Polşada bərbərlik edən azərbaycanlı futbolçu "Sportinfo"ya nələr danışdı?

19 Aprel 2022 16:40 Müsahibə 1 831
Polşada bərbərlik edən azərbaycanlı futbolçu "Sportinfo"ya nələr danışdı?

Vaxtilə ölkə futbolunun xoş gələcək vəd edən futbolçularından biri də Pərvin Paşayev idi.

Azərbaycanın əsas millisi xaric, bütün yaş qruplarından ibarət yğmalarında oynamış, “Qəbələ”, “Muğan”, “Kəpəz”, “Rəvan” kimi komandaların şərəfini qorumuşdu.

Yarımmüdafiə xətində ağıllı oyunu və texnikası ilə seçilirdi.

Lakin bir çox futbolçular kimi o da küsdürüldü, soyuq münasibətin qurbanı oldu və illərdir ona doğmalaşan yaşıl meydanla topu bərbər salonu ilə qayçı-darağa dəyişməli oldu.

Pərvin xeyli müddətdir qərib ölkədə - Polşada yaşayır. Orada saç ustaçı kimi çalışır, avropalıların saçını düzənə salır.

Paşayevi tapmaq çətin olmasa da, danışdırmaq müşkülə çevrilmişdi. Futbol mövzusunda danışmaq istəmirdi ki, bunu da anlayışla qəbul edirdim.

Yekunda Sportinfo.az-ın suallarını cavablandırmağa razı sala bildim.

- Polşada vəziyyət necədir?

- Şükürlər olsun, hər şey yaxşıdır. Başımı aşağı salıb işimi görürəm.

- Azərbaycanı çoxdan tərk etmisən?

- Ötən ilin yayında. 1 il olacaq.

- Məcbur qalıb getdin, yoxsa Avropa marağı səslədi?

- Hər ikisi deyərdim. Amma daha çox məcburiyyətdən. Azərbaycanda çətinliklər vardı, sıxıntı çox idi. Qalıb nə edəcəkdim? Allah yaxşı qardaşların canını sağ eləsin, onların köməyi sayəsində gəldim.

- Futbola bağlı adamlardır?

- Onlar də nə vaxtsa futbolda olub, sonradan uzaqlaşıblar.

- Bildiyimə görə, bərbər kimi çalışırsan.

- Elədir.

- Neçə vaxtdır?

- Açığı, hələ Bakıda olanda başlamışdım. Həvəsim var idi deyə, yaxın dostumun yanında öyrənməyə başlamışdım. O vaxt nə vaxtsa peşəkar olacağımı ağlımdan keçirmirdim. Sadəcə, həvəsim, marağım vardı. Yekunda futboldansa saç ustalığının arxasınca getməli oldum.

- Top dalınca qaçdığın dönəmlərdə də qayçı-darağa marağın vardı?

- Bu işə marağım həmişə olub. Amma peşəkar səviyyədə məşğul olacağıma inanmırdım. Şükürlər olsun ki, alındı və buna görə peşman deyiləm.

- Futbolsuz qaldığına görə bu sənəti seçdin?

- Futbolsuz qaldım deməzdim. Futboldan iyrəndiyim üçün sənəti dəyişməli oldum.

- İyrəndin, yoxsa iyrəndirdilər?

- İyrəndirdilər. Tək mən deyiləm, mənim kimi neçə uşaq futboldan uzaq düşməyə məcbur etdilər. Amma digər tərəfdən onlara buna görə təşəkkür etməliyəm. Vaxtında iyrəndirdilər deyə hərə bir tərəfə üz tutdu və bu gün Azərbaycan futbolunun içində deyilik. İndi biri taksi sürür, o biri ustalıq edir. Onsuz da bu gün futbolun səviyyəsi də yüksək deyil. Hərə bir yolla çörəkpulu qazanmağa çalışır.

- Sonuncu rəsmi oyunun yadına gəlir?

- 2018/19 mövsümünün ilk yarısını “Qaradağ Lökbatan”da oynadım, Həbib Ağayevin baş məşqçi olduğu dönəm idi. Oradan ayrılandan sonra uzaqlaşdım futboldan. Bakıda bərbərliklə məşğul olmağa başladım.

- Saç ustalığında dolanışıq necədir?

- Bu günümüzə şükür. Naşükürlük edə bilmərəm. Hər halda Azərbaycana baxanda burada vəziyyət yaxşıdır. Adamın ürəyi də açılır gördüyün işə baxanda, onun nəticəsini görəndə.

- Maaşını soruşmayacağam. Polşadakı aylıq gəlirin Azərbaycan Premyer Liqasında təklif olunan ortabab aylıq maaş qədər var?

- Belə deyim, Azərbaycandakına nisbətən yaxşı dolanırsan. Müqayisə aparmağım düzgün olmaz. Açığı, bu dəqiqə futboldakı maaşlardan xəbərim yoxdur.

- Müştərilərin azərbaycanlılarla türklərdir, yoxsa yerlilər də olur?

- Əksinə, demək olar hamısı polyaklardır.

- Müştəri toplamaq, bacarığını ortaya qoymaq çətin olmadı?

- Hər bir işin başlanğıcında çətinlik var. İşləməsən, əziyyət çəkməsən, nəticə görmərsən. Əlbəttə, müəyyən dönəmdə müəyyən çətinliklər oldu. Sonradan yoluna düşdü. Varşavadayam, insanların çox olduğu yerdə.

- Müştərilərlə hansı dildə danışırsan?

- Polşa dilində. Tam olmasa da, müəyyən qədər danışıram. Əsasən işimlə bağlı terminləri bilirəm. Başa düşürəm və başa salıram.

- Vaxtilə yaşıl meydanlarda yaradıcılıqla məşğul idinsə, indi başda əl işini göstərirsən. Hansında daha effektlisən?

- Futbol uşaqlıqdan könül verdiyim və illərlə məşğul olduğum sənət olduğu üçün, fikrimcə, orada daha yaxşı idi. Təəssüf ki, sona qədər futbolda qalıb bacarığımı ortaya qoya bilmədim. Bəzən oturub fikirləşirəm, günah təkcə futbolun başında oturanlarda deyil.

- Kimdədir bəs?

- Özümdə. İnsanın siyasəti olmalıdır. Futbolda, yaxud başqa sənətdə - fərq etməz. Kimin yanında nə danışmaq lazımdır, hansı anda hansı qərarı vermək lazımdır, bu adamla necə rəftar etməlisən, filankəsə necə yanaşmalısan – bunları bilmək və əməl etmək mütləqdir. Bunları sonradan başa düşdüm.

- Son zamanlar Azərbaycandan Polşaya axın çoxalıb. Xüsusən də usta və sürücü işinə tələbat var. Viza almaq bu qədərmi asandır?

- ... (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!