
"Zirə"nin baş məşqçisi Zaur Həşimov Sportinfo.az-a müsahibə verib. Komandanın sükanı arxasındakı 2 aylıq işini dəyərləndirən gənc mütəxəssis qış planlarından da söz açıb.
- "Zirə"dəki təqribən 2 aylıq işinizi necə qiymətləndirərdiz?
- Mən öz işim haqqında danışa bilmərəm, kənardan baxanlar qiymət verə bilər. İki ay ərzində maksimum dərəcədə əlimizdən gələni etməyə çalışqdıq ki, yarışdan qopmayaq, futbolçularda əhval-ruhiyyə olsun. Əsas məqsədimiz Avroliqa şanslarını saxlamaq idi. Sevinirik ki, ciddi zədə alan futbolçularımız olmadı. Yalnız Şafik zədələndi, bu da məşq proqramı ilə bağlı deyildi. Futbolçularımız fiziki hazırlıq baxımından da pis təsir bağışlamadılar. 2 ayda ciddi dəyişiklik edə bilməzdim. Sevindirici haldır ki, demək olar, bütün oyunlarda qol və qollar vurmuşuq. Digər tərəfdən, çox qol buraxmışıq. Ancaq əsas o idi ki, Avroliqa şanslarını itirməyək. Mənim özümün qarşıma qoyduğum məqsədə qismən nail olduğumuzu deyə bilərəm.
- Artıq kubokda 1/4 final mərhələsinin oyunları başa çatdı, çempionatda isə fasilədir. Yəqin, komandadan göndərmək istədiyiniz futbolçuların adlarını açıqlaya bilərsiz...
- Bizdə bütün futbolçuların klubla müqaviləsi var. Göndərmək istədiyim futbolçularla belə danışıqlar olacaq. Onların da bir neçəsi xahiş edib ki, adımız hələ hallanmasın, klub axtarırıq. Ona görə də konkret ad açıqlamıram. Ancaq Papazoqlu ilə danışılıb, ona fikrimi demişəm. Bilirsiz ki, müqaviləsi olan futbolçularla ayrılıq qarşılıqlı razılıq əsasında olmalıdır.
- "Qara siyahı"nızda konkret olaraq, neçə futbolçunun adı var?
- "Qara siyahı" deməyək, mən də istəyərəm, yeniliklər olsun. Üç futbolçu ilə yollarımızı ayırmaq istəyirik. Hər üçü legionerdir.
- Yerlilərdən necə, gedənlər olacaq?
- Ola bilər. Sadəcə, elə məsələlərdir ki, konkret addım atmalıyıq. Belə vaxtda ad açıqlamaq ümumiyyətlə, düzgün deyil.
- Qış fasiləsində yeni transferlər olacaqmı və hansı mövqeləri gücləndirmək istərdiz?
- Əlbəttə, transfer olacaq. Bütün oyunlarda qol vursaq da, eyni zamanda, çox qol buraxırıq. Ona görə də əsas diqqət müdafiə xəttinə ayrılacaq. Məsələn, bizdə müdafiənin cinahları üçün seçim imkanı yoxdur. Biri zədələnəndə məcbur qalıb, ortada çıxış edən İlkin Muradovu orada oynadırıq. Bu da həmin effekti vermir. Bu kimi problemlər var ki, onları düzəltmək lazımdır.
- Bəs qapıçı məsələsi nə yerdədir?
- Əlbəttə, qapıçı alınsa, əla olar. Bu da ən zəif mövqelərimizdən biridir. Çünki limitə görə problem yaşayırıq.
- Qış toplanışının Antalyada olacağı dəqiqdir. Hansı rəqiblərlə oynayacağınız bilinir?
- Bununla bağlı danışıqlar gedir. Hələ 100 faizlik nəsə yoxdur. Siyahıda olan, oynamaq istədiyimiz klublarla danışıqlar davam edir. Bu yaxınlarda rəsmi açıqlama veriləcək.
- "Səbail"lə dünənki kubok oyununda rəqibin son dəqiqələrdə vurduğu qol qeydə alınmadı. Mütəxəssislər orada qayda pozuntusunun olmadığını, hakimin səhvə yol verdiyini deyirlər. Sizin fikirləriniz necədir?
- Bilirsiz, biz qələbə qazandıq, bu cür epizodlara görə futbolçularımızın oyununa kölgə salmaq istəmirəm. Bizim də ilk oyunda verilməyən penaltimiz var idi. Dünənki matçda da Adil Nağıyev Riçardı vurdu. Ona görə də bu haqda açıqlama vermək istəmirəm.
- CBC Sport-dakı tok-şouda "Hindistanda Azərbaycana futbolçu gəlməməlidir" fikrinizə "Zirə"nin sabiq baş məşqçisi Samir Abasov münasibət bildirib və deyib ki, Zaur Həşimov həmin ölkədən futbolçu gətirməsin. Həmkarınızın sözlərinə münasibətiniz maraqlı olardı...
- Hindistandan əvvəl də futbolçu gətirmişik. Bilirsiz ki, orada yüksək və aşağı liqa var. Yüksək liqada tanınmış məşqçilər işləyir, yaxşı futbolçular çıxış edir. Bizə oradan Belford, Qadze gəlmişdi. Gətirəndə də belələrini gətirmək lazımdır. İkincisi, mən orada Samir Abasovu nəzərdə tutmurdum. Azərbaycan futbolundan danışırdıq. İstəyirəm ki, ölkəmizə gələn legionerlər səviyyəli olsun. Samir Abasova qarşı hər hansı qəsd-qərəzliyim yoxdur.
Elnur SALAHOV