Medina bu sualı eşidib, qəhqəhə ilə güldü... “Qarabağ”ın “makina”sı ilə MÜSAHİBƏ

18 Sentyabr 2021 16:00 Qarabağ 2 059
Medina bu sualı eşidib, qəhqəhə ilə güldü... “Qarabağ”ın “makina”sı ilə MÜSAHİBƏ

Rəşad Sadıqovun “Qarabağ”ı tərk etməsindən sonra müdafiənin mərkəzində onu kimin əvəzləyəcəyi sual doğururdu.

Qurban Qurbanov Portuqaliyanın aşağı dəstələrində oynamış və heç kimin yaxından tanımadığı Kevin Medinanın transferinə “hə” dedi ki, portuqaliyalı futbolçu qısa müddətdə azarkeşlərin rəğbətini qazandı.

İndi “Qarabağ”ı və müdafiə xəttini Kevinsiz təsəvvür etmək çətindir. Adam rəqib futbolçular üçün rəsmən “divar” rolunu oynayır.

“Bazel”lə oyunu da yüksək səviyyədə keçirən Medina ilə müsahibə Konfrans Liqasının ilk qrup matçından sonra baş tutdu.

- "Qarabağ"a gəldiyin ilk gündən meydanda olduqca rahat görünməyə başladın. Buna səbəb nə idi?
- Xaraktercə sakit və soyuqqanlı olduğum üçün mühitə alışmaq baxımından problem yaşamıram. Və kənardan baxan insanlar rahat olduğumu asanlıqla görür. Bir də ki, insanda özünəinam yaxşı keyfiyyətdir. Belə olduqda, komanda yoldaşların da ruhlanır, həvəslənir.

- Komandada və meydanda rahat olduğun görünür. Bəs, paytaxtımız, insanlarımız haqda nə deyə bilərsən?
- Bakının gözəlliyi haqda məndən əvvəl burda olan legionerlər çox danışıb. Məncə, söylədiklərim yenilik olmayacaq. Həqiqətən möhtəşəm şəhərdir. Gözəl, mehriban, səmimi, yardımsevər insanlarınız haqda isə, nə desəm, az olar. Azərbaycan xalqında bir qüsur belə görməmişəm. Gəldiyim gündən özümə qarşı ancaq yaxşılıqlar görmüşəm. “Qarabağ”a transferim elan olunduğu ilk gündən insanların mənə olan inam və sevgisini ən yüksək dərəcədə hiss etməyə başladım. Özümü çox rahat hiss edirəm.

- Azərbaycanlı futbolsevərlər sənə "tank", "divar" ləqəbi qoyub. Maraqlıdır, əvvəl oynadığın komandalarda ləqəbin nə idi?
- Bəh-bəh... Nə gözəl ləqəblər qoşublar. Həqiqətən xoşuma gəldi. Sağ olsunlar. Əvvəlki komandalarımda mənə “makina” deyirdilər. Mənası işlək maşın deməkdir. Görünür, məşqlərdə çəkdiyim əziyyətin qarşılığı azarkeşlər tərəfindən qiymətləndirilir. Fanatların ümidlərini doğrultmaq və inamı qoruyub-saxlamaq üçün daha artığını etməyə çalışacam.

- Bir müdafiəçi adına topla rəftarın yaxşıdır. Daha öncə hansı mövqe(lər)də çıxış etmisən?
- Deyilənə görə, texniki imkanlarım yüksəkdir. Bəlkə də, bu, daha öncə fərqli mövqelərdə çıxış etməyimlə bağlı olub. Kollecdə oxuyanda sol cinah müdafiəçisi kimi oynamışam, sonradan bəzən dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirmişəm. Ümumiyyətlə, “Qarabağ”a gələnə kimi müxtəlif mövqelərdə şans qazanmışam. Ola bilsin, topla davranmaq bacarığı burdan yaranıb.

- "Qarabağ"la avrokuboklardakı uğurlu çıxışın Avropa karyerana şərait yarada bilər. Hansı ölkədə, çempionatda oynamaq istərdin?
- Hər bir insanın gənc yaşında arzuladığı peşəkar karyera olur. Və bu arzulara avrokubokların qrup mərhələsində oynamaq istəyi də daxildir. Bu gün çox yaxşı, güclü və qarşısında yüksək hədəflər duran komandada çıxış edirəmsə, bu məni sevindirir. Üstəlik, “Qarabağ” Avropanın aparıcı ölkələrinə yollanmaq üçün tramplin yolunu oynayan ideal komandadır. Açığı, uşaqlıqdan İtaliya və İngiltərə çempionatlarını bəyənirdim. Bu gün də belədir. Gələcəkdə nə olacağını zaman göstərəcək.

- Meydanda qəddar görkəmin var. Həyatda xasiyyətin necədir?
- (qəhqəhə ilə gülür) Bunu mənə çox adam deyib. Deyilənə görə, məşqlərdə belə, kənardan qəddar görünürəm. Bəli, oyun vaxtı hədsiz əzazil oluram. Bu da istəkdən irəli gələn bir şeydir. Bəzən rəqib komandalarda kolumbiyalı hücumçular olub və bir-birimizə qarşı oynamışıq. Baxmışam ki, nəsə soruşur, danışmaq istəyir, amma mən bundan yayınmışam. Oyun vaxtı başqa insan oluram, həyatda isə tam fərqli. Təsəvvür edin, səhər yuxudan oyananda üzümdə təbəssüm olur, yuxuya düşəndə də həmçinin. Meydandan kənarda gülərüz oluram.

- Azərbaycanda bəyəndiyin mərkəz müdafiəçisi kimdir?
- Azərbaycan çempionatında güclü müdafiəçilər var. Komanda yoldaşım olduğuna görə demirəm, daha çox Maksim Medvedevi fərqləndirərdim. Maksim əsasən sağ cinah müdafiəçisi olmasına baxmayaraq, mərkəz müdafiəçisi kimi də olduqca inamlıdır. Onun ağıllı oyununu qeyd edərdim. Vaxtında müdaxilə edir, sığortalayır, cəldliyi. Bir sözlə, təcrübəsindən maksimum yararlanır. Medinadan sonra bəyəndiyim ən yaxşı mərkəz müdafiəçisi Maksim Medvedevdir (gülür).

- Bəs, çempionatımızda ehtiyat etdiyin hücumçu?
- “Neftçi”ylə sonuncu oyunda rəqibin heyətində ikinci yarıda meydana çıxan braziliyalını çox bəyəndim (Ramon Maçado – H.). Meydanda olduğu müddətdə nəyə qadir olduğunu göstərdi. Çox təhlükəli forvarddır. Bir də, İbrahima Vadjini fərqləndirərdim. Komandamıza gəldiyi gündən məni yaxşı mənada təəccübləndirir. Topla və topsuz hərəkətləri, sürəti, “açılnağı” – mənə İtaliya və İspaniya çempionatlarında top qovan hücumçuları xatırladır.

- Debüt ilində ölkə çempionu ola bilmədin. Cari mövsümdən nə gözləyirsən?
- “Qarabağ”dakı ilk mövsüm mənə təcrübə baxımından çox şey qazandırdı. Əlbəttə, çempionluğun qazanılması da yerinə düşərdi. Açığı, bunu çox istəyirdim. “Qızıl”ı son anda əldən verməyimizə şok oldum. Halbuki, çempionluğu arzu edirdim. Alınmadı, eybi yox. İndi hamımız çempionluq iddiasındayıq. Hətta bazada çalışan qadınlar belə, çempionluq arzu edir. Ötən mövsüm buraxdığımız səhvlərdən nəticə çıxarmışıq.

- Ən çox hansı sualı bəyəndin?
- Sualların hər biri maraqlı idi, birini digərindən fərqləndirmək olmur. Amma ən çox bəyəndiyim bayaq qəhqəhə ilə güldüyüm “meydanda qəddar görkəmin var” sualı idi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu