“Mahirin saç ustası dostum idi, eyni salondayıq” – Avropadan gələn XƏBƏRDARLIĞA DİQQƏT!

20 Aprel 2022 13:00 Müsahibə 1 668
“Mahirin saç ustası dostum idi, eyni salondayıq” – Avropadan gələn XƏBƏRDARLIĞA DİQQƏT!

Vaxtilə ölkə futbolunun xoş gələcək vəd edən futbolçularından biri də Pərvin Paşayev idi.

Azərbaycanın əsas millisi xaric, bütün yaş qruplarından ibarət yğmalarında oynamış, “Qəbələ”, “Muğan”, “Kəpəz”, “Rəvan” kimi komandaların şərəfini qorumuşdu.

Yarımmüdafiə xətində ağıllı oyunu və texnikası ilə seçilirdi.

Lakin bir çox futbolçular kimi o da küsdürüldü, soyuq münasibətin qurbanı oldu və illərdir ona doğmalaşan yaşıl meydanla topu bərbər salonu ilə qayçı-darağa dəyişməli oldu.

Pərvin xeyli müddətdir qərib ölkədə - Polşada yaşayır. Orada saç ustaçı kimi çalışır, avropalıların saçını düzənə salır.

Paşayevi tapmaq çətin olmasa da, danışdırmaq müşkülə çevrilmişdi. Futbol mövzusunda danışmaq istəmirdi ki, bunu da anlayışla qəbul edirdim.

Yekunda Sportinfo.az-ın suallarını cavablandırmağa razı sala bildim.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/138075.html)

- Son zamanlar Azərbaycandan Polşaya axın çoxalıb. Xüsusən də usta və sürücü işinə tələbat var. Viza almaq bu qədərmi asandır?

- Xeyr, əksinə, çox çətindir. Viza almaq rahat bir şey deyil. Bilirsiniz necədir? Azərbaycandan Polşaya gəlmək üçün il ərzində tutaq ki, 50-60 min nəfər müraciət edir. Onlardan 50-60 nəfər istəyinə çata bilir. Və həmin 50-60 nəfərin əks-sədası tez yayılır. Viza ala bilməyənlərin çoxu susur, qabartmır, amma Polşaya gələnlər haqda danışılır. Ona görə də kənardan sanki viza hər kəsə verilirmiş kimi görünür.

- Amma futbolçular vizanı rahatlıqla ala bilir.

- Elədir. Müəyyən güzəştlər var ki, onlar nəzərə alınır. Fürsətdən istifadə edib bu gün Azərbaycanda futbolla məşğul olan gənclərə səslənmək istəyirəm. İmkanları, əlaqələri varsa, vaxtında özlərinə gün ağlasınlar. Nə qədər ki cavandırlar, Avropaya yollansınlar. Eybi yox, 2-ci, 3-cü liqa olsun, lap 4-cü – problem deyil. Təki göz qabağında olsunlar, normal şərait görsünlər, sağlam futbol mühitinin nə olduğunu anlasınlar. 1-2 il əziyyət çəkib, bəhrəsini mütləq görəcəklər.

- Azərbaycan futbolu bataqlıqdır fikrindəsən...

- Polşaya yeni gəldiyim vaxtlarda dostumun vasitəsi ilə Polşanın 4-cü liqa komandasının məşqlərində iştirak etmişdim. Sırf marağa, elə-belə, özümü yoxlamaq üçün getmişdim. Belə deyim, istəməyərəkdən olmuşdu. Sadəcə, buranın 4-cü liqasının səviyyəsinə, şəraitinə baxmaq istəyirdim. 2 illik futbolsuzluqdan sonra məşqə çıxdım, stadion və baza ilə tanış oldum, inanırsınız, şoka düşmüşdüm.

- Niyə?

- 4-cü liqadakı şəraiti və peşəkarlığı, idmançılara münasibəti gördüyümə görə. 33 yaşımda iki məşqə çıxdım, baş məşqçi komandada qalmalı olduğumu dedi. Dedim, yox, alınmayacaq, öz sənətim var, artıq onunla məşğul olmaq istəyirəm, mənim üçün futbol bitib.

-Yenə küskünlük?

- Həm küskünlük var, həm də iki işdə alınmayacaqdı. Futbolu çox sevirəm, bilirəm ki, yenidən oynamağa başlasaydım, bərbərliyə qarşı soyuyacaqdım. Heç cür alınmayacaqdı. Hələ bu 4-cü liqa komandasıydı. Yüksək dəstədə, lap 1-ci liqada şərait və səviyyə necədir, onu sözlə təsvir etmək mümkün deyil.

- Polşanın aşağı liqalarında çox sayda azərbaycanlı futbolçu top qovur. Onlarla münasibətin, əlaqən var?

- Açığı, məlumatım yoxdur. Hansı klublarda oynadıqlarını da bilmirəm. Futbolla yaxından maraqlanmıram deyə, çox şeydən xəbərsizəm.

- Mahir Emreli “Legiya”da oynayanda, onunla da maraqlanmırdın?

- Mahirlə münasibətim var idi. Maraqlanırdım, görüşürdük, hətta 1-2 dəfə yanına da getmişdik.

- Saçına əl gəzdirmişdin?

- (gülür) Yox-yox, Mahirin saç ustası dostum idi. Eyni salonda işləyirik.

- Dostun haralıdır?

- Azərbaycanlıdır. Neçə illərdir dostluq edirik.

- Azərbaycana qayıtmaq fikrin yoxdur?

- Düzünü desəm, yox. Gəzmək, yaxınlarıma baş çəkmək üçün gedərəm, amma yaşamaq üçün bura rahatdır. Madam ki, fürsət düşüb, Azərbaycandakı yoldaşlarıma və məni tanıyanlara salam göndərirəm. Diqqət yetirdiyiniz üçün sizə təşəkkür edirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!