"Danışıq apardıqlarımız arasında xarici şirkət də var" - "Qəbələ"nin prezidenti

27 Dekabr 2019 21:12 Müsahibə 711
"Danışıq apardıqlarımız arasında xarici şirkət də var" -

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Sportinfo.az-a müsahibə verib.

- "Qəbələ"dəki legionerlərdən biri artıq komandanı tərk etdi. Davit Volkovdan sonra yenə gedən olacaq?

- Bizdə müqaviləsi başa çatan 3 futbolçu var idi. Biri Volkov, biri Niasse, digəri isə Juniç idi. Yerdə qalan əcnəbilərin isə sözləşmələri davam edir. Juniçlə yeni razılıq əldə olunub. Niassedən cavab gözləyirik. Volkov isə bildiyiniz kimi, "Zirə"yə getdi. Ona uğurlar arzu edirik. Sağ olsun, qısa müddət komandamızda olsa da, xeyli iş gördü.

- Sizin də qeyd etdiyiniz kimi, Volkov "Qəbələ" üçün vacib futbolçu idi. Gürcü hücumçunu niyə komandada saxlaya bilmədiz?

- Birmənalı şəkildə deyim ki, bu, büdcə məsələsidir. Müqavilədə göstərilən məvacibinin artırılmasını istədi. Biz də bunu qarşılaya bilmədiyimiz üçün yollarımızı ayırdıq. Yəni, futbolçunun maliyyə istəklərinə cavab verə bilmədik.

- Dediz ki, Niassedən cavab gözləyirsiz. Ümumiyyətlə, görünür, seneqallı futbolçunun çıxışı həm məşqçilər heyətini, həm də rəhbərliyi qane edib ki, ona yeni müqavilə təklif olunub...

- Bu cür məsələlərdə əsas söz sahibi baş məşqçidir. Futbolçunun səviyyəsinə daha çox o qiymət verir, Yəni, hansısa oyunçunun qalıb-getməsinə çalışdırıcının istəyi ilə qərar verilib. Amma şəxsi fikrimi soruşursuzsa, Niasse az müddətdə yüksək səviyyəli futbolçu olduğunu göstərdi. Müəyyən meyarlarda geri qala bilərdi. Amma ümumilikdə, ustalıq səviyyəsi olan futbolçudur.

- Komandada qalıb-qalmayacağı ilə bağlı fikriniz necədir? Nikbinsiz. yoxsa...?

- Qalıb-qalmamaq məsələsinə futbolçu özü qərar verəcək.

- Yəqin ki, gedən futbolçuların yeri doldurulacaq...

- Təbii ki, doldurulacaq. Gedən futbolçuların yeri boş qala bilməz. Məcburuq.

- Maraqlıdır, alacağını oyunçular yerli olacaq, yoxsa əcnəbi?

- Açığı, bu yöndə işlər gedir. Hələ namizədlər yoxdur, seçimlə bağlı nəsə deyə bilmərəm. Yəqin ki, yaxşı vaxtı çatanda açıqlama verərik. Hələ ki, danışıq apardığımız futbolçu yoxdur.

- Ümumiyyətlə, neçə futbolçu almaq istəyirsiz?

- İki və ya üç futbolçu transferi nəzərdə tutmuşuq. Yerli də ola bilər, legioner də. Ancaq 3 nəfərdən artıq olmayacaq.

- Bizdə olan məlumata görə, sponsorluq üçün 2 yeni şirkətlə danışıq gedir. Bu məsələ nəı yerdədir?

- Danışıqlar davam edir. Əgər müsbət nəticə əldə olunsa, bununla bağlı açıqlama veriləcək. Namizədlər arasında həm yerli, həm də əcnəbi şirkətlər var.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti