“Mənə səbəbsiz yerə Azərbaycan pasportu vermişdilər” – ŞOK ETİRAF!

22 Oktyabr 2021 15:00 Müsahibə 2 355
“Mənə səbəbsiz yerə Azərbaycan pasportu vermişdilər” – ŞOK ETİRAF!

İsveçrə kubokunun finalçısı, İsveçrə Çağırış Liqasının (Birinci Divizion) qalibi, Azərbaycan kubokunun finalçısı və qalibi, Azərbaycan çempionatının gümüş və bürünc mükafatçısı və ən nəhayət, 2005-06 mövsümündə 16 qolla Azərbaycan Premyer Liqasının ən sərrast futbolçusu...

Xatırlayanlar xatırladı. Xatırlamayanlar üçün xatırladaq ki, söhbət vaxtilə ölkəmizdə sayılıb-seçilən legionerlərdən olmuş, “Karvan”la “Xəzər Lənkəran”ın şərəfini qorumuş, çoxlarının Yaqub Babayev kimi çağırdığı Yakuba Bambadan gedir.

Sabiq legionerlə söhbətdəki növbəti müsahibim 46 yaşlı Bamba oldu. Ötənlərin məşhur hücumçusu ötüb-keçənləri, vaxtilə Azərbaycanda başına gələn ən maraqlı hadisələri Sportinfo.az-a müsahibəsində dilə gətirdi.

Azərbaycan klubunun ÇL oyunlarını kimlər idarə edəcək?

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/125240.html)
- Bəs, “Karvan”da nə qədər alırdın?
- 5 min dollar. Lənkərandakından az qazansam da, “Karvan”da özümü daha xoşbəxt hiss edirdim. Elə onda anladım ki, pul heç də hər şey deyil. Bu günə kimi ürəyim həmin komandanın yanındadır.

- Yunis Hüseynovla aran necəydi?
- Əlbəttə ki, əla. Baş məşqçi və futbolçu kimi münasibətimiz ideal olub həmişə. Amma Zakkeroni (Yunis Hüseynovun köməkçisi Zakir Mahmudov – H.) başqa kişiydi. Adam onunla danışmaqdan doymurdu. Az qala hər sözündə zarafat olurdu. Həm də xətrimi çox istəyirdi. Eh, əla günlər idi.

- Sənin yaş məsələn uzun müddət müzakirə mövzusuna çevrilmişdi. Həqiqətənmi yaşın azaldılmışdı və sən Azərbaycanda oynayan yaşın 35-i keçmişdi?
- Boş söhbətdir, buna inanamaq belə, absurddur. Danışım, siz də bilin bu söhbətin tarixçəsini. O vaxt ölkəmdəki bir klubun prezidenti məni komandasında görmək istəyirdi. Sayılıb-seçilən, xüsusi nüfuza sahib adamlardan idi. Nə qədər zəng vurdu, xəbər göndərdi, qəti surətdə bildirdim ki, Avropada oynamaq, karyeramı orda bitirmək istəyirəm. Mənə “problem yoxdur” dedi və öz işini görməyə başladı. Bilirdim hansısa pislik edəcəyini.
Özünə yaxın jurnalistin birinə pul verib, yaşımın çox olması ilə bağlı yazı yazdırmışdı, sonra da həmin jurnalist onu digər həmkarlarına, ordan da Avropaya ötürmüşdü. Ki, insanlar xəbərin ölkəmdən çıxdığını görüb, inansınlar. Beləcə, o adam mənə bu cür problem yaratmağa çalışdı.
“Lipa” idimsə, 6 il ərzində oynadığım İsveçrə kimi nəhəng ölkədə bunu heç kim bilmədi? Türkiyədə də araşdıranlar olmadı? Azərbaycanda da? Yaşı 4-5 yaş azaldılan adamın yalanı hansısa məqamda, ən pis halda hansısa testdə üzə çıxır axı. 1975-ci ildə doğulmuşam və bunu təsdiq edən hər cür sənədim var.

Azərbaycan klubunun ÇL oyunlarını kimlər idarə edəcək?

- Bildiyimə görə, sənə Azərbaycan pasportu verilibmiş o vaxt.
- Elədir.

- Axı sən Azərbaycana gələnə qədər Fil Dişi Sahili millisində rəsmi oyuna çıxmışdın və yığmamızda oynamağın mümkünsüz idi.
- Bəli, o vaxt Azərbaycan yığmasında oynamaq istəsəm də, bu, mümkün deyildi. Amma sağ olsunlar, yaşıl rəngli pasport vermişdilər. Səbəbini bilmirəm, vallah.

- Neynədin o pasportu?
- 2010-da Azərbaycanda ayrılanda özümlə bura gətirmişdim. 2016-cı ildə Bakıya səfər edəndə, baxdım ki, vaxtı qurtarmaq üzrədir. Fürsətdən istifadə edib AFFA-ya getdim ki, pasportu yeniləyim. Dedilər, olmaz, mümkün deyil.

- Səbəbini demədilər?
- Dedilər, o vaxt yanlışlıq olub, indi bu pasporta sahib ola bilmərsən. Daha uzatmadım, çıxıb getdim.

- İndi nə işlə məşğulsan, qazancın hardan çıxır?
- Kirayədə bir neçə evim var, neçə ildir ordan gələn pullarla dolanıram. İndi də akademiya açmışam, gələcək üçün yaxşı plandır. Bir də ki, oğlum Fransada futbol oynayır, o da pis qazanmır. Şükür Allaha, hər şey yaxşıdır.

- Azərbaycanda bağlı ən xoş xatirə kimi hansı hadisəni nəql edə bilərsən?
- (fikirləşdikdən sonra) Bir hadisə var ki, onu indiyə qədər getdiyim hər yerdə danışıram. Deməli, Azərbaycandakı ilk aylarımda azərbaycanca bir çox sözləri əzbərləməyə başladım. Belə deyim, dili öyrənirdim. Marketə, paltar dükanına, restorana – hara gedirdimsə, çalışıb azərbaycanca danışırdım. Baxırdım ki, insanlara xoş gəlir. Çünki o vaxt Bakıda qaradərililərin sayı elə də çox deyildi, mənim kimi “azərbaycanlı” görəndə təüccüblənirdilər. Bir gün marketdə bir oğlan soruşdu ki, haralısan? Dedim, azərbaycanlı. Dedi, ciddi soruşuram. Dedim, həqiqətən azərbaycanlıyam, sadəcə, qarışığım var, adım Yaqub, soyadım Babayevdir (gülür). Oğlan üzümə baxa-baxa qaldı, mən də gülməkdən özümü güclə saxladım. Onu inandıra bilməyim özümə də ləzzət eləmişdi.

- Son olaraq, azərbaycanlı, yevlaxlı azarkeşlərə nə demək istəyirsən?
- Demək istəyirəm ki, Azərbaycan və “Karvan” həyatımın bir parçasıdır və belə də qalacaq. Orda oynadığım müddətdə meydanda canımı qoymuşam, komandam üçün hər şey etmişəm. Çünki ölkəni və insanları sevirdim. Azərbaycanı mənə mehriban və qonaqpərvər insanlar sevdirdi. Gözəl rayonum olan Yevlaxa salamlarımı çatdır mütləq. Yaz ki, Yaqub Babayev ən qısa vaxtda Yevlaxda olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti