“Pro" kateqoriyası olanlar onu cırıb tullasın” – ÇARPICI AÇIQLAMALAR

30 Dekabr 2021 13:00 Müsahibə 2 374
“Pro" kateqoriyası olanlar onu cırıb tullasın” – ÇARPICI AÇIQLAMALAR

Vidadi Rzayev deyəndə ağıllara İsveçrə millisi ilə oyunda vurulan qələbə topunun müəllifi olaraq yığmamızın ilk rəsmi qələbəsinin memarı, “Pünik”in qapısına yol tapan futbolçu, “Turan”, “Neftçi”, “Kəpəz” və “Şəmkir”lə çempion olmuş oyunçu, 1996-cı ildə ölkənin, 2005-ci ildə “Birlik kuboku”nun ən yaxşısı gəlir.

Parlaq futbolçu karyerasına malik olan Rzayev, təəssüf ki, eyni uğuru məşqçilikdə qazana bilmədi.

Məşqçiliyə “Karvan”da Yunis Hüseynovun köməkçisi kimi başladı, ardınca “Qəbələ”də işlədi, sonradan “Gəncə”də davam etdi və hazırda “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadənin köməkçisidir.

Vidadi bəy hələm-hələm mətbuatla ünsiyyət quran deyil. “Damarı” var ki, onu tutmalısan. Tutdunsa, vəssalam, bir çox həmkarları kimi heç kimdən çəkinmədən bilib-gördüklərini danışacaq.

Rzayevin “damarını tutub” ölkə futbolundan, millidən, özündən – hər şeydən danışdırdıq. 54 yaşlı mütəxəssisin Sportinfo.az-a müsahibəsini təqdim edirik.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/130136.html)

- (əsəbləşdiyini hiss edirəm) Allah sizdən razı olsun. Hamı sizin kimi açıq sözlü olsaydı, futbolumuz bu günə qalmazdı.

- Düz danışmıram bəlkə? Deyirlər, maliyyə yoxdur deyə klub saxlaya bilmirik, Premyer Liqada 8 komanda mübarizə aparır. Pul yoxdursa, Canni de Byazinin, Milan Obradoviçin, nə bilim, o birinin (Miloş Velebit) Azərbaycanda nə işi var? Nə yaxşı xariciyə pul tapılır, komanda sayını artırmağa tapılmır? De Byazi yox e, mən də bu gün millinin baş məşqçisi olsam heç nə edə bilmərəm. Çünki futbolçu yoxdur, uşaq futbolu yoxdur. Ona görə deyirəm ki, Pro kateqoriyası olanlar “Pro”sunu cırıb tullasın. Kimə lazımdır onların “Pro”su. “Pro”nun qulağı-buynuzu var məgər? Bu boyda ölkədə futbolçu yoxdur, tapılmır.

- Əsas milli bir bəladır, aşağı yaş qruplarından ibarət komandalar ondan da betərdir.

- “21” nə gündədir? Guya sabahkı gələcəyimizdir. Sabah həmin uşaqlar əsas millinin formasını geyinəcək? Nə edəcəklər? Bu gün U-21-də etdiklərini sabah yığmada təkrarlayacaqlar. Ona görə də millilərə bu qədər pul xərcləməkdənsə, problemin kökünü tapıb onun həllinə çalışsınlar. Yaşar Vahabzadə U-21-də işləyirdi də. Komanda qələbə də qazanırdı, heç-heçə də edirdi. Dəyişdilər, istəmədilər. Guya yerinə gətirdikləri Obradoviç nə edir? Sabah nə edəcək? Allah haqqı, sabah da heç nə olmayacaq. Sadəcə, əl dəyişirlər, bunu götürüb, onu qoyurlar. Ondansa, yerli işləsin də. Yaşarın adını indi birlikdə işləyirəm deyə çəkmirəm ha. Yaşar olmasın, başqası olsun. Təki bilək ki, əcnəbiyə boş yerə xərclənən pullar uşaq futbolunun inkişafına xərclənəcək.

- AFFA-dan çağırıb desələr ki, uzun illər futbol oynamış, məşqçilik etmiş biri kimi futbolun inkişafına dair plan qurun, təqdim edin. Bacararsınızmı? Varmı əlinizdə inkişaf strategiyası?

- Bir baş yaxşıdır, 10 baş ondan da yaxşıdır. Savadlı veteranları yığsınlar bir yerə. Ağıllı veteranlar var da, hamısı savadsız deyil ki. Hamı eyni şeyi fikirləşsəydi, yer kürəsi tərsinə fırlanardı. Hərənin fikirləri ayrı-ayrılıqda dinlənilsin, hamı öz baxışını ortaya qoysun. Danışaq, düşünək, müzakirə edək, axırda ortaya nəsə çıxardaq. Yoxsa girib oturublar kabinetdə, özləri öz aralarında danışdılar, əllərini qaldırdılar, həll etdilər, vəssalam, qurtardı. Sonra da özlərini haqlı bilirlər. Özləri hər şeyi düz deyir, bircə kənarda qalanlar heç nə bilmir. Futbolun inkişafı üçün əl-ələ verib nəsə etmək lazımdır. Belə getməyəcək.

- Vaxtilə “Kəpəz”də çiyin-çiyinə oynadığınız gəncəli balalalarının böyük əksəriyyəti bu gün işsizlikdən əziyyət çəkir. Təbii ki, normal qazanclı işdən danışıram. Rövşən Əhmədov, Fazil Pərvərov, Xaliq Mərdanov... Sanki qapılar birdəfəlik bağlanıb üzünüzə.

- Bu suala cavab vermək bir az çətindi. Çüki hamının adından danışa bilmərəm. Bir də hər kəsə yazılan qismət, tale var. Ondan kənara çıxmaq olmur. Premyer Liqada cəmi 8 komanda var, hamımız gedib ora doluşa bilmərik axı.

- Köməkçi-məşqçilikdən gələn maaşla ailə dolandırmaq çətin məsələdir. Futbol oynadığınız dönəmdən şərait qurmusunuz özünüzə?

- Futbol oynadığım dövrdə nə etmişəmsə, odur. Allahın bu gününə şükür.

- Biznes-filan var?

- Yox, əşi, heç nəyim yoxdur. Biznesim həyət-bacamdır, bir də xırda-xuruş şeylər. Vaxtında əyri yollarla getsəydim, indi çox şeyim olardı. Məşqçi işləyəndə maaşa baxırıq, bir də qələbəyə görə verilən mükafata.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti