"Səbail"dən pul qazanıramsa, deməli, oturmağa yox, oynamağa gəlmişəm"

9 Dekabr 2019 22:15 Müsahibə 2 127
"Səbail"dən pul qazanıramsa, deməli, oturmağa yox, oynamağa gəlmişəm"

"Səbail"in qapıçısı Kamal Bayramov Sportinfo.az-a müsahibə verib.

- Qışda komandanı tərk edəcəyin və "Sumqayıt"a keçəcəyin deyilir. Həqiqətən belə bir məsələ var?

- Yox, elə bir söhbət yoxdur. "Səbail"dəyəm, hələ heç yerə getmirəm. Klubla müqaviləm var. Öz vəzifə borcumu layiqincə yerinə yetirməyə çalışıram. Düzdür, gedəcəyimlə bağlı mətbuatda yazırlar. Mən özüm də ordan-burdan oxuyuram.

- Son oyunlarda ehtiyatda qalmağını necə izah edə bilərsən?

- Bu, baş məşqçinin qərarıdır. Sualı ona versən, daha yaxşı olar. Oynadıq-oynamadıq, bütün qərarlara hörmətlə yanaşırıq.

- Oynamamağın səni narahat etmir?

- "Neftçi" ilə oyundan öncə 2 gün məşqdə iştirak etməmişdim. Ona görə 18-liyə düşə bilmədim. Ehtiyatda qalmaq hər bir futbolçunu narahat edir. Bizim işimiz futbol oynamaqdır. Hamımız əlimizdən gəldiyi qədər komandaya kömək etmək istəyirik. Mən də ehtiyatda qaldığım üçün narahatam. Çünki bu klubdan maaş alıram. "Səbail"dən pul qazanıramsa, deməli, bura ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm. Ancaq istənilən halda baş məşqçinin qərarlarına hörmətlə yanaşıram. Bu, normal haldır.

- Klubda vəziyyət deyəsən yaxşı deyil. Dünən Aftandil Hacıyev mətbuat konfransında deyib ki, qış fasiləsində gedənlərin sayı artacaq. Komandanın içindəsən. "Səbail"in dağılma təhlükəsi var?

- Gördüyüm qədər klubun dağılma ehtimalı yoxdur, sıfıra bərabərdir. "Səbail"in bundan sonrakı strategiyası rəhbərliyin verəcəyi qərardan asılı olacaq. Hər şeyə onlar qərar verəcək.

- Elədirsə, komanda niyə belə zəif, istəksiz təsir bağışlayır?

- Hər bir komandada belə hallar olur. "Zirə"də oynayanda, səhv etmirəmsə, 9-10 oyunda qalib gələ bilməmişdik. Eniş dövrü yaşamışdıq. Amma sonradan toparlandıq və həmin mövsüm 4-cü yeri tutduq. Hətta bürünc medal da qazana bilərdik. Vəziyyətdən özümüz çıxmalıyıq. Kənardan kimsə bizə sadəcə, sözlə dəstək ola bilər. Klub daxilində olan atmosferi özümüz hamıdan yaxşı bilirik.

- Hazırda "Səbail"in ən böyük problemi nədir?

- Ən böyük problemimiz Premyer Liqa üçün oyunçu sayının az olmasıdır. Mövsümün əvvəlində Avroliqada oynadıq. Ardınca çempionatda 14 oyun keçirmək asan məsələ deyil. Futbolçu bazasının azlığı bizi enişə sürüklədi. Düzdür, ehtiyatda gənc oyunçular da var. Hamısı gələcək vəd edən futbolçulardır. Amma yüksək liqada təcrübəli futbolçulara daha çox ehtiyac duyulur. Yenə deyirəm, birinci, Allahın köməkliyi, ikinci isə öz gücümüzlə bu durumdan çıxacağıq.

- Artıq mövsümün ilk hissəsinə yekun vuruldu. Fasilə öncəsi kubokda 2 oyun keçirəcəksiz. 1/4 finalda yenə "Zirə" ilə qarşılaşacaqsız. Kubokda hədəf nədir?

- Bəli, kubokda "Zirə" ilə ev-səfər oyunumuz var. Bu dueldən qalib ayrılmaq istəyirik. Hədəfimiz yarımfinala çıxmaqdır. Bunun üçün maksimum gücümüzü ortaya qoymalıyıq.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!