"Kamran Ağayevlə Araz Abdullayev mənim şah əsərimdir"

29 Yanvar 11:48 Müsahibə 1 458
"Kamran Ağayevlə Araz Abdullayev mənim şah əsərimdir"

Bu gün "Neftçi” Futbol Akademiyasının məşqçisi – 9, 10 və 11 yaşlı futbolçulardan ibarət komandaları çalışdıran İslam Kərimovun 53 yaşı tamam olur. 1992-ci il yanvarında "Neftçi”də çalışmağa başlayan İslam Kərimov həmin ilin martında könüllü olaraq cəbhəyə yollanıb. AFFA-nın bayrağı altında keçirilmiş yarışlarda 10 dəfə qızıl, 8 dəfə gümüş, 7 dəfə bürünc medallara layiq görülmüş mütəxəssis Bakı birinciliyinin səkkizqat, "Sabahın ulduzları”nın isə beşqat qalibidir. 2002-ci ildə U-17 milli komandası ilə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanmış Kərimov 2005-ci ildə "Neftçi”nin U-15 komandası ilə İtaliyada, U-12 komandası ilə Gürcüstanda, 2007-ci ildə "Neftçi”nin U-17 komandası ilə İzmirdə keçirilmiş beynəlxalq turnirlərin qalibi olub. 2007-ci ildə UEFA-nın A kateqoriyasına sahib çıxmış Kərimov 2010-cu ildə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi adına layiq görülüb, 2019-cu ildə isə "Qarabağ müharibə veteranı” və "Milli Ordu-100” medalları ilə təltif olunub. Azərbaycanda ilk dəfə 6 yaşlı futbolçuların layihəsini də məhz 2017-ci ildə "Neftçi”nin məşqçisi İslam Kərimov təşkil edib. Hazırda Premyer Liqada və 1-ci Divizionda çıxış edən 70 futbolçu onun yetirməsidir. Premyer Liqaya ən çox futbolçu bəxş etmiş məşqçi kimi 2017-ci ildə PFL-in "Fəxri fərman”ı ilə mükafatlandırılıb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytı 28 ildir komandanın uğurları üçün çalışan İslam Kərimovu "Neftçi” ailəsi adından təbrik edib, ona bəsi suallar ünvanlayıb.

- Doğum gününüz mübarək, İslam müəllim!

- Çox sağ olun, minnətdaram!

- Bu günü necə qeyd edəcəksiniz?

- Bu gün U-11 komandamızın oyunu var. "Sumqayıt”la qarşılaşacağıq. Hətta heç-heçə də etsək, Valeri Hacıyevin xatirə turnirinin finalına vəsiqə qazanacağıq. Buna görə də ad günümü futbol meydançasında qeyd edəcəm (gülür).

- İndiyədək ən yaddaqalan doğum gününüz hansı olub?

- 2001-ci ildəki doğum günüm ən yaddaqalan olub. 35 yaşımın tamam olması münasibətilə "Ruslan-93”də keçirilən tədbirə Azərbaycan futbol ictimaiyyətinin bütün məşhur simaları, klub rəhbərləri, baş məşqçilər, veteran futbolçular toplaşmışdı. Məhz həmin gün Azərbaycanın U-17 milli komandasına baş məşqçi təyin olunmuşdum.

- Yetişdirdiyiniz futbolçuların sizin üçün ən böyük hədiyyəsi nə olardı?

- Milli komandada oynamaq. Mənim şah əsərim Kamran Ağayevdir, Araz Abdullayevdir. Kamranı Bakıya Dəvəçidən gətirmişdim.

- Titullarınızın sayı-hesabı yoxdur. Onların hansı sizin üçün daha əzizdir?

- Mənim üçün ən əziz mükafat Qarabağ uğrunda müharibədə iştirak etdiyim üçün aldığım müharibə veteranı mükafatdır. Vətəndaşlıq borcumu yerinə yetirmişəm. Həm də müharibəyə "Neftçi”dən getmişəm. 1992-ci il fevralın 26-sı Xocalı hadisələri baş verəndən sonra, daha dəqiqi, martın 1-i klub prezidenti Aydın İbrahimova ərizə ilə müraciət edərək, könüllü olaraq cəbhəyə yollanmışam. Artıq martın 6-sı Ağdamda döyüşürdüm. 1 il sonra yenidən "Neftçi”yə qayıtmışam. Ali Baş Komandan bu gün göstəriş versə, yenə cəbhəyə gedərəm.

- Ömrünüzün yarıdan çoxunu "Neftçi”yə həsr etmisiz və hələ də həsr edirsiz. "Neftçi” sizin üçün nə deməkdir?

- "Neftçi” mənim həyatımdır. Özümü "Neftçi”siz təsəvvür etmirəm. Məşqçi kimi yalnız iki komandanın – "Neftçi”nin və millinin formasını geyinmişəm. "Neftçi”yə sadiq olmuşam, həmişə bu kluba sədaqətlə xidmət etmişəm. "Neftçi”li olmağımla qürur duyuram. Bütün klublardan dəvət almışam, amma "Neftçi”dən başqa heç bir klubda çalışmamışam. Hətta elə klub olub ki, məni əvəzedici komandaya baş məşqçi götürmək istəyib, getməmişəm. Heç vaxt "Neftçi”ni başqa kluba dəyişməmişəm. Müharibə zamanı avtomatımın üstündə "Neftçi” şəkli var idi. Hətta oğlum Fuad da "Neftçilər” xəstəxanasında dünyaya gəlib (gülür).

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 22:00 "Çelsi" icarəyə verdi
18 Sentyabr 19:16 Edin Ceko "Yuventus"da
18 Sentyabr 19:02 25-ci "Qarabağ"la gəldi
18 Sentyabr 18:34 Ay qardaş, ay qardaş…
18 Sentyabr 09:42 Satmaq üçün razılaşdılar