxdur heç. Bu insanlar 9 il əziyyət çəkib, komandanın Premyer Liqaya yüksələcəyi günü səbrsizliklə gözləyib. Bu gün çətinliklərimiz olsa da, hamı gələcəyə ümidlər baxır. Və inanıram ki, yaxın gələcəkdə Ayxan Abbasovdan yox, Tovuzdakı futbol meydançalarının sayından danışacağıq. Bunun üçün hər cür imkan var, çatışmayan maliyyədir.-

(davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti