Azərbaycanda futbolçu kimi unuduldu, blogger kimi məşhurlaşdı – Nə qədər pul qazanır?

16 İyun 2022 20:40 Müsahibə 1 542
Azərbaycanda futbolçu kimi unuduldu, blogger kimi məşhurlaşdı – Nə qədər pul qazanır?

Nuqzar Kvirtiya vaxtilə ölkəmizdə futbolçu kimi tanınırdı.

Vaxtilə AZAL-ın uğurları üçün tər tökmüş gürcüstanlı yarımmüdafiəçi meydandakı bacarığı ilə azarkeşlərin rəğbətini qazanmağı bacarmışdı.

AZAL-la “Turan”ın heyətində 200-ə yaxın oyunda meydana çıxmış Nuqzar 33 yaşında karyerasını başa vurdu.

O vaxtdan sosial şəbəkələrdə aktivliyi ilə seçilən sabiq futbolçu indi “tik-tok” fenomenlərindən hesab olunur. Siyahıya “instagram”la “feysbuk”u da əlavə edə bilərik.

Futbolçu kimi məşhurlaşmayan Kvirtiya indi insanların çox olduğu məclis-yığıncaqlarda ön planda olur

. Dövlət əhəmiyyətli tədbirlərə də yuxarı başda yer alan bloggerlə söhbətləşmək xeyli vaxtdır planda olsa da, “Formula-1”in başa çatmasından dərhal sonra baş tutdu.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/142455.html)

- Nə qədər ödəyirlər?

- Ailəmi dolandırmağa və akademiyanı saxlamağa kifayət edir (gülür).

- Müqaviləni hansı əsasla bağlayırsan? Paylaşım sayına görə, yoxsa illik?

- Hər iki cür ola bilər. Bu, qarşı tərəfin istəyindən asılıdır. Məsələn, 5-10 günlük hansısa əhəmiyyətli tədbirdir. Təbii ki, onlar mənimlə illik yox, paylaşım sayına görə razılığa gəlməlidirlər. Sifarişçinin istəyini soruşuram, hansı qiymətə razılığa gəlmək istədikləri ilə maraqlanıran, yekunda öz qiymətimi deyirəm. Məsələn, “hekayə” bölməsində bir neçə, əsas səhifəmdə 1-2 paylaşımın qiyməti daha münasib olur. Çünki burada ciddi əməkdaşlıqdan söhbət gedir. Yox, cəmi 1 paylaşım istəyirlərsə, belədə qiymət yüksək olur. Və qazandığım pulun qarşılığında dövlətə vergi ödəyirəm.

- Bir müqavilənin dəyəri 3-4 min manat olur?

- Bu və daha yuxarı məbləğ uzunmüddətli müqavilələr zamanı olur. Yox, birdəfəlik əməkdaşlıqdırsa, onda məbləğ aşağı olur.

- 1000 manat?

- Ona yaxın deyək.

- Bir dəfə tədbirə getdin, qayıdıb gəlib bir neçə video hazırlayıb paylaşdın və 1000 manatını qazandın.

- Bəli, təxminən bu cür. Amma bu iş dildə dediyin qədər də asan deyil. Hər sənətdə olduğu kimi, bloggerlikdə də çətinliklər var. Elə vayn hazırlamalısan ki, insanlar tərəfindən maraqla qarşılansın, nifrət qazanmasın. Hər nüansda seçimin dəqiq olmalıdır.

- Blogger kimi daha çox məşhursan, nəinki futbolçu kimi. Razısan?

- Bayaq dediyim söhbətə qayıdıram yenə. O vaxt sosial şəbəkələr bu dərəcədə aktiv deyildi, bu qədər izləyici kütləsi yox idi. Futbolçu karyeramda 4 fərqli ölkədə oynamışam və hər birində diqqət mərkəzində olmuşam. Çünki texnikalı oyun sərgiləyirdim və insanlar bunu bəyənirdi. AZAL avrokuboklara vəsiqə qazanan mövsümdə hər tur simvolik komandada yer alırdım, komandanın tarixində ən çox qol vurmuş futbolçu kimi qalmışam. Amma bu faktlardan danışan yoxdur indi. Daha çox bloggerliyim diqqət mərkəzindədir. Çünki dövrün tələbi budur, aktual mövzudur. Sadə bir nümunə deyim.

- Buyur.

- Azərbaycanın mini-futbol yığması Slovakiyadan Avropa çempionu kimi qayıtdı. Komanda orada olduğu müddətdə sosial şəbəkələrdən dəstəyi gördünüz? Hamı ancaq millidən danışır, millini kuboka səsləyirdi. Bu da istər-istəməz komanda üzvlərinə motivasiya verirdi. Bu, 10-15 il əvvəl olsaydı, necə olardı? 1-2 telekanal göstərəcəkdi, imkanı olan baxacaqdı, olmayan şansı qaçıracaqdı. 1-2 qəzet, 1-2 sayt yazacaqdı, vəssalam. Ancaq indi elədir ki, “tik-tok”u, “instagram”ı açırsan böyük əksəriyyət millinin uğurundan yazır.

- Blogger kimi məşhurlaşdığının fərqindəsən?

- Təbii ki. Xanımımla mərkəzdə gələndə yaxınlaşıb şəkil çəkdirmək istəyənlər çox olur. İndiki gənclər daha çox “tik-tok”dan tanıyırlar məni. Sosial şəbəkələrlə bağlı müxtəlif suallar verirlər.

- Özün də mini-futbol oynayırsan. Nə əcəb təbliğat məsələsi baxımından milli ilə Slovakiyaya getməmişdin?

- Yığmadakı futbolçuların demək olar hamısı ilə şəxsən tanışam. Çünki liqada bir-birimizə qarşı oynayırıq. Açığı, Slovakiyaya getmək söhbəti var idi, danışığımız olmuşdu. Sadəcə, bir qədər gecikdim. Mən müraciət edəndə artıq səfər siyahısı hazırlanıb, təqdim olunmuşdu. Çox çalışsam da, adımı əlavə edə bilmədim. Azarkeş qismində orada olmağı çox istəyirdim.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!