"Ağsu Siti"nin prezidenti Emin Rəmzilinin redaksiyasımıza müraciətini sizə təqdim etmişdik.
2018-2022-ci illər aralığında Region Liqasında mübarizə aparmış klubun rəhbəri AFFA-nın onlara etinasız münasibətindən şikayətlənmişdi.
Aran təmsilçisinin yaradıcısı üzümüzə gələn mövsümdən yenidən Region Liqasında yarışmaq istədiklərini, ancaq federasiya mənsublarının müxtəlif bəhanələrlə onların önünü kəsdiyini bildirib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrəndik. Görəsən, problem nədir? Bölgə klubuna niyə süni maneələr yaradılır?
Sorğumuza cavab olaraq AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bunları dedi:
"Ağsu city” komandasının prezidenti Emin Rəmzilinin fikirləri ilə tanışıq olduq. Əvvəla AFFA Region Liqasında komandaların çox olmasının marağındadır.
Amma təbii ki, komandalar da Region Liqasında iştirak etmək üçün müəyyən ödhəlikləri yerinə yetirməlidirlər.
Sırf “Ağsu City” komandasına gəlincə, bu komanda 2022-2023-cü illər mövsümündə AFFA Region Liqasında çıxış etsə də, 3 dəfə oyuna gəlmədiyinə görə İntizam Komitəsinin qərarı ilə çempionatdan kənarlaşdırılıb.
Bundan başqa, “Ağsu City”həmin mövsümün əvvəlində stadionun icarəsi ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bu səbəbdən də “Ağsu City” komandasının 2024-2025-ci illər mövsümündə AFFA Region Liqasında iştirakəna müsbət baxılmır.
AFFA rəhbərliyi ilə görüşə gəlincə isə, bəli, həqiqətən də belə bir müraciət olunub və Emin müəllimə məlumat verilib ki, icraçı-vitse prezident Sərxan Hacıyev onu qəbul edəcək. Hətta görüşün tarixi barədə də Emin Rəmziliyə məlumat verilib".
XANOĞLAN / SPORTİNFO.AZ