
Milli komandamızın hücumçusu, qış fasiləsində "Dinamo"dan ayrılan Ramil Şeydayev Rusiya mətbuatına geniş müsahibə verib. Sportinfo.az həmin müsahibəni təqdim edir.
- İndi hardasız?
- Sankt-Peterburqda, evimdə.
- Formanızı necə qoruyursuz?
- Özümü buraxmıram, fiziki hazırlıq üzrə məşqçi ilə işləyirəm. İnanıram ki, yaxın günlərdə yeni klubum adına aydınlıq gələcək. Onda dərhal toplanışa qoşulacam.
- Hansı variantlarınız var?
- "Dinamo"dan ayrıldıqdan sonra Rusiya Premyer Liqasından bir neçə təklif almışam. Ölkə xaricindən də çağırış var.
- Hansına meyl edirsiz?
- Düşünürəm ki, hələ vaxt var.
- Əgər Sobolyev (komandanın mərkəz hücumçusu) "Krılya"nı tərk etsə, Samaraya dönüşünüz realdır?
- Şərh vermək istəmirəm.
- "Dinamo"dan ayrılmalı olduğunuzu nə vaxt başa düşdünüz?
- İlk turlarda müntəzəm oynasam da, avqust ayının ortalarında cəmi iki dəfə əvəzetmədən meydana daxil oldum. Yeni baş məşqçinin gəlişi də vəziyyəti dəyişmədi. Daha yarım il ehtiyatda oturmağın nə mənası var? Qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etdik. Bu variant isə hamını razı saldı.
- Roman Oreşuk (veteran futbolçu, hazırda menecer işləyir) mövsümün əvvəlində demişdi ki, Şeydayev meydanda boşuna qaçır...
- Hardasa haqlıdır. Nə vaxt ki qol vurmağı çox istəyirsən, top isə qapıya getmir, öz mövqeyinizdə oynamaq əvəzinə, ora-bura qaçmağa, əlavə işlər görməyə başlayırsan.
- Uğursuz keçən mövsümdən sonra özünüzə şübhə ilə yanaşmağa başlamamısız?
- Heç bir halda. Həmin vəziyyəti keçmişdə qoyub, irəli getməlisən. Hər hücumçunun qol vura bilmədiyi vaxtlar olur.
- "Dinamo"nun legionerlərindən hansı öz oyunu ilə sizi daha çox heyran etdi?
- Filipp. Əminəm ki, o, "Dinamo"ya kömək edəcək. Əla oyunçudur.
- 20 milyona dəyər?
- Düşünürəm ki, hə. Ancaq ona görə nə qədər pul ödənildiyi mənim üçün əhəmiyyət daşımır. Əsas odur ki, yaxşı futbolçudur. Sadəcə, adaptasiya bir qədər vaxt apardı. Yeni komanda, yad ölkə, dili bilmir...
- "Zenit"lə Rusiya, "Jilina" ilə Slovakiya, "Qarabağ"la Azərbaycan çempionu olduz. Qızıl medallarınızı saxlayırsız?
- Hə. Düzdür, Sankt-Peterburqda mükafatlandırma mərasimində mənə medal verilmədi. Yəqin, buna layiq olmadığımı düşünüblər.
- Bu, sizi incitdi?
- Çox. Sağ olsun İqor Vitalyeviç Simutenkov, özününkünü mənə verdi.
- Bu, necə oldu?
- Həmin axşam mənə yaxınlaşdı və medalı uzadıb dedi: "Ramil, götür". İmtina etməyə başladım. Simutenkov çiynimi qucaqladı və "götür, götür, layiqsən!" söylədi. Həm kövrəldim, həm də xəcalət çəkdim.
- Həmin mövsüm "Zenit"də neçə oyun keçirmişdiz?
- Beş.
- Villaş-Boaş sizin oyununuzu necə şərh edirdi?
- Etmirdi. Onunla ümumiyyətlə söhbətimiz olmayıb.
- Bəs bir dəfə təlim-məşq toplanışında yatıb qalmağınıza necə reaksiya vermişdi?
- Sakit. 15 dəqiqə gecikmişdim. Təng-nəfəs məşqə qaçdım. Boaş kənardan gördü və əli ilə meydançaya girməyimi işarə etdi.
- Cərimələdi?
- Yox. Adətən belə hallarda cərimələyirlər. Amma mənim bəxtim gətirmişdi. Hələ karyeram ərzində bir dəfə də olsun, cərimələnməmişəm.
- "Zenit"də möhkəmlənmək üçün sizə nə çatmadı? İnam?
- O da var. Amma məşqçini də başa düşmək lazımdır. Hücumda seçim imkanı çoxdursa, az adam ehtiyatdan kiməsə şans verməyə risk edər.
- 2015-ci ildə "Rubin"də peyda olduz...
- Hər şey belə oldu. Məni Kazana Rinat Bilyaletdinov dəvət etmişdi. Tezliklə onu göndərib, Çalovu baş məşqçi təyin etdilər. Onun vaxtında isə oynamaq şansım belə, olmadı. Ehtiyatda oturdum. Qışda isə Sankt-Peterburqa qayıtdım.
- Vladislav Radimovun sözlərinə görə, "Rubin"dən küskün qayıtmışdız...
- Yox-yox, sadəcə, itirilən vaxta görə heyfslənirdim. Küskünlük dəqiq yox idi. Əks-halda birinci dəstədə 12 oyuna 10 qol vurmazdım. İyul ayında müqaviləm başa çatdı və Türkiyəyə getdim.
- "Zenit" sizə aylıq 300 min rubl qarşılığında yeni müqavilə təklif etmişdi...
- Dayanın! Rəqəmlər hardandır?
- Həmin vaxt sizin agentiniz olan Sergey Kuşov müsahibəsində demişdi.
- Hə, necə şərh edəcəyimi belə, bilmirəm.
- Rəqəmlər fərqli idi?
- Bəli.
- Çox idi, yoxsa az?
- Önəmli deyil. Maliyyə şərtləri məni qane etmirdi. Amma məsələ pulda deyil. "Zenit"də oynamayacağımı bildiyim üçün orada qalmadım. Ya yenə ehtiyatda oturacaqdım, ya da icarəyə veriləcəkdim. Bax, buna görə öz yolumla getməyə qərar verdim.
- Bu gün düzgün addım atdığınızı hesab edirsiz?
- Yüz faiz!
- Düzdür ki, həmin il "Spartak"a keçə bilərdiz?
- Danışıq gedirdi, amma reallığa doğru getmədi.
- "Trabzonspor"un təklifi sizi necə cəlb etdi?
- Variant kifayət qədər idi. Həm Rusiya, həm də Avropadan. Xeyli götür-qoydan sonra "Trabzonspor"u seçdim. Yarım ildən sonra aydın oldu ki, baş məşqçinin planlarına daxil deyiləm. "Jilina"ya yollandım. 13 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə etdim. Düşündüm ki, Trabzonda özümü göstərmək şansım olacaq. Amma yenidən icarəyə göndərildim - bu dəfə "Qarabağ"a. Həmin mövsüm sensasiyalı şəkildə Çempionlar Liqasının qrupuna düşdük. Sonra isə "Krılya" və "Dinamo"da oynadım.
- "Trabzonspor"a keçmək səhv addım idi?
- Xeyr. Heç nəyə görə təəssüflənmirəm. Hər şey necə olmalıdısa, elə də gedir. Yeri gəlmişkən, Türkiyədə oynamağın bir xoş tərəfi oldu. Orada atmosfer fantastikdir. Hər oyunda tribunalar dolurdu, azarkeşlər nəsə yandırır, qışqırır, mahnı oxuyurlar. 10 nəfərlə müdafiə olunan komanda yoxdur. Əksinə, hamısı düşünülmüş hücumlar qurmağa can atır.
- Görünür, yenidən ora qayıtmağın əleyhinə deyilsiz...
- İndi istəmirəm.
- Niyə?
- Türkiyədə bir şey xoşuma gəlmədi. Futbol bəziləri üçün ikinci dərəcəlidir. Kimisə incitməmək üçün bu haqda çox danışmaq istəmirəm.
- Ruslardan fərqli, azərbaycanlılar orada legioner sayılmırlar?
- Elədi ki, var.
- Buna görə sizə vətəndaşlığınızı dəyişmək təklif olundu?
- Yox, bunun onunla əlaqəsi yoxdur.
- Sizi buna görə qınayanlar oldu - Radimov, Xomuxa, Pisarev...
- Hə, oldu. Amma artıq qərarımı vermişdim.
- Deyilənə görə, Bakıda anadan olan və sizin Azərbaycan millisində oynamağınızı istəyən atanızın sözü həlledici olub.
- Atamın bu işə heç bir aidiyyatı yoxdur.
- Onda başqa versiya. Xomuxadan soruşublar ki, Rusiyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında oynamış Şeydayevin indi Azərbaycan millisində çıxış etməsində günahkar kimdir. O da agentləri günahlandırıb ki, onlar bu işdə oyunçudan daha çox maraqlı olublar.
- Həqiqətən belə deyil. Mənə heç kim təzyiq etməyib. Qərarı özüm qəbul etmişəm. Bu, şüurlu bir seçim idi. Zərrə qədər də təəssüflənmirəm.
- Əsas səbəb nə oldu?
- Rusiya millisinə nə vaxt çağırılacağımı, ümumiyyətlə, ora düşüb-düşməyəcəyimi bilmirdim. Burada isə Avropada parlamaq üçün gözəl imkan var. Güclü rəqiblərə qarşı oynayıb, təcrübə yığıram. Artıq 4 qol vurmuşam.
- Kimlərə?
- Almaniya, Xorvatiya, Slovakiya və Bəhreynə.
- AÇ-2020-nin seçmə mərhələsində yığmanız cəmi 1 xal topladı.
- Amma görün, hansı oyunda! Bakıda xorvatlarla 1:1 oynadıq. Zaqrebdə də başabaş mübarizə apardıq, hesabda öndə idik, amma sonradan 2 qol buraxdıq.
- Millidən komanda yoldaşınız Emin Mahmudov vitse-dünya çempionlarının oyununu bəyənməyib. Deyir ki, sadəcə, meydanda gəzirdilər.
- Xorvatlar pis oynamadılar, Amma slovakiyalılar daha çox xoşuma gəldi. Komanda hazırlıqlı və sürətlidir. Hamşik isə - ümumiyyətlə top-oyunçudur.
- Bəs Modriç?
- Meydanı əla görür, səhv etmək faizi minimumdur.
- Beylə qarşı da oynamısız.
- Bax, o, məni heç nə ilə təəccübləndirmədi.
- Bir epizod oldu ki, cinahda onu sürətdə keçdiz və azarkeşlərin alqışını qazandız.
- Hə, oldu. Burda nə var ki?
- Beyl dünyanın ən sürətli futbolçularından biridir!
- Mənə elə görünmədi. Həmin epizodda Beyli qabaqlamaq elə çətin deyildi.
- Vətəndaşlığınızı dəyişənə qədər azərbaycanca bilirdiz?
- Xeyr, yavaş-yavaş öyrənirəm. Millidə hamı ilə rusca danışıram. Heç bir problem yoxdur.
- Düz bilirəm, indi sizin yığmanın baş məşqçisi yoxdur?
- Doğrudur. Dekabrda Yurçeviçi istefaya göndərdilər. Yenisini hələ təyin etməyiblər.
- Sizə elə gəlmir ki, Azərbaycan pasportu ilə Rusiya Premyer Liqasında klub tapmaq çətindir?
- Xeyr, hər şey özümdən asılıdır. Yaxşı oynayıb, qollar vursam, pasport ən sonda yada düşəcək.
- Rusiyanın U-17 yığması ilə Avropa çempionu olduğunuz 2013-cü ildə Qolovinlə birlikdə oynamısız. İndi əlaqə saxlayırsız?
- Hərdən. Həmin komandadan ən yaxın dostum Ayaz Quliyevdir.
- Axı, o, Avropa çempionu deyil.
- Turnirin final mərhələsini zədə səbəbindən buraxmışdı.
- Az adam xatırlayar ki, siz də final mərhələsindən kənarda qala bilərdiz...
- Bəli, elit-raundun Portuqaliya ilə həlledici oyununda kiçik dava oldu. Rəqib müdafiəçi təxribata çəkdi, mən də cavab verdim. Bir-birimizi itələdik, hakim qırmızı vərəqə göstərdi.
- Hansı hissləri keçirdiz?
- 3 oyunluq diskvalifikasiya olunduğumu biləndə, anladım ki, Avropa çempionatına aparmayacaqlar. Hücumçulardan biri sıradan çıxmasaydı, aparmayacaqdılar. Adımı son anda sifariş ərizəsinə daxil etdilər. Cəmi iki oyunda - isveçlilər yarımfinalda və italyanlarla finalda meydana çıxdım.
- Komandanı finala məhz siz çıxardız...
- Hər şey penaltilər seriyasında həll olundu. Hər şey o qədər sürətli alındı ki, hesab 9:9 olanda ikinci dəfə bəyaz nöqtəyə yaxınlaşmalı oldum.
- Əsəbləriniz dəmir kimidir.
- Kimsə məsuliyyəti üzərinə götürməli idi. Eyni zamanda, penalti vurmağı sevirəm.
- Qeyri-dəqiqlik olub?
- Yuxarı səviyyədə olmayıb.
- Həmin yığmanın lideri Qolovin hesab olunmurdu?
- Deyə bilmərəm, Messi və Ronaldo kimi parladı, amma əla oynayırdı. İndi isə hər şeyi qaydasındadır. İl yarımda "Monako" xeyli artırıb. Afərin!
- Səhəriniz hər zaman namazla açılır?
- Bəli.
- Çoxdan belədir?
- Artıq 4 ildir. Dinə özüm gəlmişəm. Valideynlərim dindar olsa belə.
- Bu yaxınlarda Artur Beterbiyevdən eşitdim: "Spirtli içki qəbul etməmişəm. Din icazə vermir. Spirtli içki içən adamın duası 40 gün ərzində qəbul olunmur. Əgər ölürsə, deməli, pis adamdır. Bu ki dəhşətdir! Allaha itaət etmədən necə ölmək olar?".
- Bütün sözlərinə qoşuluram.
- Spirtli içki sizin üçün də haramdır?
- Əlbəttə, heç vaxt cəhd etməmişəm.
- Yeni ili necə qeyd edirsiz? Şirə ilə?
- Heç nə ilə. Belə vərdişim yoxdur. Sizi təəccübləndirən nədir?
- Onda son sual - Yeni ildə nə etdiz?
- Yeni ili qeyd etmədim. Həmin vaxt Rusiyada deyildim.
- Harda idiz?
- Sirdir.
- Bəlkə Məkkədə?
- Praktiki olaraq.
- ????
- Özünüzü yormayın, onsuz da deməyəcəm. Bu, şəxsi məsələdir. Sadəcə, yazın ki, yeni ili qeyd etmədim. Qalanının əhəmiyyəti yoxdur.
Tərcümə etdi: Elnur SALAHOV