Azərbaycanlı futbolçu sahib olduğu biznesi “Sportinfo”ya AÇIQLADI

16 Dekabr 2021 19:40 Müsahibə 1 845
Azərbaycanlı futbolçu sahib olduğu biznesi “Sportinfo”ya AÇIQLADI

Cavid İmamverdiyev... İnternet qaynaqlarında bu ad-soyadı axtarışa verib, futbolçu göstəricilərinə baxanda adamın gözləri qamaşır.

Azərbaycan Premyer Liqasında 250-yə yaxın oyun, ölkənin əsas millisində 10 oyunda vurulan 1 qol, Türkiyədə legioner həyatı, 3 dəfə Azərbaycan çempionluğu, ölkə kubokunun sahibi, Avroliqanın qrup mərhələsinin iştirakçısı və kifayət qədər yaxşı pul.

Bir azərbaycanlı futbolçu üçün lazım olan nə varsa, İmamverdiyev qazanıb.

Amma bu gün o, Birinci Divizionda – vaxtilə yığma üzvlərinin oynamaq istəmədiyi liqada top dalınca qaçır.

Deyilənə görə, ərköyünlüyü, rejimsizliyi, gecə həyatına aludəçiliyi daha da irəli getməsinin qarşısını aldı, baş məşqçilərdə haqqında mənfi fikirlər formalaşdırdı.

Cavidlə çoxdan danışmaq istəyirdim. Lakin söhbətimiz dünənə təsadüf etdi. Elə isə, ötənlərin məşhur futbolçusunun Sportinfo-az-a verdiyi səmimi etiraflar dolu müsahibəsi ilə tanış olun.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/129202.html)

- Yadımdadır, əlbəttə. Karyeranın ən pis dönəmi idi deyərdim hətta.

- Bəli, o dərəcədə pis vəziyyətdəydim ki, məni yetişdirən “Neftçi” pulsuz buraxmağa razı idi və buraxdı da. Təsəvvür edirsiz, Avroliqanın qrupunda oynayan futbolçuya azad agent statusu verildi. O vaxt indikindən də pis gündəydim. Hamı Samir Abasovu pisləyirdi ki, bu nə futbolçudur götürmüsən, Cavidin futbolu qurtarıb-filan. Samir müəllim kişi kimi gəlib üzümə dedi ki, Cavid, sənin haqqında belə şeylər deyilir, amma mən sənə inanıram. Sağ olsun, ruhlandırdı, yol göstərdi, üstümdə əziyyət çəkib mənə əvvəlki formamı qazandırdı. Allah ondan razı olsun, indiyə qədər duaçıyam ona. Və həmin mövsüm ilin futbolçusu seçildim. Ardınca yaxşı transfer məbləği qarşılığında “Sabah”a keçdim. Həmin Cavidəm də, nə dəyişib ki? Futbolçunun bacarığı varsa, onun “damarını tutub” oynatmaq lazımdır.

- Pullu vaxtlarında yanında olan dostlarından indi neçəsi qalıb?

- Mənim yoldaşlarım çox olub, dost dediyim adamlar 2-3 nəfərdir ki, bu gün onlar yenə yanımdadırlar. Bəli, yoldaşlarımın heç biri qalmayıb, 1-2-sini çıxmaq şərti ilə. O dostlarım ki var, onlar mən sıradan Cavid olanda da yanımdaydılar, bu gün də yanımdadılar.

- Ən çox qazancın hansı klubda və hansı məbləğ olub?

- Bu haqda danışmasam olar?

- Danışsan, lap əla olar.

- İnciməyin, bu barədə nəsə demək istəmirəm. Klubla futbolçu arasında olan müqavilə sirridir, ona görə də bu haqda fikir bildirmək istəmirəm. Başqa hansı sualı istəyirsiz verin, cavablandırım.

- İndiyə qədər maddi planda nə qədər itirmisən?

- Çox itirmişəm, çox. Amma Allahın verdiyi bu günə şükür edirəm.

- 500 min manat itirmisən?

- 500 mindən bir az da çox.

- Dost-tanış, əyləncə, cavanlıq?

- Yox-yox, bunun içində biznesə yatırdığım pullar da var. Hansı ki, gələcək üçün nəsə eləmək istəyirdim, alınmadı, batdı. Öz aramızdır, cavanlığa nə qədər pul gedər? Qoy olsun 100, lap 200 min.

- Niyə ki? Baxır sənin əyləncə zövqünə. 500 mini lap 2 ilə də xərcləmək olar.

- Düzdür, razıyam.

- Maddi planda qazandığın nə olub? Nə edə bilmisən özün, ailən üçün?

- Daşınmaz əmlaklar. İki balam var, hərəsinin adında bir mənzil. Ata evindən əlavə iki evim, Şəmkirdə parnikim, bağım. Şükürlər olsun, nələrsə eləmişəm. Amma o qədər pulun qarşılığında daha çox şey edə bilərdim.

- Bəs, səni tanıyanlar niyə “Cavidin heç nəyi yoxdur” deyir?

- Bilirsiz niyə elə deyirlər, düşünürlər? “Neftçi”də oynayan vaxtlarda 1-2 dəfə ev satıb, ev dəyişmişdim. Ona görə də ağıllarında elə qalıb. Heç kimə nəyisə sübut etmək istəmirəm, amma Allahın bu gününə şükür, lazım olan şeylərə sahibəm. Öz aramızdır, kim nə qədər pula, əmlaka sahib olduğunu hər yerdə deyir? Bunu ancaq əzizlərin, doğmaların bilə bilər. İndi mən hardan bilim Həbib qardaş hansı binada yaşayır, evi var, yoxsa yox, neçə maşını var?

- “Kəpəz”də aldığın bir aylıq maaş “Neftçi”də bir oyuna görə qazandığın mükafat qədər var?

- Təbii ki, var. Açığı, bu gün maaşda gözüm yoxdur. Futbol oynamaq, top dalınca qaçmaq, meydanda nələrsə etmək üçün alışıb-yanıram. Çünki futbolsuz, topsuz yaşaya bilmirəm. Onsuz da futboldan küsmüşdüm, çıxıb gedirdim burdan. Düşündüm ki, 30-31 yaşım var, əsl oynayan vaxtımdır. Qayıtdım.

- Məsəl var, gedən bir də qayıtmır. Özünü yenidən Premyer Liqada görürsən?

- Boş söhbətdir. Elə qəşəng qayıdır ki. Əsas olan insanın içindəki iradə və istəkdir. 2017-də də getmişdim, "bitmişdin" deyirdilər, bəs, necə qayıtdım? Ən böyük arzum komandaya verdiyim fayda ilə “Kəpəz”i Premyer Liqada görməkdir. Allahın izni ilə buna nail olarıq. Bu, baş versə, futbolçu karyerama qızıl hərflərlə yazılacaq. Belə bir klubun tarixinə düşməyin özü fəxrdir. Ən vacibi özümə və bacarığıma güvənirəm. Deyir, dünəninə görə sağ ol, bu gün üçün cavab ver. Çalışacam bu gün üçün cavabını verim.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti