“Neftçi“nin sevimlisi illər sonra İLGİNC FAKTIN üstünü açdı

19 İyun 2022 20:00 Müsahibə 3 020
“Neftçi“nin sevimlisi illər sonra İLGİNC FAKTIN üstünü açdı

“Neftçi”nin çempionluqları sıralayıb ölkə kubokunu rəqiblərinə güzəşt etmədiyi dönəmlərdə komandanın aparıcı fiqurlarından biri də Bahodir Nasimov idi.

“Ağ-qaralar” onu “Rubin”dən 1 illiyə icarəyə götürüb, daha sonra tamhüquqlu sahibinə çevrilmişdi.

Ösbəkistanlı "14 nömrə” əzmkarlığı və fiziki gücü hesabına qolları sıralamaqla azarkeşlərin sevgisini qazanmağı bacarmışdı.

“Neftçi”nin formasında meydana çıxdığı 103 oyunda rəqib qapılarına 41 dəfə yol tapan Nasimov sonradan “Keşlə”də görünsə də, ümidləri doğrultmadı.

İran “Padideh”i ilə Koreya “Ansan Greeners”in heyətində də “vuran ayağ”a çevrilməkdə çətinlik çəkdi.

35 yaşlı Bahodir indi karyerasının son çağlarını yaşayır, ölkəsinin aparıcı komandalarından olan “Soqdiana”nın formasını qoruyur. Səbəbkarla söhbətdə ötən illərə boylanıb, xatirələri yada salmaq yerinə düşdü.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/142624.html)

- O vaxt “Neftçi”nin futbolçularına yerli və xarici klublardan təkliflər gəlirdi. Sənə görə də müraciət edənlər olmuşdu, səhv etmirəmsə.

- Var idi, var idi. Düzdür, təkliflər mənə yox, kluba gəlirdi. Bilirəm ki, o vaxt Polşa klubu “Neftçi”yə konkret təklif göndərmişdi. Tahir müəllim də o vaxt mətbuata açıqlamasında demişdi ki, Flavinyo ilə Bahodiri satmaq fikrimiz yoxdur (klubun sabiq vitse-prezidenti Tahir Süleymanov – H.). Bunu təklif göndərən klublara da bildirirdilər. Çünki “Neftçi” bizdən məmnun idi, biz də “Neftçi”dən. Başqa klub haqda düşünmürdük.

- “Xəzər Lənkəran”dan təklif gəlmişdi?

- Bu haqda məlumatım yoxdur.

- Sərfəli təklif olsaydı, əzəli rəqibin heyətində “Neftçi”yə qarşı oynayardın?

- Həmin vaxt Sadıq Sadıqovla Tahir Süleymanov nə məsləhət görsəydi, elə də edərdim. Sadıq müəllim bizim üçün təkcə prezidenti yox, həm də böyük qardaş, yeri gələndə ata əvəzi idi. Birimizin əhvalı yerində olmayanda yanına çağırıb soruşardı, maraqlanardı. Kiminsə problemi olanda dərhal həll olunmasına tapşırıq verərdi. İndiyə qədər onun kimi möhtəşəm klub prezidenti görməmişəm.

- Çempionluqları sıralayan, ölkə futbolu tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanan, rəqiblər üçün qorxulu röyaya çevrilən “Neftçi”dən əsər-əlamət qalmayıb indi. Sadıq Sadıqov futboldan uzaqlaşıb, Tahir Süleymanov işsizdir, Güloğlan Cabbarov başqa sahədə çalışır, Böyükağa Hacıyev dünyasını dəyişib, Mirhüseyn Seyidov futbolsuz qalıb, çiyin-çiyinə oynadığın futbolçular başqa komandaların şərəfini qoruyur. Yadına düşəndə nə hisslər keçirirsən?

- Tez-tez yadıma düşür. Bəzən “Neftçi”nin indiki nəticələrinə baxıb bir təhər oluram. O vaxtkı “Neftçi” futbol klubu yox, bildiyiniz ailə idi. Mirhüseynlə Ruslan Əmircanovla danışıram, ötən günləri yada salıb təsirlənirik. Tahir müəllimlə arada “feysbuk”da yazışırıq, maraqlı paylaşımlar edir, oxuyuram. Adlarını sadaladığınız insanlar Azərbaycan futbolu üçün çox şeylər edib. Heyf bu gün vəziyyət acınacaqlıdır. Kaş, yenə əvvəlki günlər olardı, “Neftçi” əzəmətini qaytarardı. Sadıq Sadıqovla Tahir Süleymanov mütləq futbol sahəsində işləməli, təcrübələrini gənc nəsillərə bölüşməlidir.

- 2018-ci ildə 4 illik fasilədən sonra yenidən Azərbaycana qayıtsan da, “Keşlə” karyeran uğurlu alınmadı.

- O vaxt məndən niyə qol vurmadığımı soruşurdular. Mən də cavab verirdim ki, oynamıramsa, qolu harda vurum? Necə vurum? Əcnəbi məşqçi idi, oynatmaq istəmirdi (Mladen Milinkoviç – H.). Yeni gələn hücumçudan qol istəyirsənsə, azı 2-3 matç 90 dəqiqə şans vernəlisən ki, qol tələb edəsən.

- 2018-in oktyabrında Milinkoviçi Tərlan Əhmədov əvəzlədi. Lakin “Neftçi”dən yaxşı tanıdığın məşqçi də sənə şans vermədi.

- Bəli, tanıyırdı, yaxşı tanıyırdı. Amma o da oynatmadı. Fikrimcə, həmin vaxt bu kimi məsələləri başqa adamlar həll edirdi. Məncə, Tərlan müəllimdən olsaydı, bir neçə oyunda mənə şans verərdi.

- Maraqlı iddiadır. Baş məşqçi söz sahibi deyildisə, kim idi?

- Bu, mənim fikrimdir. Bu cür ehtimal edirəm. Kimin həll etdiyini isə deyə bilməyəcəyəm. Nə isə, mövzunu bağlayaq. Keçmişi qurdalamaqla onsuz da ortaya heç nə çıxmayacaq. Azərbaycan mənim üçün doğma diyardır və ömrümün sonuna qədər də belə olacaq. Vaxt tapım, mütləq Bakıya gedəcəyəm. İnşallah, görüşərik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti