
"Səbail"in kapitanı Eltun Yaqublu Sportinfo.az-a müsahibə verib.
- Son turda evdə "Neftçi" ilə bərabərə qaldız. Səncə, 2 xalı kim itirdi?
- Belə deməzdim. Məncə, 1 xal qazandıq. "Neftçi"nin gücü hamıya bəllidir. Hazırda bizdə o kollektiv yoxdur ki, bu cür komandalarla başabaş oynasın. Çalışdıq ki, ən azı heç-heçə edək. Qələbə qazanmaq üçün də şansımız var idi. Penaltini vursaydıq, bəlkə də 3 xal qazana bilərdik. Amma ümumi fikirləşəndə, bu cür ağır oyunda 1 xal bizim üçün yaxşı nəticədir.
- "Neftçi"nin hazırda yaxşı vəziyyətdə olmayan "Səbail"ə qarşı belə zəif çıxış edəcəyini gözləyirdin?
- Məncə, "Neftçi" zəif təsir bağışlamadı. Sadəcə, biz yaxşı oynadıq. Müdafiədə səhvsiz oynadıq, qapandıq, qol epizodları yaratmağa imkan vermədik. Oyundan öncə taktikamız da o idi ki, cinahları bağlayaq. Çünki cərimə meydançasına çox asma edirlər. Uşaqlar meydançada verilən tapşırıqların hamısını yerinə yetirdi. Ona görə də rəqib qol vəziyyətləri yarada bilmədi.
- Oyundan sonra meydanda ara qarışdı. Ağabala Ramazanovla "Neftçi"nin baş məşqçisi Roberto Bordin arasında mübahisə yaşandı. Orada nə baş vermişdi?
- Bordin oyundan sonra hakimlərə yaxınlaşdı, ardınca isə Ağabala haqda bir söz işlətdi. Bundan sonra Ağabala Bordinin üzərinə şığıdı. Komnda yoldaşımı sakitləşdirməyə çalışırdım ki, birdən hakim qırmızı vərəqə göstərə bilər. Onsuz da oyunçu sayımız azdı. Ağabalaya onu başa salırdım ki, fikir vermə, danışır danışsın, çıx get. Ağabala isə cavab verdi ki, ingiliscə mənə nəsə söyləyir, qoy, görüm nə demək istəyir. Sonra ara qarışdı. "Neftçi" rəsmilərindən kimsə meydançaya girdi. Pis çıxmasın, bunlar hər dəfə uduzandan sonra Bordindən gördüyümüz hərəkətlərdir. Ona görə boş vermək lazımdır. Uşaqlara onu deyirdim ki, Bordinə fikir verməsinlər.
- "Səbail" 9 oyundur qələbə qazana bilmir. Bunun məntiqi nəticəsi kimi də komanda sonuncu pillədədir...
- Zədəlilər, aparıcı oyunçuların getməyi, komandanın zəifləməsi getdikcə daha çox hiss olundu. Məğlubiyyətlər komandanı ruhdan saldı. 9 oyundur uda bilmirik. Özümüz də narahatıq. Bütün fikrimiz bundadır. Amma turnir cədvəlinə baxsaq, görərik ki, bir oyun udsaq, vəziyyətimiz düzələ bilər.
- Autsayder olmağınız kapitan kimi sənə necə təsir edir?
- Əlbəttə, komandanı axırıncı yerdə görmək mənə pis təsir edir. Öz aramızda danışanda da deyirik ki, biz bu pilləyə layiq deyilik. Maksimum dərəcədə çalışacağıq ki, vəziyyətdən çıxaq.
- Fasilə öncəsi son oyununuz "Zirə"yə qarşı olacaq. Bu barədə nə düşünürsən?
- Bizi qarşıda çox ağır oyun gözləyir. Bütün fikrimiz həmin matçdadır. Oyuna ciddi hazırlaşırıq.
Elnur SALAHOV