“Guya hamı mələkdir, bir mənəm avara” – “PARTLAYIŞ” DOLU MÜSAHİBƏ

15 Dekabr 2021 20:00 Müsahibə 2 879
“Guya hamı mələkdir, bir mənəm avara” – “PARTLAYIŞ” DOLU MÜSAHİBƏ

Cavid İmamverdiyev... İnternet qaynaqlarında bu ad-soyadı axtarışa verib, futbolçu göstəricilərinə baxanda adamın gözləri qamaşır.

Azərbaycan Premyer Liqasında 250-yə yaxın oyun, ölkənin əsas millisində 10 oyunda vurulan 1 qol, Türkiyədə legioner həyatı, 3 dəfə Azərbaycan çempionluğu, ölkə kubokunun sahibi, Avroliqanın qrup mərhələsinin iştirakçısı və kifayət qədər yaxşı pul.

Bir azərbaycanlı futbolçu üçün lazım olan nə varsa, İmamverdiyev qazanıb.

Amma bu gün o, Birinci Divizionda – vaxtilə yığma üzvlərinin oynamaq istəmədiyi liqada top dalınca qaçır.

Deyilənə görə, ərköyünlüyü, rejimsizliyi, gecə həyatına aludəçiliyi daha da irəli getməsinin qarşısını aldı, baş məşqçilərdə haqqında mənfi fikirlər formalaşdırdı.

Cavidlə çoxdan danışmaq istəyirdim. Lakin söhbətimiz bu günə təsadüf etdi. Elə isə, ötənlərin məşhur futbolçusunun Sportinfo.az-a verdiyi səmimi etiraflar dolu müsahibəsi ilə tanış olun.

- Divizionda özünü necə hiss edirsən?

- Allaha and olsun, çox rahat, çox gözəl. Əla kollektivimiz var, baş məşqçimiz və məşqçilər heyəti də öz yerində. İlqar müəllim və digərləri sağ olsun, komandaya lazımi dəstəyi verirlər. Hər şey mükəmməldir.

- Özünə təsəlli verirsən?

- Xeyr, qətiyyən. Olanı deyirəm.

- Azərbaycan çempionu, ölkə kubokunun sahibi, Avroliqanın qrup mərhələsində oynamış futbolçu və Birinci Divizion. Halbuki, sənin qədər uğuru olmayan futbolçular aşağı dəstədə oynamağı özünə sığışdırmayıb, hətta bu gün də sığışdırmır. Həqiqətənmi “divizion” bataqlıqdır?

- Hərənin öz fikri var, mən belə düşünmürəm. Çünki mən “Kəpəz”i heç vaxt divizion komandası gözündə görməmişəm. “Kəpəz” Azərbaycanda adından söz etdirib uğurları sıralayanda indi özünə komanda deyənlərin çoxu yox idi. Özüm şəmkirliyəm, ağlımız kəsəndən “Neftçi”nin, “Kəpəz”in, “Şəmkir”in adını eşitmişik. Nə olsun ki, bu gün aşağı dəstədə mübarizə aparır? Amma ad adlığını itirmir heç vaxt. Sizi inandırım, Birinci Divizionda elə uşaqlar var ki, Premyer Liqada oynayanların çoxundan güclüdürlər.

- Elədirsə, niyə məşhur futbolçular aşağı dəstədə oynamağı özünə rəva bilmir?

- Hərənin öz fikri var. İndiyə qədər heç kimin ünvanına söz atmamışam, bundan sonra da belə bir fikrim yoxdur. Hər kəs atdığı addıma və dediyi sözə cavabdehdir. Yenə deyirəm, Birinci Divizionda oynamağı özümə ayıb bilmirəm. Hətta “Neftçi”də oynadığım vaxtlarda belə, aşağı liqada oynayan futbolçulara və komandalara yuxarıdan aşağı baxmamışam.

- Niyə Birinci Diviziondasan?

- Yəqin ki, heç kimə lazım olmadığıma görə.

- Niyə lazım olmadın?

- Adım çıxıb ki, avaradır, avaraçılıq edir. Vallah, əsl avaraçılıq edən elə futbolçular görmüşəm ki, onları iki əllə tutub saxlayırlar komandada. Çünki onlar kimlərinsə qardaş dediyi adamlardır. Mən bunu gözlərimlə görmüşəm. Mən əvvəlki formamı qaytarım, sabah hansısa futbolçu deyə bilməz ki, mən Caviddən güclü futbolçuyam. Bunu mən də yaxşı bilirəm, siz də, futbol ictimaiyyəti də. Allahın izni ilə formaya düşüb yenə yaşıl meydanlarda sözümü deyəcəm. Ondan sonra karyerası bilinməyən bəzi məşqçilər kimin kim olduğunu anlayacaq.

Ürəyi dayanan azarkeşə söz verdi:

- Avaraçılıqda adının çıxdığını deyirsən. Elə deyil ki?

- Təbii ki, elə deyil. Əlbəttə, hamı kimi mən də cavan olmuşam, cavanlıq, avaralıq etmişəm. Bu da subaylığımdan, saflığımdan irəli gəlirdi. Gecəni yatmayıb dostlarla keçirmişəm, gəzmişəm, əylənmişəm. Hamının etdiyi şeyləri etmişəm. Bu da bir dövrə kimi olub. Şükürlər olsun, bu gün ailəm, iki övladım var. İndi mənim avaralıq edən vaxtım yox, övladlarımın gələcəyini düşünən vaxtımdır. Məsəl var e, adın çıxınca, canın çıxsın. Bu gün mənim başıma gələn budur. Bir də ki, uşaqlıqdan yuxu problemim olub, bu gün də bu çətinliyi yaşayıram.

- Çox yatırsan?

- Yox-yox, əksinə, yata bilmirəm. Yuxu mənə düşməndir. Ən tez gecə 2-3-də yatan adamam, özümdən asılı deyil. Bu, futbola gəlməmişdən də belə olub, “Neftçi”də çempion olanda da, Avroliqanın qrupunda oynayanda da və bu gün də belədir. Buna görə də adım avara qalıb. Ki, Cavid yatmır, gec yatır, gecələr min hoqqadan çıxır. Guya öz komandalarındakıların hamısı mələkdir, bir mənəm avara.

- Neçə il avaralıq etmisən?

- Nə mənada?

- Yəni neçə il boşluqlara yol vermisən?

- Kimdən istəyirsiz soruşun, indiyə qədər nə intizamı pozan futbolçu olmuşam, nə aranı qarışdıran, nə də kiminləsə dava edən biri. Mənim işim özümlə olub. Dostlarla oturmuşam, əylənmişəm, cavanlıq etmişəm. Bu da 25 yaşıma qədər olub. Siz jurnalistsiz, cavanlıq etməmisiz? Yaxud bu gün dostlarla yığışıb maraqlı həftəsonu keçirmirsiz? Bunun karyeranıza nə ziyanı var axı? Gəzib-dolaşmışam, amma başımı aşağı salıb futbolumu oynamışam. 31 yaşım var, hələ də “avara” damğası üstümdədir. Yaxşı, deyək ki, mən avarayam, sən də məşqçisən. İstedadım, insani keyfiyyətlərim hamıya məlumdur. Məşqçisən, çək məni yanına, nələrisə başa sal, ruhlandır, formaya salıb oynat da. Məşqçi nə deməkdir bəs? Məşqçilik təkcə taktiki tapşırıqları verməkdən ibarət deyil axı. 2017-də “Neftçi”dən çıxmağım yadınızdadır?

- Yadımdadır, əlbəttə. Karyeranın ən pis dönəmi idi deyərdim hətta.

- ... (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı