Hikmət Hacıyev "Qarabağ" rəhbərliyinə nə söyləyib?

29 Noyabr 2020 20:00 Müsahibə 1 444
Hikmət Hacıyev "Qarabağ" rəhbərliyinə nə söyləyib?

"Qarabağ" dünən 27 ildən artıq müddətdən sonra doğma Ağdama, İmarətə qayıtdı.

Komanda səfər müddətində Ağdam məscidini, kapitanları və baş məşqçiləri olmuş milli qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət etdi. Sonda isə İmarət stadionuna baş çəkib, hətta orada futbol oynadılar.

Tarixi səfərlə bağlı "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Sportinfo.az-a müsahibə verib.

- Əmrah bəy, uzun müddətli həsrət sona çatdı. "Qarabağ"la doğma Ağdama, İmarətə səfər etdiniz. Təsuratlarınız necədir?

- Ağdam səfəri çox xoş oldu. İllərdi gözlədiyimiz səfər idi. Amma çox üzüldük ki, orada heç bir tikili salamat qalmayıb. Bunu görmək bizi üzdü. Amma önəmli olan oraların bizim olmağı, bizə qayıtması çox sevindirici haldır.

- Daha çox sizi üzən nə oldu?

- Evlər hamısı dağılıb, yerlə-yeksan olub. Bu şeyləri insan edə bilməz. Çox ağrılı mənzərə idi.

- Əcnəbi futbolçuların hamısını bu səfərdə gördük. Müharibədən çıxan ərazilər olduğunu nəzərə alsaq, aralarında getməkdə bağlı tərəddüt edənlər oldumu?

- Əlbəttə, xeyr. Onlar da bilirdilər ki, belə bir səfərimiz var. Canla-başla və çox istəkli şəkildə səfərdə oldular.

- Əmrah bəy, "İmarət" azarkeş qrupunu səfərə gedənlər arasında görmədik və bu bir qədər narazılıq yaratdı ...

- Bu diplomatik korpus nümayəndələrinin Ağdama olan səfəriydi. Bizim də orada olmağımız xaricdən gələn diplomatların Qarabağ reallığını görmələri üçün təşkil edilmiş dövlət səviyyəli tədbir idi. "Qarabağ" olaraq biz də oraya dövlət tərəfindən dəvət olunmuşduq. Biz tərəfdən təşkil edilmiş səfər deyildi. Belə olsa, zatən ilk "İmarət"i yanımızda görəcəyik.

- "İmarət"lə də Ağdama səfər etməyi düşünürsünüzmü?

- Daha öncəki gün Türkiyədən səfərdən gəldik. Dünən Ağdamda olduq, bu gün də oyuna. Komanda çox sıx qrafikdədir. Amma bu o demək deyil ki, ora getməyəcəyik. Əlbəttə, böyük sevinclə gedəcəyik. Həm də "İmarət"lə və öz çevrəmizlə gedəcəyik.

- Prezidentin köməkçisi Hikmət Hacıyevin "Qarabağ"la olan isti münasibəti və sizinlə futbol oynaması böyük maraqla qarşılandı. Ümumiyyətlə, Hacıyevlə aranızda "Qarabağ"la bağlı hər hansısa müzakirə aparıldımı?

- Hikmət bəy çox sadə və gözəl insandır. Ümumiyyətlə, səfər müddətində bir yerdə olduq. Bizimlə çox yaxın münasibət göstərdi. Amma dediyim kimi, oraya olan səfərin məqsədi "Qarabağ" futbol klubu deyildi. Yəni "Qarabağ"a həsr olunmuş bir səfər deyildi. Onun başqa qonaqları vardı. Onlarla birlikdə idi. Onlarla söhbətləşir, başverənləri izah edirdi. Buna baxmayaraq bizimlə də hər saniyə təmasda oldu. Bizimlə futbol oynamağa da fürsət tapdı. "Qarabağ"a olan sevgisindən də danışdı. Çox unudulmaz bir səfər oldu.

- Bildiyimimiz qədərilə "Qarabağ" qara rəngli formalardan Ağdamın işğalından sonra istifadə etməyə başlayıb. Təmsil olunduğunuz bölgənin azad olunmasında sonra "Qarabağ"ın qara rəngli formalardan imtina etməsi planlaşdırılırmı?

- Ola bilər. Mən qarşı deyiləm, amma hələ ki, bu barədə düşünməmişik. Bizim formaların keyfiyyəti əsasdır.

- Nurlan İbrahimovun məsələsində hər hansısa dəyişiklik varmı?

- Hələlik heç bir yenilik yoxdur. Amma bu yöndə mübarizəmiz davam edir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti