"Anama görə ayrıldım" - 13 dəfə narkoz qəbul etmiş çempion

2 Dekabr 2020 21:20 Müsahibə 1 025
"Anama görə ayrıldım" - 13 dəfə narkoz qəbul etmiş çempion

Sportinfo.az güləş üzrə dünya və Olimpiya çempionu Fərid Mansurovun müsahibəsini təqdim edir:

- Fərid bəy, torpaqlarımız işğaldan azad edildi, düşmən üzərində qələbə qazandıq. Prosesi necə izlədiz?

- Başda cənab prezdentimiz İlham Əliyev olmaqla xalqımızı təbrik edirəm. Çox uğurlu və möhtəşəm bir qələbə qazandıq. Azərbaycan vətəndaşı olaraq bu günü çoxdan gözləyirdik. İdman ordusu hər zaman Ali Baş Komandanımızın yanındadır və daim əmrini gözləyirik.

İdman ictimaiyyəti hər il müxtəlif beynəlxalq yarışlarda iştirak edir. Bu yarışlara paralel olaraq ermənilər də qatılırlar. Düzdür, yarış meydanlarında erməni üzərində qələbələrimiz çox olub. Ancaq özümüzü pis hiss edirdik ki, torpaqlarımız işğal altındadır. Şükür, torpaqlarımız işğaldan qurtuldu.

İdmançılarımız bundan sonra yarışlarda daha ürəkdən çıxış edəcəklər. İndi hünər meydanında erməniləri daha ürəklə məğlubiyyətə uğradacağıq.

- Olimpiya və dünya çempionu kimi yarışlarda ermənilərə qalib gəlmisiniz. Onlar tərəfindən hansısa provokasiyaya məruz qalmısınızmı?

- Beynəlxalq yarışların öz protokol qaydaları var. Bizim karateçilərimiz İranda yarışlarda iştirak edəndə ermənilər qondarma Dağlıq Qarabağ respublikasının bayrağını qaldırmaq istəmişdilər. Buna bizim idmançılarımız imkan verməmişdilər.

Belə provokasiyalar zaman-zaman baş verib və həmişə idmançılarımız, məşqçilərimiz və Azərbaycandan gedən heyət onun qarşısını alıb.

- İlk olaraq işğaldan azad edilən hansı şəhərlərimizə getmək istəyərsiniz?

- Mənim arzum odur ki, işğaldan azad edilmiş bütün torpaqlarımızı gəzim. Amma daha çox ordumuzun əlbəyaxa döyüşlə aldığı Şuşanı görmək istəyirəm.

- "Tərəqqi” medalı və “Şöhrət” ordeninə layiq görülən idmançı kimi Dağlıq Qarabağda idman sahəsində nə kimi işlər görməyi planlaşdırırsınız? Orada güləş idman zalları açmağı düşünürsünüzmü?

- Bu gün ölkəmizdə 45-dən çox Olimpiya İdman Kompleksi və idman zalları fəaliyyət göstərir. İşğaldan azad edilən torpaqlarımızda idman strukturları məhv edilib, mədəni irsimizlə yanaşı... İnanıram ki, bu torpaqlarımızda ilk işlərindən biri idman komlekslərinin tikintisi olacaq. Məcburi köçkünlərimiz öz yurdlarına qayıtdıqdan sonra orada təbii ki, idman komplekləri, idman zalları fəaliyyət göstərəcək.

Hər il ölkəmizdə müxtəlif idman yarışları təşkil edilir. Avropa yarışları, İslam Həmrəylik Oyunları, Olimpiya Oyunları, Formula l keçirilir. İnanıram ki, belə tədbirlər bizim işğaldan azad edilən torpaqlarımızda da təşkil olunacaq.

- Yunan-Roma üzrə yığma komandanın baş məşqçisi, Güləş Federasiyasının vitse-prezidenti və bu kimi bir çox vəzifələrdə çalışmısınız. 2016-cı ildən İdman və Gənclər Nazirliyinin şöbə müdirisiniz. Vəzifə idmana nə dərəcədə mane olur?

- İdman kariyerası elədir ki, hər şey proqramla, təlim-məşq toplantıları, yarışlar və sair üzrə təşkil edilir. Məşq etdin, qurtardın, vaxtını digər işlərə sərf etmək idmanda alınmır. İdmanda məşq hazırlığ ilə yanaşı düzgün qidalanma və yuxu rejimi də vacib rol oynayır. Ona görə də idmanla məşğul olanda digər sahələrə vaxt ayırmaq çətin olur.

Hazırda Gənclər və İdman Nazirliyində çalışıram. İşi dayandırıb, idmanla məşğul olmaq düz gəlmir. Hazırda ancaq vaxtım olanda idman edirəm. Dövlət qulluqçusu kimi işimi dərk edirəm. Bilirəm ki, məsuliyyətimiz böyükdür. Əvvəl tək özümüz üçün məsuliyyət daşıyırdıqsa, indi elə deyil.

Dediyim kimi, yalnız boş vaxtımız olanda idman edirik. Gənclər və İdman Nazirliyi olaraq saat 7-dən sonra həftədə iki dəfə, bir dəfə futbol oyunlarımız, bir dəfə də stolüstü tennis olur. Bu, könüllüdür, kim istəsə futbola, kimi də stolüstü tennisə qoşulur.

İndi pandemiyaya görə idman zalları bağlıdır. Amma pandemiyadan öncə işdən sonra məşq edirdim. Yenə, inşallah, hər şey düzələr və məşqlərimizə başlayarıq.

- 13 dəfə nazkoz qəbul etməyinizi və ananızın narahatlığını nəzərə alaraq 2010-cu ildə 28 yaşınızda idman karyeranıza son qoymusunuz...

- Həmişə yığma komandaya gedir, orada gənc güləşçilərimizlə güləşirəm. Dünya və Olimpiya çempionu kimi öz tövsiyələrimi verirəm. Az da olsa onda gözümün qurdunu öldürürəm (gülür).

Qeyd etdiyiniz kimi idmandan tez ayrıldım, 28 yaşımda karyerama son qoydum. Çox əməliyyatlar keçirdim, sonuncu dəfə 2010-cu ildə Bakıda Avropa Çempionatında çənə nahiyəsində qırıqlar oldu. Sonra anam professional idman karyeramı davam etdirməyimi istəmədi. On görə də professional idmanı saxladım. Düzdür, mənə həddindən artıq çətin oldu. Anamın sözünü isə yerə sala bilməzdim...

- Ananız sizin yarışları izləyirdimi?

- Xeyr, mənim oyunlarımı izləyə bilmirdi. İndi də görüntülərə baxanda valideylərim kövrəlirlər, zədələrimi xatırlayırlar. Yığma komandamızda 30-32 yaşlı idmançılarımız var, hələ də karyeralarını davam etdirirlər. 28 yaş idman üçün ən yaxşı vaxt idi, insan idmanı daha dərindən dərk edir. Ancaq elə dəyərlər var ki, biz onu qurban verməyə hazırıq. Bu, valideyn dəyəridir.

- İdman karyeranıza davam etsəydiniz hansı arzularınızı həyata keçirərdiniz?

- Mən Avropa Çempionu olmamışam. Dünya və Olimpiya çempionuyam. Amma bir idmançı kimi medal kolleksiyamda Avropa medalını da görmək istəyirdim. O da qismət olmadı, zədələr imkan vermədi. O mənim yaralı yerimdir ki, amma hər zaman Avropa yarışlarından çox dünya yarışlarına hazırlaşırdım. Çünki Avropanı o qədər də prioritet hesab etməmişəm. Dünya çempionu olmaq daha çətin və üstündür.

Yarışlara gedərkən anam ilk olaraq can sağlığı, sağ-salamat gedib-gəlməyimizi azrulayırdı, mənimlə paralel komanda yoldaşlarıma da.

Yuxarıdada da qeyd etdiyim kimi idman sahəsində zədələrim çox olurdu. Buna baxmayaraq zədə ilə məşqlərimi edirdim. Kənardan görünməsə də bunu valideynlərim görürdü və əziyyətimi daha çox hiss edirdilər. Ağrılı, qabırğası qırıq vəziyyətdə gənclər arasında dünya birinciliyində qalib olmuşam.

Valideyn üçün birinci övladının sağlığıdır. Amma çənəm qırılanda anam elə sözlər dedi ki, ondan keçə bilmədim.

- Zamanla idmana qayıtmaq istəmisinizmi?

- Əlbəttə ki. Amma reallıq deyilən bir şey var...

- Özünüzü şanslı idmançı hesab edirsinizmi?

- Bəli. Çünki idmanın ən ali qələbəsi olan Olimpiya və Dünya çempionu olmuşam. Ancaq şanssız hesab etdiyim məqamlar da var, 2002-ci ildən 2010-cu ilə qədər böyüklər arasında yarışlarda güləşdim və bu da idmançı üçün çox az müddət idi. Bu vaxt ərzində isə iki il zədə almışdım və idmandan uzaqlaşmışdım.

Böyüklər arasındakı nəticəni altı il ərzində göstərmişəm. Rəqibi analiz etməyi və öz üzərimdə işləməyi fərd olaraq bacarırdım. Sağlamlığım imkan versəydi yenə də qələbə qazanardım. Mən öz çəkimdə rəqiblərin çəkinəcəyi idmançı olmuşam.

- Siz dövlət qulluqçusu kimi fəaliyyətinizə davam edirsiniz. Ümumiyyətlə, bəzi idmançılar karyeralarına tez son qoyurlar. Bu nədən irəli gəlir? İdmançıların psixoloji vəziyyəti, iradəsi haqqında nə deyə bilərsiniz?

- Hər bir işin görünən və görünməyən tərəfləri var. Azarkeşlərin gördüyü hissə idmançının yalnız qalib və məğlub olmasıdır. Ancaq hazırlıq, zədəli vəziyyətdə məşq etmək, ailə problemləri, eyni zamanda psixoloji gərginliklər olur. Bunlara dözmək və məşq eləmək böyük iradə tələb edir.

İdmanın görünməyən tərəfləri çoxdur. İdman sahəsinin ömrü qısadır. Mən də ona görə deyirəm ki, idmançılar təhsillərinə də fikir verməlidirlər. İdmandan ayrılmaq mənə çox ağır gəlirdi. Hər dəfə uşaqlar məşqə çıxanda düşünürdüm ki, mən də güləşə bilərdim...

- Sizin adınız üzünüzdən çox tanınır...

- Biz dostumuz deyir ki, sizi yeni nəsil yaxşı tanımır (gülür). Bunda da məsuliyyət məşqçi və valideynlərin üzərinə düşür. Nəticə verən idmançılarımızı tanımalıyıq. Özümü reklam etməyi sevmirəm.

- Gələcəkdə siyasətə qatılmağı düşünürsünüz?

- Mən dövlət qulluçusuyam və idman da siyasətin bir qoludur. Şükür Allaha, bizim millət qədrini bilən yaxşı deputatlarımız var.

- Uşaqlıq illəriniz necə keçib? Necə uşaq olmusunuz?

- Gürcüstanda doğulmuşam. İki yaşımdan Bakıya gəlmişik və Binə qəsəbəsində yaşamışıq. Dəcəl uşaq idim, ümumiyyətlə, məhəllə uşaqlarımızın hamısı dəcəl idi. Bütün gün məhəllədə futbol, rezinka, ənzəli oynayırdıq. Atam ailədə təhsilə çox önəm verib və pis oxuyanda danlayıb, tənbeh edib. Uşaqlıqda taekvondo və eyni zamanda güləşə gedirdim. Məktəbdə dərslərimi də yaxşı oxuyurdum, əlaçı idim.

Valideynlərim məni bir dəfə stolun üstündə yatarkən gördülər və dedilər ki, idmandan birini yığışdır. Güləşdə yarışa çıxmışdım və medalım var idi. Amma taekvondoda yarışa çıxmamışdım. Medalım olduğuna görə güləş idman növünü seçdim, taekvondodan uzaqlaşdım.

9-cu sinifə qədər həkim olmaq istəyirdim və bu sahəyə böyük həvəsim olub. Cərrah olmağı arzulayırdım. İndi də iynə vurmağı və sistem qoşmağı bacarıram. 1997-ci ildə yeniyetmələr arasında dünya birinciliyində ikinci yerə layiq görüldüm və idmana daha çox vaxt ayırdım, təlim-məşq toplanışları, gündə iki dəfə məşq... Sonra gördüm ki, təhsildən geri qalıram. Həm də düşündüm ki, həkimlik elə bir peşədir ki, insanın həyatı, taleyi sənin əlində olur. Ona görə bir az ehtiyat etdim.

- Övladlarınızı gələcəkdə hansı sahədə görmək istəyirsiniz?

- Üç övladım var, bir qız, iki oğlan. Allah bütün balaları saxlasın. Ən böyüyün on yaşı, ən kiçiyinsə iki yaşı var. Biz ilk növbədə çalışmalıyıq ki, övladlarımız fiziki və mənəvi baxımdan sağlam, vətənpərvər və ailələrinə, dövlətlərinə layiqli övlad olsunlar. Mən heç vaxt ya sırf idman, ya da sırf təhsillə məşğul olsun fikri ilə razılaşmamışam. Əgər bir idamançı böyük uğurlara imza atıbsa, o, savadsız ola bilməz. İdmanda elə şeylər baş verir ki, sən ani məqamda qərar verməlisən. Bu isə zəkilikdən xəbər verir.

Böyük uğur əldə etmək üçün böyük fiziki qüvvə bəs etmir, gərək savadlı da olasan. Hər zaman valideynlərə demişəm ki, idman növünü seçməyi uşağın öhdəsinə buraxın, amma təhsilinə siz fikir verin.

- Fərid Mansurov necə atadır?

- Ata kimi arzularım var, istəyirəm ki, övladlarım Vətənə layiqli olsunlar. Necə ata olduğumu isə özüm deyə bilmərəm.

- Jest etməyi sevirsiniz?

- Jest deməzdim, amma yaxşılıq etməyi sevirəm. Adam var ki, yaxşılıq etməkdən zövq alır. Adam da var ki, sanki yaxşılıq edəndə ona nəsə olur. İnsanlara yaxşılıq etməyi çox sevirəm. Biz həmişə çalışmalıyıq ki, bir-birimizə kömək edək. Bu gün torpaqlarımızın azad edilməsində xalqımızın birliyi çox rol oynadı. Əsgər fikirlərşirdi ki, dalımca xalqım gəlir. Millət olaraq birliyimizi sübut etdik.

- Mütaliə ilə münasibətiniz necədir?

- Mən Çingiz Abdullayevin əsərlərini çox sevirəm, "Qanın üç rəngi", "Mavi mələklər" və s. Xüsusilə, dedektiv əsərlərə üstünlük verirəm.

- Hansı filmləri izləyirsiniz?

- Milli filmlərimizi daha üstün bilirəm, hər dəfə izləyəndə yeni bir şey öyrənirəm. Hər yaşda insan yeni nə isə dərk edir. "Axırıncı aşırım", "Bəyin oğurlanması" filmlərini təkrar-təkrar izləməyi sevirəm.

- Hansı musiqini dinləyirsiniz?

- Hər janrda musiqi dinləyirəm. Xüsusilə, Alim Qasımov, Şövkət Ələkbərova, Könül Xasıyevayanın mahnılarına qulaq asıram (teleqraf/com).

Rəqsanə Həsənova

Digər Xəbərlər
Xəbər Lenti