İspaniyalı Qurban Qurbanovun oğlunda istedad görürmü?

20 Dekabr 2019 22:40 Müsahibə 1 009
İspaniyalı Qurban Qurbanovun oğlunda istedad görürmü?

“Qarabağ”ın yarımmüdafiəçisi Xayme Romero Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” ilə cavab oyunundan (3:1) sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb. İspaniyalı futbolçu əvvəlcə qələbəni şərh edib.

- İki oyunun ümumi nəticəsi yaxşı oldu. Bu matçda daha yaxşı çıxış etdik. İli yüksək əhval-ruhiyyə ilə yola salırıq. Artıq hər şeyi unudub, fikrimizi istirahətə yönəltməliyik ki, daha güclü qayıdaq və eyni xətt üzrə işimizi davam etdirək.

- Kubokun yarımfinalında növbəti rəqib “Neftçi”ni mübarizədən kənarlaşdıran “Sumqayıt” olacaq...

- Artıq demək olar ki, bütün rəqiblərimizin oyun üslubunu bilirik. Fərq etmir, hər bir oyunda qələbə qazanmaq çətindir. Onlar da bizim oyunumuza bələddirlər. Çalışacağıq ki, bugünkü kimi parlaq oyun nümayiş etdirək və qələbə qazanaq.

- 6 aydan çoxdur “Qarabağ”dasız. Geriyə baxanda nə görürsüz? Sizcə, komandaya istədiyiniz kimi xeyir verə bilirsiz?

- Öncə onu deyim ki, burada olduğum ilk gündən etibarən insanlar mənə çox yaxşı münasibət bəslədilər. Həm şəhər, həm də klub olaraq, olduğum yerdən məmnunam. Bəzi məqamlarda zədələndim, komandaya kömək edə bilmədim. Amma ümumi götürəndə hər şeydən razıyam və qarşıda daha da yaxşı olacam.

- Bu gün Qurban Qurbanovun oğlu Musa Qurbanlı “Qarabağ”ın əsas komandasında debüt etdi. Necə düşünürsüz, gələcəkdə onunla hücumda yaxşı tandem təşkil edə bilərsiz?

- Hədən artıq gəncdir. Məşqlərdə də onu görürəm, izləyirəm. Düzgün yoldadır, inkişaf edir. İstedadlı futbolçudur. Gələcəkdə daha yaxşı olacağını gözləyirəm. Belə davam etsə, daha yaxşı yerlərə gəlib çata bilər.

- “Qarabağ”ın əvəzedici komandasında oynayan qardaşınız Daniel Romero haqda nə deyə bilərsiz?

- Qardaşımla eyni komandada oynamaq mənim arzumdur. O da gəncdir. Öz işinə köklənib, ancaq futbol haqda düşünür. Amma onunla bağlı qərar verən şəxs baş məşqçidir. Hər şey Qurban Qurbanovdan asılı olacaq. Düşünsə ki, əsas heyətdə oynamağa layiqdir, şans verəcək. Bu, mənim üçün bir xəyaldır.

- Əsas heyət üzvü olmaq üçün qardaşınızda o potensialı görürsüzmü?

- Qardaşım olsa da, onunla bağlı fikirlərimi bildirəndə obyektiv olmağa çalışıram. Futbol bir çox amillərdən asılıdır. Yalnız onu deyə bilərəm ki, öz üzərində çox çalışır, zəhmətkeşdir, əzmkardır. Amma qərarı baş məşqçi verəcək. Mən heç nə deyə bilmərəm.

- Ötən mövsüm bu vaxt “Neftçi” qış fasiləsinə birinci pillədə yollanmışdı.Ancaq mövsümün ikinci hissəsində “Qarabağ”ı vəziyyəti öz xeyirinə dəyişib, çempion olmuşdu. İndi isə əks mənzərə yaranıb. Ötən il sizin etdiyinizi bu mövsüm “Neftçi” təkrarlaya bilərmi?

- Məncə, bir az rahatlasan, istənilən komanda səni cəzalandıracaq. Amma biz böyük komandayıq. Öz işimizi görsək, eyni səhvi təkrarlamarıq. “Neftçi”nin ikinci hissədəki oyunundan da çox şey asılı olacaq.

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 21:00 Azərbaycana vaxt verdi