“Neftçi”də ən çox bunu qazandım” – Mpenzaya “dərs” keçən hücumçu “Sportinfo”ya danışdı

17 İyun 2022 20:40 Müsahibə 1 724
“Neftçi”də ən çox bunu qazandım” – Mpenzaya “dərs” keçən hücumçu “Sportinfo”ya danışdı

“Neftçi”nin çempionluqları sıralayıb ölkə kubokunu rəqiblərinə güzəşt etmədiyi dönəmlərdə komandanın aparıcı fiqurlarından biri də Bahodir Nasimov idi.

“Ağ-qaralar” özbəkistanlı hücumçunu “Rubin”dən 1 illiyə icarəyə götürüb, daha sonra tamhüquqlu sahibinə çevrilmişdi.

“14 nömrə” əzmkarlığı və fiziki gücü hesabına qolları sıralamaqla azarkeşlərin sevgisini qazanmağı bacarmışdı.

“Neftçi”nin formasında meydana çıxdığı 103 oyunda rəqib qapılarına 41 dəfə yol tapan Nasimov sonradan “Keşlə”də görünsə də, ümidləri doğrultmadı.

İran “Padideh”i ilə Koreya “Ansan Greeners”in heyətində də “vuran ayağ”a çevrilməkdə çətinlik çəkdi.

35 yaşlı Bahodir indi karyerasının son çağlarını yaşayır, ölkəsinin aparıcı komandalarından olan “Soqdiana”nın formasını qoruyur.

Səbəbkarla söhbətdə ötən illərə boylanıb, xatirələri yada salmaq yerinə düşdü.

- “Soqdiana”da işlərin necə gedir? Baxıram, bu il 3 oyunda cəmi 39 dəqiqə oynamısan.

- Hər şey yaxşıdır, şükür. Elədir, bu il bir az şans qazanıram. Amma öncəki 2 ildə mütəmadi forma geyinirdim. Çempionat yeni başlayıb, yəqin ki, təcrübəmlə komandaya fayda verərəm.

- Bəlkə karyeranı başa vurmağın vaxtı çatıb.

- Məncə, futbolda yaş yox, orqanizm vacib şərtdir. Adam var, gücü 38-40 yaşına qədər oynamağa imkan verir, adam da var ki, 32-33 yaşında gücü tükənir. Bu gün məşqlərdə özümü heç kimdən zəif görmürəm, bütün normativləri yerinə yetirirəm. Ona görə də bu gün “Soqdiana” kimi komandadayam. Görsəm ki, gücüm qalmayıb, özüm çıxıb gedəcəm. Hələ 2 il oynamaq istəyirəm.

- Karyeranın ən gözəl illəri “Neftçi”də olub. 12 ildə 10 fərqli komandanın sıralarında olmusan, lakin buradakı məhsuldarlığı heç yerdə göstərə bilməmisən.

- Yaralı yerimə toxundun. Bu haqda tez-tez özüm də düşünürəm. Həmin illəri gözlərimin önünə gətirib yenə qayıtmasını istəyirəm. Amma həyat belədir, ötən illəri qaytarmaq olmur. Nə gizlədim, “Neftçi”də çox rahat idim. İlk gündən əsas heyətdə şans qazandım, qolları sıraladım və özümə qarşı inam formalaşdırdım. Mütəmadi oynayırdım, sabitlik var idi. Hücumçu daim oynayanda məhsuldar ola bilir. Bir az “axsadısa” problem yaranır.

- İran, Koreya, Özbəkistan – heç birində etimad qazana bilmədin?

- Yox, niyə ki?! Həm İranda, həm də Koreyada komandamın aparıcı futbolçularından idim. “Bunyodkor”da, “Soqdiana”dakı öncəki 2 ildə də həmçinin. Problem ondaydı ki, daim hücumun sivri ucunda şans verilmirdi. Gah sağ cinah yarımmüdafiəçisi kimi çıxış edirdim, gah hücumçunun arxasında oynayırdım. Bəzən də 1-2 oyun qol vurmayanda növbəti matçların bəzilərində ehtiyatda qalırdım. Bu isə istər-istəməz psixologiyama təsir edirdi.

- Özündə günah görmürsən?

- Günahın böyüyü elə özümdədir. Daha çox oynayıb, daha çox qol vurmuramsa günah məndədir. Məşqçilər güclünü kənarda saxlamır. Demək ki, həmin an üçün ən güclü ola bilməmişəm, məndən güclülər olub. Bir də ki, 90 dəqiqə oynadığım matçlarda qol vura bilmədiyim anlar olub. Bunun məsuliyyətini də mən daşıyıram.

- “Neftçi” sənə ən çox nə qazandırdı? Məşhurluq, təcrübə, yoxsa pul?

- Hamısını. Amma ən çox qazandığım məşhurluq oldu. İndi hardasa karyeramdan söz düşəndə “Neftçi”dəki illərim xatırlanır. Bu, mənim üçün böyük fəxrdir. O boyda “Rubin”də oynadım, İranda, Koreyada, amma heç kim həmin komandalar barədə danışmır. Ancaq “Neftçi”nin adı çəkilir.

- Sən Emil Mpenza kimi dünya ulduzuna qol vurmağın yollarını öyrətmiş futbolçusan...

- (gülür) O qədər də şişirtməyək.

- Mpenza çempionatdakı 23 oyunda 6, sən 28 qarşılaşmada 15 qol vurmuşdun.

- Təbii, unudulmaz günlər idi. Dostlarla keçmişə boylananda həmin anlar yada düşür. Emil çox güclü forvard idi, sadəcə, mən komandaya daha tez qoşulmuşdum, təlim-məşq toplanışlarında iştirak etmişdim. Ona görə də rahat idim. Üstəlik, yerli mentalitetə tez öyrəşdim, hamı ilə dostlaşdım. Mpenza ilə bir çox oyunlarda eyni anda meydanda olurduq, bir-birimizə kömək edirdik.

- Azərbaycandakı günlər üçün darıxırsan?

- (dərindən ah çəkir) Darıxırsan da sözdür, həm də necə.

- Bəs, niyə gəlib-getmirsən?

- Açığı, bir ara gəlmək istəyirdim, koronavirus imkan vermədi. İndi də mümkün deyil. Bizdə çempionat yaz-payız sistemində keçirilir deyə, yayda heç yerə gedə bilmirik. Çempionat oyunları var, üstəlik Asiya kubokunun görüşləri. Amma mütləq gedəcəm. Çünki Bakıda dostlarım var, çağırırlar, gözləyirlər.

- O vaxt “Neftçi”nin futbolçularına yerli və xarici klublardan təkliflər gəlirdi. Sənə görə də müraciət edənlər olmuşdu, səhv etmirəmsə.

- ... (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti