
"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov AFFA-nın növbədənkənar konfransından sonra Sportinfo.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- "Keşlə" qış toplanışına başlayıb. Hazırda ümumi vəziyyət necədir?
- Təlim-məşq toplanışı ilə bağlı proqram təsdiq olunub. Komanda ayın 12-də Türkiyəyə yola düşəcək. Bilirsiz ki, bir transfer etmişik. İndi isə hücum xəttinə futbolçu axtarırıq. Yaxın günlərdə həllini tapacaq. Bununla da transfer işlərimiz yekunlaşacaq.
- Daha çox transfer etməyə klubun maddi durumu imkan vermir, yoxsa baş məşqçinin qərarıdır?
- Yox, sırf məşqçilər korpusunun qərarıdır. Digər mövqelər üzrə yetərincə futbolçu var. Komanda artıq formalaşıb, bir-birilərini yaxşı başa düşürlər. Məşqçinin qərarı belədir, biz də hörmətlə yanaşırıq.
- Tərlan Əhmədov mövsümün ilk yarısında tez-tez ehtiyat skamyanın kasad olmasından şikayətlənirdi. indi necə olur ki, cəmi 2 yeni futbolçu ilə kifayətlənir?
- Tərlan müəllim bir-iki mövqe üçün ikinci futbolçunun olmamasını nəzərdə tuturdu. Hücumçu dəvət etmişdik, mövsüm başlayan kimi zədələndi. Ziya Əzizov bir oyun belə keçirmədən Hollandiyaya qayıtdı. Bu da bəxtsizlikdir. Çempionata bir həftə qalmış zədə aldı və bundan sonra özünə gələ bilmədi. Bu problemlər ortaya çıxandan sonra bizdə ehtiyat skamya daraldı. Tərlan müəllim artıq əvəzedici heyət və U-19 komandasından da 4-5 futbolçunu dəvət edib. Bilirsiz ki, son oyunlarla Frutosu Xəzər Mahmudov əvəzlədi. Akademiyamızın yetirməsidir, perspektivli futbolçudur. Çatışmazlıqları vaxtında kompensasiya edə bilirik. Yenə deyirəm, iki futbolçu alınması mənim yox, məşqçinin qərarıdır.
- Adı danışılmış oyunlarda hallanan Tərlan Əhmədovun köməkçisi Mehman Babayev və klubun inzibatçısı Asəf Səfərov "Keşlə"dən kənarlaşdırıldı. Bununla bağlı fikriniz necədir?
- Mehman Babayevlə Asif Səfərovun adının danışılmış oyunlarda hallanması onların 2017-2018 mövsümündə "Binə"dəki fəaliyyətləri ilə bağlıdır. Hər ikisi buna görə istintaqa cəlb olunmuşdu. Biz də məsələni nəzarətdə saxlayırdıq. Hər şey təsdiqini tapdıqdan sonra qərara gəldim ki, onları bir müddət klubdan kənarda tutaq. Özümüz bu cür halların əleyhinəyik. "Keşlə"də heç bir danışılmış oyundan söhbət gedə bilməz. İki il öncə ən birinci bu komandada belə bir olay baş vermişdi. Şəxsən mən özüm bunun qarşısını aldım. 2 futbolçu cəzalandı. Amma bizə fərq etmir. Əgər bu adamlar "Keşlə"dən əvvəl hansısa klubda belə çirkin oyunlarda iştirak ediblərsə, onlara nəinki bizim komandada, Azərbaycan futbolunda yer yoxdur. Araşdırmalar zamanı əsas hədəf birinci divizion idi. Yüksək liqada bu hallar tam sıfırlanıb. Heç bir danışılmış oyunlardan söhbət gedə bilməz. Əsas "oyunlar" divizionda gedirdi. Bu da çox çəkmədi. Hamısı ciddi şəkildə cəzalanıblar. Bu iş davam edəcək. Bayaq Elxan müəllim də qeyd etdi ki, ancaq sağlam rəqabət ola bilər.
- Necə düşünürsüz, millimizə yerli mütəxəssis başçılıq etməlidir, yoxsa əcnəbi?
Milli komandanın 50 faizi dəyişilməli, gənc, potensialı olan oyunçular gəlməlidir. Özü də var. Akademiyalar işləyir. Futbolu sevən, öz üzərində daim çalışan, kənardan dedi-qodulara fikir verməyən gənclər lazımdır. Hamımız milli komandamız üçün çalışırıq. Çünki ölkəmizi təmsil edir. Şəxsən mənim üçün milli ən birincidir, ondan sonra "Keşlə" gəlir.
- Vüsal İsgəndərli bir gün deyir "Keşlə"də qalıram, sabah deyir, gedirəm. Onun məsələsi nə yerdədir?
- Bizdə bütün futbolçuların müqaviləsi may ayının 31-nə qədərdir. Hər kəs göstərilən müddətdə komandada qalıb, öz işini görəcək. Vüsalla bağlı mənə nə müraciət olunub, nə də təklif gəlib. Olsa belə, "yox" deyərəm. Komanda yeni-yeni formalaşır, öz oyununu tapır. Kollektivi parçalamaq, hansısa oyunçumuzu satmaq düzgün olmaz. Bunun əleyhinəyəm.