Bu xəbəri eşidib, ŞOKA DÜŞDÜ: "Bəs o qədər pullar, milyonlar? Qurtardı?"

12 Noyabr 2021 14:00 Müsahibə 1 786
Bu xəbəri eşidib, ŞOKA DÜŞDÜ: "Bəs o qədər pullar, milyonlar? Qurtardı?"

2005-ci ildə Superliqadan Azərbaycan çempionatına gələn Ernani Pereyra Türkiyə çempionatını yaxından izləyənlərə yaxşı tanış idi.

“Konyaspor”un əsas siması olmasa da, ara-sıra şans qazanmaqla iki mövsümdə meydana çıxdığı 24 matçda 1 qol vurmağı bacarmışdı.

Braziliyalı müdafiəçi 2005-ci ilin yayında Fuat Yamanın istəyi ilə Türkiyədən Azərbaycana köç etdi. Və həmin gündən ölkəmizdə - “Karvan”da möhkəmlənməyi bacardı.

Komandanın əsas parçasına çevrildi, millinin formasını geyinməyə razılıq verdi və beləcə, ömrünün 5 ilini Azərbaycanda keçirdi.

2010-cu ildə Yevlaxı tərk edən Ernanidən də xeyli vaxt idi səs-soraq yox idi. Braziliyada apardığımız axtarışlar nəticəsində sabiq yığma üzvünü futbolda yox, başqa sahədə tapdıq.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/126759.html)

- Berti Foqtsu xatırlayırsan yəqin. Yadında necə insan kimi qalıb?

- Əlbəttə, xatırlayıram. Yaxşı məşqçi idi. Şəxsən ondan çox şey öyrənirdim. Amma məni xoşlamırdı.

- Niyə?

- Bilmirəm ki. Səbəbi özümə də maraqlı idi. Məşqlərdə can qoyurdum, şans qazandığım oyunlarda əlimdən gələnin ən yaxşısını edirdim, o da tərifləyirdi məni. Heyət açıqlananda baxırdım ki, “11-lik”də yoxam.

- Yunis Hüseynovu necə?

- O-o-o, Yunis, Yunis müəllim... Yunis super məşqçi idi. Vallah, düz deyirəm. Biz onunla məşqçi-futbolçu yox, qardaş münasibətində olmuşuq. Səmimi deyirəm, “Karvan”da hər şeydən əvvəl Yunis üçün oynayırdım. İstəmirdim uduzaq, sonra ona söz gəlsin. Mənə görə o vaxt Azərbaycanın bir nömrəli məşqçisi idi.

- Hansı dilində danışırdız?

- Türk dilində (gülür). Sən mənim türkcəmi indi başa düşürsənsə, deməli, o vaxt bundan da yaxşı başa düşülürmüş. Bəzən ingilis və türk dillərini qarışdırıb fikrimi izah edirdim.

- “Karvan”ın tarixə qovuşduğundan xəbərin var?

- Bilirəm, dostum. Çox pis haldır. “Karvan” var, amma Bakıda yox, Moskvada.

- Sən gördüyün çempionatdan əsər-əlamət qalmayıb. Nə “Karvan” qalıb, nə “Simurq, nə ”“Xəzər Lənkəran”...

- Dayan-dayan. ”Xəzər Lənkəran” çempionatda iştirak etmir?

- Xeyli vaxtdır artıq.

- Nə danışırsan? Mən şokdayam, sözün həqiqi mənasında şokdayam. Bəs, o qədər pullar, milyonlar? Qurtardı?

- O cür də demək olar. Daha çox siyasi məsələlərə bağlıdır.

- İnana bilmirəm, vallah.

- “Bakı”da yoxdur.

- Dostum, sən bu gün məni şoka salmaq istəyirsən, yoxsa zarafat edirsən? Azərbaycan futbolunun ən imkanlı klubları yoxa çıxdı? Buna ancaq təəssüflənə bilərəm. Deməyə sözüm yoxdur. Nç, nç...

- Azərbaycana gəlib-getmirsən, futbolumuzla da maraqlanmırsan. Halbuki, uzun illər burda oynamısan, millinin formasını geyinmisən. Hanı Azərbaycana sədaqətin?

- Saytları oxumaq imkanım yoxdur. Çünki azərbaycanca bilmirəm. Bəzən qarşıma “Qarabağ”ın, “Neftçi”nin, yaxud millinin beynəlxalq oyunlardakı nəticələri çıxır, onda baxıram. Məhz buna görə xəbərsizəm. O ki qaldı Azərbaycana gəlməyə, bunu çox istəyirəm. Sadəcə, işimə görə imkanım olmayıb. Bəzən xanımımla söhbət edəndə, deyirəm, övladımız olsun, sizi Azərbaycana aparacam. Ən böyük istəyim ailə üzvlərimə gözəl Bakını, heç vaxt unutmayacağım Yevlaxı göstərməkdir. Azərbaycan mənim ikinci vətənimdir. Dediyim kimi, vaxt məhdudiyyətinə görə gedə bilməmişəm. Amma 2-3 ilə mütləq Azərbaycana səfər edəcəyik.

- Gəlsən, Bakını tanımarsan.

- Bilirəm, xəbərim var. İnternetdə şəkil və videoları görürəm. Bakı tanınmaz dərəcədə dəyişib. Hər il “Formula-1” rallisi keçirilir, Avroliqanın final matçı, Avropa çempionatının oyunları və s.

- Heyf, bu günləri görə bilmədim. Biz oynayan dönəmdə şərait super deyildi, pul baxımdan da indiki imkanlar yox idi. Kaş, indi olardım orda.

- Sənə kim deyir ki, indi Azərbaycan futbolunda pul əvvəlkindən çoxdur?

- Mən belə düşünürəm.

- Səhv düşünürsən. O vaxt “Karvan”da qazandığın 8-10 min dolları indi hər klub verə bilmir.

- Bir neçə il əvvəl bir nəfərlə danışmışdım, o mənə Azərbaycan futbolunda böyük pulların dövr etdiyini demişdi. Deyirdi, komandaların çoxu Bakıda məskunlaşıb, yeni stadionlar inşa olunub. Ya o səhv deyib, ya da mən səhv başa düşmüşəm.

- Yevlaxı və ordakı insanları necə xatırlayırsan?

- Xatırlayırsan yox, Yevlaxın indiki halını görmək istəyirəm. Görəsən, nə dərəcədə dəyişib, hansı yeniliklər var? Mən Yevlaxı çox sevirdim və komandada bunu hamı bilirdi. Çünki səs-küydən uzaq çox sakit yer idi. Rahatlıq üçün əsl yaşanmalı rayondur. İnsanları da möhtəşəmdir oranın. Küçədə, marketdə, stadionda – harda görürdülərsə, məcbur dartıb evlərinə aparmaq istəyirdilər ki, gedən Azərbaycan yeməyinin dadına bax. Hamısını bağrıma basıram.

- Sonda demək istədiyin nəsə var?

- Allah Azərbaycan futboluna və azarkeşlərinə xoş günlər görməyi nəsib etsin. O gün olsun, milli mötəbər turnirlərin final mərhələsinə vəsiqə qazansın. Ən böyük arzum isə “Karvan”ı yenidən Premyer Liqada görməkdir. Yevlaxlı fanatlar böyük futbola baxmağı haqq edir. Azərbaycanın və “Karvan”ın həyatımda xüsusi yeri var. Bu ölkə məni insanlara tanıtdı, sevdirdi. Bu ölkə böyük pullar qazanıb həyat səviyyəmin yaxşılaşmasında böyük rol oynadı. Məni tanıyan və xatırlayan hər kəsə salam göndərirəm. Azərbaycana gələndə görüşərik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”