"Rəşad Sadıqov, Samir Abasov və Ayxan Abbasov klublarda nəsə ediblər?"

4 Mart 2020 19:16 Müsahibə 2 299
"Rəşad Sadıqov, Samir Abasov və Ayxan Abbasov klublarda nəsə ediblər?"

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Sportinfo.az-a müsahibə verib.

- Ağasəlim müəllim, dünən Millətlər Liqasında millimizin rəqibləri məlum oldu. Qrupumuz haqda nə düşünürsüz?

- Biz zəif qrup axtarırıq, amma zəif axtarmaq lazım deyil. Rəqiblər güclüdür. Biz də güclü olmalıyıq ki, yaxşı oynayaq. Kimsə Monteneqronu Yuqoslaviyadan ayrılan ölkələr arasında ən zəif kimi görməsin. Mən aşağı yaş qrupları ilə iki dəfə o ölkədə olmuşam. Uşaqlarında olan istedadı gözlərimlə görmüşəm. Yaxşı futbolçuları var. Çox inkişafda olan futbol ölkəsidir. Kipr və Lüksemburq milliləri də son zamanlar pis çıxış etmirlər.

- Sizcə bu qrupda Azərbaycan millisi üçün əsas rəqib hansıdır?

- Əsas rəqib üç komandadır. Əgər seçim etsək ki, kim zəifdir, kim güclü, onda bizdə heç nə alınmayacaq. Hər bir oyuna axırıncı oyun kimi çıxmalıyıq. Millətlər Liqası Sentyabrda başlayır. Vaxtımız da azdır. Baş məşqçi kim olacaqsa, ona vaxt lazımdı komandanı hazırlasın. Ən azı 5 yoxlama görüşü keçirilməlidir.

- Vaxtımız azdı dediniz. Amma milli komandaya baş məşqçi hələ də təyin olunmayıb ...

- Bu aylarda baş məşqçi axtarmaq çox ağırdır. İstədiyin məşqçilərin hansısa klub və ya milli ilə müqaviləsi ola bilər. Məşqçi axtarışı yay aylarında axtarmaq daha münasibdir. Vaxt azlığı nəzərə alınmalıdır. Əcnəbi baş məşqçi olacaqsa, o, Azərbaycan futboluna yaxın, futbolçularımızı tanıyan biri olmalıdır.

- Belə bir əcnəbi baş məşqçi varmı?

- Mən xarici məşqçiləri tanımıram

- Bəs yerli baş məşqçinin olmasına nə deyirsiniz?

- Mən bu sözü 1992-ci ildə demişəm ki, millidə yerli baş məşqçi olmalıdır. Onu da hazırlamaq lazımdır. Yığmanın imici var. Onu biz hamımız - xalq, azarkeşlər saxlamalıyıq.

- Hazır yerli gənc baş məşqçi yoxdur?

- Mən cavan, yaşlı söhbəti etmirəm. Amma milli komandaya gələn məşqçinin milli təcrübəsi olmalıdır. Bizdəki gənc məşqçilərin heç biri millidə işləməyib. Fəaliyyətləri ancaq klublarda olub. Klub məşqçisi ayrıdı, yığma məşqçisi ayrı.

- Sizcə, hansı yerli baş məşqçi millidə işləyə bilər?

- Bunu mən təyin etmirəm. Ona görə də bu haqda bir söz deyə bilmərəm. Siz qərar verə bilərsiniz ki, hansı yerli baş məşqçi millidə işləyə bilər?

- Bu, bizim işimiz deyil. Amma mətbuatda, azarkeşlər arasında Rəşad Sadıqov, Samir Abasov və Ayxan Abbasovun adı daha çox çəkilir ...

- Bu adı çəkilənlər klubda nəsə ediblər? Bir daha qeyd edirəm, yığmanın imicin qorumaq üçün təcrübəli baş məşqçi olmalıdır. İndi rəhbərlik kimi məsləhət bilər, o da olar

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu