“Nə gizlədim...” - “Neftçi” üzərində qələbənin 3 sirrini açıqladı

17 Fevral 17:20 Müsahibə 2 514
“Nə gizlədim...” - “Neftçi” üzərində qələbənin 3 sirrini açıqladı

“Araz-Naxçıvan” yeni ildə ilk qələbəsini qazandı.

Muxtar Respublika təmsilçisi kifayət qədər gərgin və maraqlı keçən oyunda “Neftçi”ni penaltidən vurulan qol hesabına məğlub etdi.

“Araz”ın bosniya və herseqovinalı yarımmüdafiəçisi Miço Kuzmanoviç Sportinfo.az-a müsahibə verib.

- Qələbə qazanmaq üçün nə etdiniz?

- Bu 3 xal bizim üçün çox yox, çox-çox vacib idi. Sonuncu qələbəmizi ötən il qazanmışdıq, 6 oyun idi sevinə bilmirdik. Meydanı qalib tərk etmək üçün canımızı qoymalıydıq. Pressinq etdik, rəqibdən çəkinmədik, son saniyəyə qədər döyüşdük və istəyimizə çatdıq. Buna görə məşqçilər heyətinə və komanda yoldaşlarıma təşəkkür edirəm.

- Sanki son 10-15 dəqiqədə heç-heçəyə da razı idiniz. Kənardan belə görünürdü.

- Nə gizlədim, hamı yorulmuşdu. Sıx qrafikdə ard-arda çətin oyunlar keçirmişdik. Gərgin matçlar, 4-5 gün ərzində iki dəfə Qəbələyə gedib-qayıtmaq, psixoloji gərginlik – bütün bunlar öz təsirini göstərirdi. Sona yaxın rəqib topa sahib olmaqla bizi daha çox qaçmağa, pressinq etməyə məcbur edirdi. Diqqətsizlikdən qol buraxmağın nəticəsi pis ola bilərdi. Ona görə də ən pis halda 1 xal qazanmağı düşünürdük. Amma məqsədimiz qələbə idi. İnşallah, davamı gələr.

- Çempionatda “Kəpəz”ə, kubokda “Qəbələ”yə uduzandan sonra bu matça necə hazırlamışdınız?

- Bu, klub rəhbərliyinin, məşqçilər heyətinin və futbolçuların birgə zəhmətinin nəticəsi idi. Mövsümün ən qaynar vaxtıdır və gördüyünüz kimi bütün komandalar bəzən məğlub olur. Geriyə yol yoxdur, yalnız irəli boylanmalı, qələbə qazanmağı düşünməliyik. “Neftçi”ylə oyuna da bu təfəkkürlə çıxmışdıq. Öz gücümüzə inanırıq, əsas olan budur.

- İkinci pillədəki “Sumqayıt”la 5, üçüncü yerdəki “Neftçi”ylə 2 xal fərqiniz var. Məhdud heyətlə mövsümü mükafatçı yerdə başa vurmaq, avrokuboklara vəsiqə qazanmaq nə dərəcədə inandırıcı görünür?

- Həyatda hər şey insanın öz əlindədir. Futboldan danışırıqsa, taleyimiz özümüzün əlindədir. İndidən mövsümün sonu barədə proqnoz vermək istəmirəm. Onu deyə bilərəm ki, gücümüzə inanırıq və sona qədər mübarizə aparacağıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti