Azərbaycan klubu ilə müqavilə bağladı, ŞOK AÇIQLAMALAR VERDİ!

26 Fevral 2022 20:00 Müsahibə 2 388
Azərbaycan klubu ilə müqavilə bağladı, ŞOK AÇIQLAMALAR VERDİ!

Vaxtilə adlı-sanlı klublarda yetişmiş futbolçuların yolu nə vaxtsa Azərbaycandan keçir.

Belələri Avropada özünə yer edə bilməyən, bəxtsizlik, yaxud zədə səbəbindən vaxtilə birlikdə məşq etdiyi ulduz futbolçulardan uzaq düşənlərdir.

Kimisə bura pul dalınca gəlir, kimisini avrokubokda oynamaq arzusu dartır, eləsi də var ki, Azərbaycan çempionatından tramplin kimi yararlanmağı düşünür.

İstənilən halda bu sort futbolçular biz jurnalistlər üçün “çörək”dir. Çünki keçmişdən və indidən danışmaq üçün mövzu çox, sual bol olur. Bəzən heç vaxt eşitmədiyimiz məlumatları əldə etmək imkanı qazanırıq.

Elə “Keşlə”nin yeni transferi Natan Oduva da belələrindəndir. “Tottenhem”in akademiyasında yetişən, Şotlandiya nəhəngi “Reyncers”in heyətində 19 oyunda şans qazanan, “Olimpiya”da Sloveniya çempionu olan, “Dandalk”la İrlandiya kubokuna yiyələnən əslən nigeriyalı hücumçu.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/134146.html)

- Niyə?

- Sosial media üzərindən bəzilərini izləyirəm. Lakin şəxsi əlaqələrimiz yoxdur. Bilirsiniz, insan yüksəyə doğruya hərəkət etdikcə, daha çox həmin yüksəklikdəki adamlarla əlaqə qurur, dostluq edir. İndi onlar İngiltərə Premyer Liqasında oynayır, mən isə Azərbaycandayam.

- “Tottenhem”in akademiyasının yetiş, “Reyncers”də 19 oyuna çıx, Sloveniya çempionu ol, İrlandiyada ölkə kubokunu qazan, axırda gəlib çoxlarının tanımadığı Azərbaycan çempionatının ortabab komandasında oyna. Günahkar futbolun sirlərini sənə düzgün öyrətməyən “Tottenhem”dir, yoxsa vaxtında doğru qərarlar verməyən özün?

- “Tottenhem” məzunu olandan Azərbaycana gələnə günə qədər bir çox çətinliklər olub. Bunları bir-bir sadalayıb xırdalıqlara varmaq uzun zaman tələb edir. Hər şeydən əvvəl 10 il “Tottenhem”də olduğum üçün Tanrıya təşəkkür edirəm. Başlıca səbəb bilirsiniz nədir? Ya uşaq vaxtı mənim üçün doğru ünvanın seçilməməsi, ya da düzgün mövqedə oynadılmamağım. “Tottenhem”də yetişən cinah hücumçularına fikir verin. Demək olar hamısı bəstəboy və sürətlidir. Mənimlə birgə yetişən bu xüsusiyyətli futbolçular əsas komandaya qədər yükələ bildi. Mən isə fərqli tip futbolçuyam. Bəlkə də bitirici hücumçu mövqeyində oynadılsaydım, hər şey başqa cür olardı. Bir də ki, meydanda sərbəst olmağı xoşalyıram, “burdan o tərəfə getmə” tapşırığı veriləndə oynaya bilmirəm. Səbəblər çoxdur.

- Deməli, vaxtında “Tottenhem”i başqa kluba dəyişməliydin.

- Tam razıyam. Meydandakı yerimi tapana qədər çox vaxt itirdim və bir gün ayıldım ki... Həm də, mən bunu anlayanda artıq gec idi. 15-16 yaşımda anlasaydım, başqa məsələ. Amma o yaşda anlayacaq yaşda deyildim.

- Hansı mövqe sənə rahatdır?

- Sol vinger və “9 nömrə”.

- 2021-ci ilin əvvəlindən sonuna qədər futbolsuz qaldın. Nə baş vermişdi?

- Sonuncu dəfə 2020-ci ilin dekabrında “Dandalk”ın heyətində Avropa Liqasının qrup mərhələsində “Molde”yə qarşı oynamışdım. Həmin vaxt “Dandalk”la müqaviləmin müddəti başa çatdı. Türkiyədən yaxşı təklif almışdım, ora getmək istəyirdim. Elə alındı ki, bir çox ölkələr İngiltərə ilə giriş-çıxışı bağladı. Qadağa aradan qalxanda isə artıq gec idi, klublar özünə futbolçu tapmışdı. Məcburiyyətdən yaya qədər futbolsuz qaldım. Buna baxmayaraq, məşq edir, formamı qorumağa çalışırdım. Yayda karyeramı İngiltərədə davam etdirmək qərarını vermişdim. Uzun ayrılıqdan sonra yenidən orada oynamaq istəyirdim. Hətta danışıq apardığım klub da vardı. Sanki uğursuzluq zolağına düşmüşdüm, müqavilə bağlamağım bu dəfə də müxtəlif səbəblərə görə alınmadı. Ondan sonra bir müddət depressiyaya düşdüm, nə baş verdiyini anlamağa çalışırdım.

- Təxminən 20 dəqiqədir söhbət edirik və belə qənaətə gəldim ki, bəxtsiz insansan. Atdığın hər addımda şanssızlıq yaşayırsan.

- Elədir, düz deyirsiniz. Dəfələrlə bu barədə düşünmüşəm. Həyatda bəxtsizlik yaşadığım anlar az olmayıb. Tək mən deyiləm. Dünyada bir çox istedadlı futbolçular mənim kimidir. Koronavirus da bir çox məsələlərə ciddi təsirini göstərdi.

- Şəxsi həyatda vəziyyət necədir? Valideynlərin, ailən...

- O baxımdan durum yaxşıdır. Uşaqlığım çox yaxşı keçib. Anam xoşbəxt olmağım, futbol oynamağım üçün hər şey edib. İmkanlı ailədən olmasam da, anam gözlərimin qonşu uşaqların əlində olan oyuncaqlarda qalmasına imkan verməyib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA