Rauf Əliyev: "Füzulidə komanda yaratmaq istərdim"

14 May 2020 15:46 Müsahibə 6 201
Rauf Əliyev: "Füzulidə komanda yaratmaq istərdim"

Sportinfo.az-ın "Keçmiş, bu gün, gələcək" adlı rubrikası davam edir.

Bu dəfə ki müsahibimiz "Səbail"in və Azərbaycan millisinin hücumçusu Rauf Əliyevdir.

- Azərbaycanda uşaqlar futbola müxtəlif səbəblərdən gəlir. Kimisi istedadına görə, kimisi valideyn məcburiyyətindən, kimisi də gələcəkdə yaxşı pul qazanmaq həvəsi ilə bu yola üz tutur. Səndə bunlardan hansısa olub, yoxsa tamam fərqli versiyadır?

- Futbola öz həvəsimlə gəlmişəm. Marağım olub,yoxsa uşaq vaxtı başqa nə fikir ola bilərdi ki.

- Zaman-zaman uşaq futbolunda olan rüşvətdən danışılır. Belə halla nə vaxtsa üz-üzə qalmısanmı?

- Yox, bizim vaxtlarda belə bir şey heç vaxt olmayıb. Amma indiki dövr haqda bir söz deyə bilmərəm. Hazırda pullu məktəblər də var. Bu baxımdan çox fikir bildirə bilməyəcəm.

- Bəzən futbol sevgisi oxumaq həvəsini arxa plana atır. Səndə necə olub? Ümumiyyətlə, oxumaq həvəsin olubmu?

- Oxumağa həvəsim olmayıb. Heç vaxt oxumamışam.

- İstənilən futbol həvəskarının mütləq ki, bir idealı olub. Səndə bu kim idi?

- İdealım olmayıb. Bəyəndiyim futbolçular çox olub. Amma sırf kimisə idealım olaraq seçməmişəm.

- Azərbaycan insanı gələcəyini çox düşünəndir. Məsələn, əlinə bir az pul keçən kimi ev almağı, obyekt açmağı düşünür. Səndə bu baxımdan vəziyyət necədir?

- Əlbəttə ki, özünə gələcək qurmaq üçün bunları etməlisən. Heç futbolçu yox, hansısa sıravi azərbaycanlı da gələcəyin fikirləşir. Şükür Allaha biz də futbolun hesabına özümüzə güzaran qura bilmişik. Bütün dünya insanı belədir. İmkan olanda özünə nəsə alır.

- Hər futbolçunun öz potensialına görə xəyal etdiyi karyerası olur. Səncə, potensialın imkan verən ən yüksək nöqtəyə çata bilmisən, yoxsa daha çoxuna nail ola bilərdin?

- Futbolda bəzən şanssızlıqlar da olur. Bu günkü gün karyeramdan razıyam. Amma müəyyən axsamalar, zədələr, şanssızlıqlar, yalnış komanda seçimi olmasaydı, bəlkə də, daha yaxşı ola bilərdi.

- Qonşu Gürcüstandan, düşmən Ermənistandan belə xaricdə tanınmış futbolçular var. Yerli futbolçularımız isə ya xaricə getmir, ya da gedib uğursuzluq yaşayır. Bu sirli düyünü niyə aça bilmirik?

- Bizdən əvvəl xaricdə yaxşı karyerası olan futbolçularımız olub. Sonradan müəyyən axsamalar oldu. Elə dövrə gəldik ki, bizim 22-23 yaşımız olanda hamımız təkliflər alırdıq. O vaxtlar azərbaycanda böyük məbləğdə pullar vardı. Heç kim risk etmək istəmirdi. Hamı qalıb, burda pulunu qazanmaq istəyirdi. Amma indiki dövrdə getmək, bəlkə, daha asandı. Ancaq yenə də futbolçuların öz seçimidi. Eləsi var risk etmək istəmir, eləsi də var yaxşı meneceri olmur. Yəni ki, bu problemlər yolu bağlayır. Ancaq Gürcüstan və digər ölkələrdə futbolçunun konkret fikri kənara çıxmaq olur. Baxırsan ki, ortabab oyunçudu, amma avropanın normal klublarına gedib çıxa bilir. Bunda menecerlərin də rolu böyük olur.

- Təsəvvür edək ki, hazırda baş məşqçisən. Komandanda yerli futbolçulardan ibarət hansı 5-liyi görmək istərdin?

- Bunu deməkdə çətinlik çəkirəm. Gərək bu haqda bir az fikirləşəm. 11-lik olsa yenə hə, amma 5-lik seçmək çətin olar.

- Karyerasını bitirən futbolçulardan baş məşqçi, biznesmen olanı da var, çayxanada gün keçirəni də. Sənin gələcəklə bağlı planların necədir?

- Hansısa plan qurmamışam. Futbol sahəsində olmaq istərdim. Son günlər evdə qaldıqca görürsən ki, futbolsuz qalmaq çətindir.

- Hazırkı baş məşqçin xaric, bu günə qədər işlədiyin baş məşqçilərdən hansını xüsusi fərqləndirərdin?

- Qurban Qurbanov və Mlinko Pantiçi qeyd edə bilərəm.

- Dostluq etdiyin əcnəbi futbolçu varmı?

- Lap yaxın olduğum yoxdur. Amma əcnəbilərlə hər zaman normal münasibətim olub.

- Gələcəkdə yaxşı imkanın olsa, hansı bölgənin futboluna yatırım qoyardın?

- Əlbəttə ki, hər kəs öz doğma torpağın deyər (gülür). Füzulidə komanda yaratmaq istərdim.

- Müstəqillik tarximizin ən güclü futbolçusu kimi hesab edirsən?

- Karyerasına baxanda Nazim Süleymanovu deyə bilərəm. O, Rusiya çempionatında çempion olub, bombardir olub. Çempionlar Liqasında "Liverpul"a qarşı çıxış edib.

- Karyeranda saysız-hesabsız oyuna çıxmısan. Ən yadda qala oyun hansı olub və niyə?

- Vacib oyunlar çox olub. Mən sırf 2011 ilini qeyd edə bilərəm. Həmin vaxt ilin oyunçusu seçilmişdim. Belçika və Qazaxıstanla görüşlərdə fərqlənmişdim. Daha çox yadımda qalan o ildəki çıxışımdır.

- Zamanı geri qaytarsaydılar karyerandakı hansı qərarı dəyişərdin?

- Albaniyaya getmək qərarın dəyişərdim. Həmin vaxt başqa bir klub seçsəydim, daha uğurlu ola bilərdim. Belə bir şansım da vardı. Amma Albaniya variantın seçdim və ən problemli yerə gedib çıxdım.

Seçdiyin forma nömrəsinin xüsusi səbəbi varmı?

- Hər zaman "11 nömrə"ylə oynamışam. Ancaq bu nömrə mənim üçün vacib olmayıb. Sadəcə, uşaq vaxtlarında hər zaman təsadüf alınıb 11 nömrə ilə çıxış etmişəm. Sonradan klublarda və millilərdə də bu nömrə qismət oldu.

- Keçmişini qaytarsalar bu gününü qurban verərsən, yoxsa düşünürsən ki, keçmişlə bu günün vəhdəti yaxşı gələcək vəd edir?

- Hər günümə şükür edirəm.

- Futbol karyeranda baş verən ən maraqlı və gülməli hadisə hansı olub?

- Nizami Hacıyev haqqında maraqlı bir hadisə olmuşdu. Bir gün klubda həkimlər çəkiyə baxırdı. Nizami də 2-3 gün məşqləri buraxmışdı. Həkim onu tərəziyə çıxarıb. Səhər-səhərdir, biz də yatmışıq. Eşidirik ki, Nizami həkimlə mübahisə edir. Biz futbolçular, adətən, həkimlərə xahiş edib maksimum 1 kilo aşağı yazdırırıq. Səs-küyə gəldik ki, bəs həkim, nə olub? Qayıtdı ki, Niazmi 6 kilo çəkinin söhbətin edir (gülür). Sən demə, Nizami çəkisin bu qədər aşağı yazdırmaq istəyirmiş.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti