“Qarabağ” məndən bu transferə vasitəçilik etməyimi istədi“

28 Noyabr 2021 14:00 Müsahibə 3 283
“Qarabağ” məndən bu transferə vasitəçilik etməyimi istədi“

Az sayda futbolçu var ki, ökəmizdə legioner həyatı yaşayandan sonra onu Azərbaycana yenə nəsə bağlayır, ara-sıra şəxsi işləri üçün olsa belə, Bakıya gəlib-gedir.

Boyan İliç də həmin azsaylılardan biridir.

2008-2008-ci illər aralığında ölkəmizdə legioner həyatı yaşayıb “Qarabağ”la “Bakı”nın şərəfini qorumuş 42 yaşlı serbiyalı karyerasını başa vurandan sonra menecerlik sahəsini seçmişdi.

Elə buna görə də zaman-zaman yolu Bakıya düşür, hansısa əcnəbinin keçidini həll edir. Ən əsası, futbolumuzun incəliklərindən xəbərdardır.

Boyanla danışmağın “bir güllə ilə iki dövşan vurmaq” effekti verəcəyini yaxşı bilirdim. Həm futbolçu, həm agent dönəmindən bəhs edəcək, bir çox sualları cavablandıracaqdı.

Ehtimalımda yanılmadım. İliçlə 47 dəqiqəlik söhbətimiz gözlədiyimdən də maraqlı alındı.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/127805.html)

- Kimlərin adı səni dəhşətə gətirirdi?

- Yuri Muzika, Ernani Pereyra, Usim Nduka, Markus Fereyra – bunlar yığma səviyyəsində futbolçu deyildi axı. Sizi inandırım, yerli futbolçuların çoxu onlardan daha üstün idi. Bunların hansı biri Azərbaycanı tərk edəndən sonra normal komandada oynadı? Heç biri! Ya karyeralarını başa vurdular, ya da aşağı liqalarda göründülər.

- Futbolçuların böyük əksəriyyəti karyerasını başa vurandan sonra ya məşqçilik edir, ya klubda çalışır. Sən isə menecerliyi seçdin. Halbuki, dünyanın Jorje Mendeş, Mino Rayola, Jerom Anderson kimi tanınmış agentləri peşəkar futbol oynamayıb. Niyə məhz menecerlik?

- Futbolçu karyeramda 7 fərqli ölkədə top qovmuşdum. Və oynadığım hər yerdə xarakterimə görə yaxşı əlaqələr qurmuşdum. Açığı, nə vaxtsa mən də məşqçilik haqda düşünürdüm. Amma futbolla vidalaşandan sonra hər bir tərəfdən zəng vururdu, hansısa futbolçu ilə bağlı məsləhət alırdı. Klub rəsmiləri futbolçu axtarırdı, futbolçu isə özünə klub. Bir-iki dəfə vasitəçilik edəndən sonra baxdım ki, yaxşı qazanc var. Artıq özümü bu işdə görməyə başlamışdım. Buna baxmayaraq, B kateqoriyasına görə məşqçilik kurslarına da yazılmışam. Gələcəkdə A-nı almağa çalışacam.

- Menecerlikdə pul azalıb, yoxsa...?

- Yox-yox, pulla bağlı deyil. Sırf agentlik bacarığımı püxtələşdirmək üçün. Bilirsiz, yaxşı agent həm də məşqçiliyin incəliklərini bilməlidir. Futbolçunu izləyirsənsə, necə qaçması, topla necə davranışı kifayət etmir. Onun taktiki savadına da bələd olmalısan. Aparıcı klubların rəsmiləri futbolu kifayət qədər bilir. Hansısa biri səndən “filan futbolçunun hansı üstün keyfiyyətləri var” soruşanda, sən agent kimi arqumentlərini ağıllı şəkildə ortaya qoymalısan. Məsələn, sol cinah müdafiəçisi var ki, hər sistemə alışa bilmir. Və ya, hansısa komandanın baş məşqçisi oynatdığı futbola uyğun hücumçu axtarır. Orda incəliklər var və həmin incəlikləri məşqçilik kurslarında öyrənirsən.

-İlk transferini xatırlayırsan?

- (bir qədər fikirləşəndən sonra) Özbəkistan “Nasaf”ına monteneqrolu futbolçu vermişdim. Yadımdadır ki, o dönəmdə “Nasaf”ı Anatoli Demyanenko çalışdırırdı. Görüşəndə məni xatırlayıb-xatırlamadığını soruşdum, fikrə getdi. Dedim, siz “Neftçi”ni çalışdıranda mən “Bakı”da oynayırdım. Sonradan yadına düşdü.

- Bəs, Azərbaycanda?

- Azərbaycanda ilk işim Reynaldonu “Anderlext”dən “Qarabağ”a gətirmək olub.

- Ümumiyyətlə, ölkəmizə neçə futbolçunun keçidinə vasitəçilik etmisən?

- Dəqiq say deyə bilməyəcəm. Hər halda, 10-dan çox olar. “Qarabağ”a Reynaldodan başqa Uroş Matiç, Əl-Jadeyaui, Marko Veşoviçi vermişəm. “Simurq”a Nenad Stoyanoviçlə Xuan Alvarado Mellini göndərmişdim. Melli sonradan “Neftçi”də oynamışdı. “Bakı”ya Risto Ristoviçin, “Xəzər Lənkəran”a Deyan Blajevskinin, AZAL-a Luis Ramosla Nedo Turkoviçin, “Rəvan”a Xuan Manuel Vareanın, “Standart” Oqnen Paripoviçin keçidini həll etmişdim. Yenə var, yadıma sala bilmirəm. Hə, son əməkdaşlığım “Sabah”la Petar Şkuletiçə görə olmuşdu. Təəssüf ki, Petarın Azərbayan karyerası istədiyimiz kimi alınmadı. Amma əla futbolçudur.

- Azərbaycanlı məşqçilər, xüsusən Qurban Qurbanov səviyyəli əcnəbi futbolçuların Azərbaycana gəlmək istəmədiyini bildirir. Nədədir problem? Sən özün belə bir halla üzləşmisən?

- Düzünü desəm, adını xatırlamıram. Bir neçə il əvvəl “Qarabağ”dan bir futbolçunun keçidində vasitəçilik etməyimi istəmişdilər. Çox çalışsam da, alındıra bilməmişdim. Açığı, mən futbolçunu təklif edəndə, onun tələb etdiyi maaşa və klubun imkanına baxıram. Görəndə ki, alınan iş deyil, girişmirəm. Məsələn, 700 min avro istəyən futbolçunu hansısa Azərbaycan klubuna təklif edə bilmərəm. Bilirəm ki, nə qədər səviyyəli və əla karyeraya sahib olsa da, Azərbaycanda o pulu verməyəcəklər.

- 300-400 min dollarlıq oyunçular da gəlmək istəmir axı. Problem çempionatımızın səviyyəsindədir, yoxsa Azərbaycanın futbol ölkəsi kimi tanınmamasında?

- Mənim baxşımında futbolçunun qiyməti yox, komandanın oyun üslubuna nə dərəcədə uyğun gəlməsi önəmlidir. Ad-san deyirsən, Emil Mpenza haralarda oynamamışdı? “Mançester Siti”, “Şalke”, “Hamburq”, Belçika millisi, bundan o tərəfi ola bilməzdi. Amma Azərbaycanda oynaya bilmədi, qaçıb getdi. Uroş Matiçi götürək. “Qarabağ”a keçidə kimi “Breda”, “Şturm”, “Kopenhagen”, APOEL kimi komandaların aparıcı siması idi. Di gəl, “Qarabağ”da alınmadı. “Qarabağ”dan söz düşmüşkən, bu komandada oynayan futbolçulara kim bacarıqsız deyə bilər? Hər il çempion olub, avrokubokların qrup mərhələsində çıxış edirlər. Amma gəldikləri klublara baxın. İndiki heyətdən götürək, Kevin Medina ilə Kadi Borges Portuqaliyanın Sequndasından, Patrik Andrade Bolqarıstanın ortababından, Abdullah Zubir Fransanın ikinci liqasından gəlmişdi. Amma indi baxın nələr edirlər. Deməyim odur ki, ad-sanlı futbolçuların arxasınca düşməyə gərək yoxdu. Yaxşı skaut sistemi və doğru seçim vacibdir. Əlində geniş namizəd siyahısı olmalıdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti