"Sabah"ın yeni transferi: "Hakimlər hər oyun mənə sarı vərəqə verirdilər"

18 Yanvar 2020 22:35 Müsahibə 1 919
"Sabah"ın yeni transferi: "Hakimlər hər oyun mənə sarı vərəqə verirdilər"

"Sabah"ın yeni transferi Mario Marina Sportinfo.az-a müsahibə verib.

- Mario, "Sabah"a keçidiniz bir qədər ani alındı. Təklif kimdən gəldi? Jelko Sopiç özü sizinlə əlaqə saxladı?

- Təklif barədə mənə menecerim məlumat verdi, onunla danışdıq. Sopiçi isə ümumiyyətlə tanımırdım. Ona görə də baş məşqçi ilə bura gələnə qədər heç bir danışığımız olmamışdı.

- "Sabah" haqda məlumatınız var idi?

- Bura gələnə qədər komanda haqda çox məlumatım yox idi. Yalnız təklif gələndən sonra araşdırmağa, müəyyən informasiya toplamağa başladım.

- Eşitdikləriniz, topladığınız məlumatlarlar "Sabah"da gördükləriniz üst-üstə düşdü?

- Həm komanda, həm də Azərbaycan, Bakı haqda xeyli məlumat topladım. Əlbəttə, internetdən oxuduqlarımla burada gördüklərim eynidir. Çox yaxşı komandaya gəldiyimi düşünürəm. Müsbət şeylər çoxdur.

- "Qoritsa" klubunda son mövsümdə 16 sarı vərəqə görmüsüz. Bu, meydanda döyüşkən futbolçu olmağınızdan irəli gəlir, yoxsa intizamsızlıqdan qaynaqlanır?

- Bəli, meydanda həddindən artıq aqressivəm. Amma bu, döyüşkən futbolçu olmağımla bağlıdır. İntizamsız deyiləm. Çünki sarı vərəqələri yalnız oyun epizodlarında almışam. Heç vaxt hakim qərarlarına etiraz edib cəzalanmamışam.

- Bir mövsümdə ən çox sarı vərəqə alan oyunçu kimi Xorvatiya çempionatının tarixinə düşmüsüz...

- "Qoritsa"da çox aqressiv futbol oynayırdıq. Hakimlər demək olar, hər oyunda mənə sarı vərəqə verirdilər (gülür). Bəzən haqlı, bəzən haqsız.

- "Sabah"a keçməkdə əsas məqsədiniz nə oldu?

- "Sabah"a keçməkdə şəxsi məqsədim yoxdur. Sadəcə, komanda ilə maraqlandım, şəraiti ilə tanış oldum. Xoşuma gəldi, "Sabah"a keçdim. Komanda olaraq isə hədəfimiz fasilədən sonra hər oyunu udmaqdır. Buna görə də hər gün burada hazırlaşırıq, mübarizə aparırıq.

- Bir neçə gündür komandanın düşərgəsindəsiz. Ümumi ab-hava necədir?

- Hər şey müsbətdir. Komandada ab-hava yüksəkdir. Mənim üçün yeganə problem rus və Azərbaycan dillərini bilməməyimdir. İngiliscə danışıram. Amma Bakıya qayıtdıqdan sonra rus dilini öyrənməyə başlayacam ki, ünsiyyət qurmaq asan olsun.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!