Qurban Qurbanov: "Mənim üçün çətin odur ki..." - VİDEO

25 Noyabr 2021 01:10 Qarabağ 1 196
Qurban Qurbanov: "Mənim üçün çətin odur ki..." - VİDEO

"Bu il Bakıda sonuncu avrokubok oyunumuz olacaq.

Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Futbolçuların istəyi və hazırlığı yaxşı səviyyədədir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda "Omoniya"y qarşı keçirəcəkləri Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis layiqli oyun göstərmək istədiklərini bildirib: "Meydanda ən yaxşı oyunlarımızdan birini sərgiləməyə və nəticə qazanmağa çalışacağıq.

Rəqib oyun sistemində bəzi dəyişikliklər edib. "Omoniya"nın sürətli hücumçuları var. Buna görə də diqqətli olmalıyıq".

Qurbanov UEFA Konfrans Liqasında iki oyunlarının qaldığını xatırladıb: "Bu matçın nəticəsindən asılı olmayaraq, hər şey son görüşdə məlum ola bilər. Bizə hər oyun çox vacibdir. "Kayrat"la ev və səfər matçlarımız vacib idi. Hər ikisində qalib gəldik. Sabahkı qarşılaşma da vacibdir. Futbolçularda arxayınlığın olmasını istəmirəm. Onlara hər matçda qalib gəlməyi və istəkli olmağı tapşırıram. Hər bir oyun kimi bu görüş də vacibdir. Amma "Bazel"lə İsveçrədəki qarşılaşma bundan da vacib olacaq. Hər görüşdə diqqətli olmalıyıq. Mən və komanda "Omoniya" ilə qarşılaşmaya çox ciddi hazırlaşırıq".

Təcrübəli baş məşqçi oyun planında ciddi dəyişiklik olmayacağını sözlərinə əlavə edib: "Bütün oyunlarda cüzi də olsa, dəyişiklik edir, öz sistemimizi qorumağa çalışırıq. Çox dəyişikliyi xoşlamıram. 1-2 dəyişiklik ola bilər. Komandanın daha da məsuliyyətli və diqqətili olmasını istəyirik".

Mütəxəssis rəqibdən böyük dəyişikliklər gözləmədiyini söyləyib: "Oyunlarını təhlil edir, hansı matçda neçə dəyişiklik etdiklərini bilirik. Həm çempionatda, həm də avrokuboklarda eyni sistemlə oynayırlar. Hücumda müəyyən dəyişikliklər edirlər. Onlar üçün də bu oyun vacibdir. Hücum planında sistemi dəyişiblər. Bu amil bizə problem yarada bilər, hazırlıqlı olmalıyıq".

Qurbanov İsmayıl İbrahimlinin öz formasını bərpa etdiyini diqqətə çatdırıb: "Futbolçumuzun oyun praktikası çatmır. Onun yavaş-yavaş meydanda olmasını istəyirəm. Oyunun gedişatına baxacağıq. Dəyişiklik lazım olduğu anda İsmayılı meydana buraxmağı düşünürük".

Baş məşqçi qış transfer dönəmində heyətə oyunçu ala biləcəklərini də gizlətməyib: "Futbolçu tapmasam, bu heyət yetərlidir. Oyunçulara həddindən artıq güvənirəm. Çox gözəl komandamız, istəkli futbolçularımız var. Bir neçə oyunçu ilə heyəti daha da yaxşılaşdırmaq istəyirəm. Həm hücum xəttinə, həm də mərkəzə minimum iki oyunçu götürmək niyyətindəyəm. Amma olmasa belə, əlimdəki heyət yetərlidir. Gənc oyunçularımız da var. Sadəcə, ehtiyatlı davranmaq üçün bunu istəyirəm. Bəzən zədə, cəza, pandemiya dönəmində düşünmədiyin xəstəliklər ola bilər. Yenə də komandamdan razıyam, istənilən matçda maksimum mübarizə aparmaq gücündəyik".

Mütəxəssis Ağdam təmsilçisinin fərqli turnirlərdə mübarizə apardığını bildirib: "Çətinlik çəkdiyimizi deyə bilmərəm. Futbolçuların təcrübəsi yetərincə artıb. Çempionatda az, avrokubokda isə çox azarkeş oyunları tribunadan izləyir. Buna köklənmək bir az çətindir. Futbolçu yorğun olduqda azarkeş ona motivasiya verir. Bəzən heyətdə 3-4 dəyişiklik edirik. Bəzənsə əvəzləmə sayı az olur. elə olub ki, 5 oyunçu meydana buraxmaq istəmişəm. Futbolçular bu rejimə öyrəşiblər. Bu ay bizim üçün çətin olmayacaq. Çünki milli komandanın oyunları yoxdur. Bu dövrdə matçlara hazırlaşmaqda elə də çətinliyimiz olmamalıdır. Baxmayaraq ki, futbolçular ilin sonunda evə getməyi fikirləşirlər. Mənim üçün çətini odur ki, futbolçular evi fikirləşməsinlər".

O, Azərbaycan təmsilçilərinin Kiprdəki matçlarda təxribatla üzləşməsinə də toxunub: "Bela hallar futbolçuların mübarizəsini daha da artırır. Azarkeşlərin çılğınlığı normaldır. Fransa çempionatında “Lion” – “Marsel” oyununda da bu tip hadisələr yaşanıb və hətta matç yarımçıq dayandırılıb. Bunlar normal hallardır. Təxribat isə fərqlidir. Bizə qarşı başqa təxribatlar olub. Belə hallar futbolçularımı, əksinə, daha motivasiyalı edib".

Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!