Qurbanov: "Birinci olsaq, biz də onlara yuxarıdan-aşağı baxarıq"

7 Mart 2020 15:04 Müsahibə 2 375
Qurbanov: "Birinci olsaq, biz də onlara yuxarıdan-aşağı baxarıq"

"Keşlə"nin yarımmüdafiəçisi Ruslan Qurbanov Sportinfo.az-a müsahibə verib:

- Qış fasiləsindən bəri, nəhayət ki, "Sumqayıt"la ötən tur matçında meydana çıxdınız. Zədəniz tam sağalıb?
- Mən toplanış zamanı Tula "Arsenal"ı ilə görüşdə topuq nahiyəmdən zədə almışdım. Təxminən 15 gündür məşqlərə başlamışam. Formanı bərpa etmək üçün çox məşq etməliyəm. Məsələn, komanda gündə bir dəfə məşq keçirsə, mən iki məşqə çıxıram. Səhər trenajor zalında hazırlaşıram, axşam kollektivə qoşuluram.

- Artıq oynamağa tam hazırsınız?
- Haradasa 70-80 faiz hazıram. Təbii ki, daim meydanda olmaq istəyirəm. Məşqlərimi edirəm və Tərlan müəllimin şans verəcəyi vaxtı gözləyirəm. Komandama kömək etmək istəyirəm. Ümid edirəm ki, "Qarabağ"la matçdan sonra tam hazır vəziyyətdə olacağam. Əlbəttə ki, heç bir futbolçu ehtiyatda oturmaq istəməz. Mən də əsas heyətdəki yerimi qaytarmağa çalışacağam.

- "Keşlə" ikinci yarıda keçirdiyi 5 oyunun yalnız ikisində qələbə qazanıb. Bu enişin səbəbi nədir?
- Baş məşqçinin tapşırıqlarını 1-2 oyun istənilən səviyyədə yerinə yetirə bilmədik. Sonra "Zirə" ilə matçı komandamız yüksək səviyyədə keçirdi. Ola bilsin ki, "Zirə"nin də oyunu alınmadı. "Sumqayıt"la görüşü də normal keçirdik və uduzmadıq. Bizim üçün hər oyun çox vacibdir və meydana qələbə üçün çıxırıq. Ancaq ən pis vəziyyətdə məğlub olmamaq da qaneedicidir. Əsas odur ki, meydanı xalla tərk edək. Mövsümün sonuna 9 tur qalıb. "Sumqayıt", "Sabah", "Zirə", "Səbail" hər an bizə çata bilərlər. Rahat olması üçün onlarla xal fərqini bir qədər də artırmaq istəyirik.

- Mövsümü ikinci və ya üçüncü pillədə bitirməyin sizin üçün fərqi varmı?
- Əlbəttə ki, var. Biz mövsümü ikinci pillədə bitirmək istəyirik.

- Amma "Neftçi"dən 4 xal geri düşmüsünüz. Onları qabaqlamaq çətin olmayacaq?
- "Neftçi" bir oyunda məğlub olsa və biz qələbə qazansaq, xal fərqi 1-ə enəcək. Bu baxımdan xal fərqinin böyük olduğunu düşünmürəm. Ancaq bizim əsas hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Təbii ki, ikinci yeri tutmaq daha yaxşı olar.

- Tərlan Əhmədovun oyunlar zamanı sizdən ən böyük tələbi nədir?
- Ən böyük tələbi top saxlamağımız, paslaşmağımızdır. Bəzi oyunlarda bu tapşırığı yerinə yetirə bilmədik, ikinci toplarda rəqibə uduzduq. Məsələn, "Neftçi" ilə matçda topa sahib olma rəqibdə 70 faiz idi. Biz yalnız qol vurandan sonra yaxşı oynamağa başladıq. Tərlan müəllim istəyir ki, topu nəzarətdə saxlayaq və daim pressinq tətbiq edək. Bunu etdiyimiz zaman bizdə hər şey alınır.

- XX turda sabah lider "Qarabağ"la qarşılaşacaqsınız. Bu dəfə istədiyiniz oyunu göstərə biləcəksiniz?
- Bilirəm ki, çox çətin oyun olacaq. Son çempiona qarşı mübarizə aparacağıq. Ancaq onlara qarşı oynaya biləcəyimizi artıq sübut etmişik. Birinci turda 78-ci dəqiqədə qol buraxaraq onlara uduzduq. Amma ikinci dövrədə "Qarabağ"la heç-heçə etmişik. Sabahkı qarşılaşmada da uduzmaq üçün meydana çıxmayacağıq. Rəqib güclü olsa da, onlarla mübarizəyə tam hazırıq. Baxımlı oyun sərgiləmək və xal qazanmaq istəyirik.

- Bir az da milli komanda barədə. Yığmamız Millətlər Liqasında Kipr, Monteneqro və Lüksemburqla eyni qrupa düşüb. Şansları necə dəyərləndirərdiniz?
- Komandamız güclü qrupa düşüb. Hədəf yalnız qrup birinciliyi olmalıdır. İndi zəif komanda yoxdur. Rəqiblərimiz də kifayət qədər yaxşı heyətə malikdirlər. Futbol inkişaf edir. Ancaq komandamıza güvənirəm. Ümid edirəm ki, yığmamız birinci yeri tutar, bütün Azərbaycan bunu bayram edər.

- Ancaq rəqiblər millimizə yuxarıdan aşağı baxırlar...
- Problem yoxdur, onlar belə baxmaqda davam etsinlər. Onların nə düşündükləri bizə maraqlı deyil. Yalnız öz oyunumuz barədə düşünməliyik. Tapşırıqları meydanda yerinə yetirə bilsək, qrup birincisi olacağıq, o zaman biz də rəqiblərə yuxarıdan aşağı baxarıq.

- Millimizin əsasını Premyer Liqadakı oyunçular təşkil edir. Rəqiblərdə isə kifayət qədər legioner futbolçu var. Bu amil hədəfə çatmaqda çətinlik yaratmayacaq?
- Doğrudur, onların güclü çempionatlarda oynayan futbolçuları var. Bizdə isə legioner sayının az olması çox pis haldır. Buna baxmayaraq, zəif olmadığımızı sübut etməliyik. Çünki İngiltərə, İspaniya ilə qarşılaşmayacağıq. 90 dəqiqə mübarizə aparıb, istəyimizə çata bilərik. (apasport.az)

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!