
"Zirə"nin kapitanı Cavid Hüseynov Sportinfo.az-a müsahibə verib.
- Türkiyədə 2 həftəlik təlim-məşq toplanışınız oldu? Hazırlıq necə keçdi?
- Hazırlıq prosesi pis keçmədi. Planda nə var idisə, hamısını həyata keçirdik. Hava şəraiti də yaxşı idi. Bizə mane olan hər hansı amil olmadı. Demək olar ki, toplanış yaxşı keçdi.
- Komandanı mövsümün 2-ci yarısına neçə faiz hazır hesab etmək olar?
- İndidən bunu demək olmaz. Fikir bildirmək çətindir. Hər şey Premyer Liqa oyunlarında bilinəcək.
- Qış fasiləsində 5 futbolçu transfer olundu. Səncə, yeni gələnlər komandanı gücləndirə biləcək səviyyədədirlər?
- Əlbəttə, hər biri komandanın gücünə güc qatacaq. Çünki kifayət qədər səviyyəli futbolçulardır.
- Komandaya uyğunlaşmaları, ümumi fiziki durumları bir kapitan kimi səni razı salır?
- Adaptasiya ilə bağlı heç bir problem yaşanmadı. Tez uyğunlaşdılar. Çox sağ olsun kollektvimiz, yeni gələn hər bir oyunçuya isti münasibət göstərir. Yeni transferlərin hamısı çempionata hazırdırlar.
- Yeni gələnlərin əksəriyyəti əsas heyət üzvü olmağa iddialıdır. Səncə, bu, komanda daxilində ümumi ab-havanı pozmayacaq? Çünki belədə əvvəldən komandada olan əsas oyunçuların bəziləri kənarda qalacaq...
- Açığı, bu gün hər bir mövqedə iki futbolçumuz var. Heç biri də zəif oyunçu deyil. İstər start heyətdə meydana çıxanlar, istərsə də ehtiyatda oturanlar eyni gücdədilər. Düşünürəm ki, rəqabət böyük olacaq. Məşqçiyə görə, kim yaxşı təsir bağışlayacaq, o da meydanda olacaq.
- Qış fasiləsindən sonra çempionatda ilk oyununuz "Sabah"a qarşı olacaq. Həmin görüş haqda fikirlərin necədir?
- İstənilən halda, fasilədən sonra ilk oyunlar hər zaman çətin olur. İnanıram ki, yaxşı nəticə əldə edərik. Meydana qələbə üçün çıxacağıq. Təbii ki, nəticəni bilən Allahdır, gələcək haqda danışmaq mənə düşməz. Biz qalib gəlməyə çalışacağıq.
Elnur SALAHOV