Namiq Yusifov: "Ölkədən çıxmağım danışılmış oyunlarla bağlı deyil"

10 Yanvar 20:40 Müsahibə 1 359
Namiq Yusifov: "Ölkədən çıxmağım danışılmış oyunlarla bağlı deyil"

Danışılmış oyunlara görə AFFA İntizam Komitəsi tərəfindən futboldan kənarlaşdırılan "Qarabağ"ın sabiq futbolçusu Namiq Yusifov Sportinfo.az-a müsahibə verib.

- Yəqin, AFFA-nın səninlə bağlı qərarından xəbərdarsan. Buna münasibətini bilmək istərdim. Özünü bu məsələdə təqsirli bilirsən?

- Qərara münasibətim necə olacaq? Şərh vermək istəmirəm. İnşallah, Bakıya gələcəm, ətraflı danışaram.

- Hazırda ölkədə deyilsən?

- Xeyr. 6-7 aydır ölkədə deyiləm. Bunlar da bir ucdan uzaqlaşdırırlar.

- Azərbaycandan getməyin nə ilə bağlıdır?

- Mən 6 aydan çoxdur işlərimlə bağlı ölkədən çıxmışam.

- Burda isə xəbər yayılmışdı ki, Namiq sırf danışılmış oyun məsələsinə görə ölkədən qaçıb...

- Yox. Bu söhbətlər nə vaxtdan başlayıb? 6-7 ay bundan əvvəl bu məsələ var idi?

- Bəli, var idi. Bu proses 2018-ci ilin sonlarında - Nizami Hacıyevlə Mirhüseyn Seyidovun cəzalanmasından sonra başlayıb. Sadəcə, araşdırma getdiyi üçün ictimaiyyətə açıqlama verilmirdi...

- Yox, 2018-ci il nədi?! O, başqa şeydir, bu, başqa. Ölkədən çıxmağımın buna aidiyyatı yoxdur. Ümumiyyətlə, mənim bu işlərlə heç bir əlaqəm yoxdur. Sadəcə, ola bilər, kimsə ad çəkib, ona görə belə olub. Kimin adı çəkilirsə, futboldan silirlər. Zaman hər şeyi göstərəcək.

- Kimdən şübhələnirsən? Səncə, Namiq Yusifovun adını kim çəkə bilər?

- Ağlıma elə bir adam gəlmir. Heç kimə yaxşılıqdan başqa, bir pisliyim dəyməyib. Vaxtı çatanda, hər şey bilinəcək.

- Səni istintaqa çağırıblar?

- Yox, mənə heç kim heç nə deməyib. Ümumiyyətlə, orada baş verənlərdən xəbərim yoxdur.

- Azərbaycana nə vaxt qayıtmağı düşünürsən?

- Görək də. Bəlkə 1 aya kimi gəldim. Baxarıq, görək necə olur. Ondan sonra danışarıq.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti