Rəşad Sadıqov: "Belə şeyləri çox görmüşəm, mən kiməsə nəsə sübut etməyə çalışmıram"

15 May 2022 20:10 Zirə 748
Rəşad Sadıqov: "Belə şeyləri çox görmüşəm, mən kiməsə nəsə sübut etməyə çalışmıram"

Azərbaycan Premyer Liqasında XXVII turun “Zirə” – “Neftçi” (1:0) oyunundan meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Konfrans Liqasına vəsiqə əldə etdik. Amma 3-cülük uğrunda mübarizə davam edir. İlk hissədə daha üstün idik. Fasilədən sonra ərazi üstünlüyü rəqibdə oldu. Qol şansı verməməyə çalışırdıq. O məqamda riskli qərar verdim, sistemi dəyişdim. Meydanın mərkəzində təzyiq etmək istəyirdik. Ramin Əhmədovu oyuna buraxmağımız uğurlu alındı. Həm rəqibin təzyiqinin qarşısını aldıq, həm də qələbə qolumuzu vurduq. Bizim üçün gərgin və maraqlı oyun oldu. Komanda böyümək istəyirsə, belə qələbələrə çox ehtiyac var. Qarşıda iki vacib matçımız var. Hələlik “Şamaxı” ilə oyuna köklənmişik. Mövsümün gedişində demişdim ki, hədəfimiz Konfrans Liqasıdır, amma şans varsa, bürünc medal əldə etməyə çalışacağıq".

- Baş məşqçi kimi Avropa arenasına çıxırsız. Hansı hissləri keçirirsiz?
- Oyundan qabaq da qarışıq hisslər var idi. Turnir cədvəlində gərgin durum yaranmışdı. İndi xüsusi hisslər yoxdur. Buna vaxt da yoxdur. Qarşıda oyunlarımız var. Yəqin ki, hissləri həmin oyunlardan sonra yaşayarıq. Belə şeyləri çox görmüşəm, qətiyyən boşalmaq olmaz. Hazırda 3-cü yeri tutmaq barədə düşünməliyik. Mövsümün sonunda bayram etməyə vaxtımız olacaq.

- Ramin Əhmədov sizin kəşflərinizdəndir. Amma uzun müddətdir, oynamırdı...
- Rəqabətə görə belə oldu. Oyundan əvvəl start heyətdə onu düşünürdüm. Məşqlərdə özünü yaxşı göstərmişdi. Orta xətdə böyük rəqabət var. Bu gün risk edib onu meydana buraxdıq, bundan yaxşı istifadə etdi. O, bura “Zaqatala”dan gəlib. Düşünürdüm ki, aşağı liqadan futbolçuları oynatmaq lazımdır. O vaxt fikirləşdiyim indi mənə qızıl xallar qazandırdı.

- “Zirə”nin indiki maddi durumu ilə avrokubokda hara kimi getmək mümkün olacaq?
- Bir işi bitirməmiş gələcək planlar barədə düşünmürəm. Bünövrəni elə qurmalıyıq ki, komandanı inkişaf etdirək. Nə qədər pul olsa, daha yaxşı çıxış edərik – bu barədə düşünmürəım. Çünki bizə mane ola bilər. Bütün fikrimizi buna yönəltmişik. Bundan sonra yavaş-yavaş düşünməyə başlayacağıq.

- Brayan Alseus komandaya gələndən elə də çox oynamır...
- Qış fasiləsində çox oyun buraxmışdı və komandaya da gec qoşulmuşdu. Bu da rəqabətda ona mane oldu. Təcrübəsi, ustalığı yaxşı səviyyədədir. Özüm də narahatlıq yaşayıram ki, ona kifayət qədər şans vermədik.

- Komandada qalacaq?
- Mövsüm bitdikdən sonra bu məsələlər barədə düşünəcəyik.

- Çantakiasla Lavalın epizodundan gərginlik yarandı. Sizcə, rəqib oyunçuya qırmızı vərəqə göstərilməliydi?
- Diqqətlə baxmaq lazımdı. Mən Azərin əllə oynamasına etiraz edirdim. Onu görmədim. Kənardan dedilər ki, zərbə vurub. Buna etiraz edirdim. Sakit məqamda 4-cü hakim izah etdi ki, sarı vərəqə deyildi.

- Davit Volkovu komandada saxlamaq çətin olmayacaq?
- Ola bilsin ki, çətinliklər yaşansın. Hər bir uğur olən yerdə futbolçulara diqqət olur. Maksimum çalışacağıq ki, komandada qalsın. Amma onu sıxmıram, istəsə, gedəcək. Qalmasını istəyirik, getsə, yerinə variantlar axtaracağıq.

- Avrokuboklara vəsiqə qazanan bütün komandaları yerli məşqçilər çalışdırır. Əvvəlki açıqlamalarınızın birində yerlilərə şans verilməsinin daha doğru olduğunu demişdiz...
- Mən kiməsə nəsə sübut etməyə çalışmıram. Başımı aşağı salıb işimi görməyə çalışıram, gerisi Allahdandır. Məni sevənləri, istəyənləri sevindirmək barədə düşünürəm.

Digər Xəbərlər
Xəbər Lenti