
Türkiyə futbolunun canlı əfsanəsi, "Qalatasaray"ın sabiq kapitanı Bülənt Korkmaz Sportinfo.az-a müsahibə verib. Veteran futbolçu həm bir neçə gün öncə Bakıya səfərinin detalları haqda danışıb, həm də püşkatma nəticəsində Türkiyə millisinin AÇ-2020-nin qrup mərhələsində keçirəcəyi 2 oyunun paytaxtımızda olmasına münasibət bildirib.
- Türkiyə futbolunun sayılıb-seçilən simalarındansız. Futbolçu karyeranız böyük uğurlarla doludur. Əvvəlcə millinin sabiq üzvü kimi Türkiyə yığmasının Avropa çempionatının final mərhələsində yer aldığı qrupla bağlı fikirlərinizi bilmək maraqlı olar. "Ay-ulduzlular" İtaliya, İsveçrə və Uelslə mübarizə aparacaq. Sizcə, komandanız qrupdan çıxa bilərmi?
- Çempionata hələ bir neçə ay vaxt qalıb. Ona görə də indidən bu haqda danışmaq bir az çətindir. Amma çox yaxşı komandamız var. Gənc və sürətli futbolçularımız çoxdur. Məncə, bu üstünlüyümüzdən maksimum səviyyədə yararlanacağıq. Təbii, turnirlər fərqli olur. Bu cür yarışlarda iştirak etmək çətindir. Bizim əsas problemimiz gənc futbolçularımızın bu cür turnirlərdə oyun təcrübəsinin olmamasıdır. Amma inanıram ki, potensialları ilə bunun öhdəsindən gələcəklər. Hər şeyin daha yaxşı olacağını və bu qrupdan çıxacağımızı düşünürəm.
- Türkiyə millisi qrupdakı 2 oyununu Bakıda keçirəcək...
- Bizim üçün əsas üstünlüklərdən biri də məhz budur. Həm orada işləyən türklər, həm azərbaycanlı qardaşlarımız, həm də Türkiyədən gedəcək azarkeşlər stadionu dolduracaqlar. Bakıda öz evimizdəki kimi oynayacağıq.
- Avropa çempionatının açılış oyunu Türkiyə ilə İtaliya arasında olacaq və Romada oynanılacaq. Bu, yığmanız üçün hər hansı problem yarada bilər?
- İtaliya seçmə mərhələdə məğlub olmadan Avropa çempionatına vəsiqə qazandı. Bu da onların yaxşı futbolçulardan qurulmuş komanda olduğunu göstərir. Amma bu, futboldur. Düzdür, favorit İtaliyadır. Amma hər şey meydanda həll olunacaq. Bu oyun bizim üçün nə qədər çətindirsə, onlar üçün də bir o qədər ağır olacaq. İndidən bir şey demək asan deyil. Çünki turnirə hansı futbolçularla qatılacağımız, kimlərin zədələnəcəyi yarışöncəsi bilinəcək.
- Türkiyə millisi 2002-ci ildə Şenol Günəşin rəhbərliyi altında dünya çempionatında bürünc medal qazanıb. Həmin heyətdə siz də olmusunuz. Necə düşünürsüz, 17 il öncə əldə olunan nailiyyəti bu dəfə Avropa çempionatında təkrarlamaq mümkündür?
- Mən hələ 1,5 il əvvəl hazırkı nəslin həm Avropa, həm də dünya çempionatına qatılacağını demişdim. Əlbəttə, təcrübə də lazımdır. Bunu da təmin edə bilsək, hər şey istədiyimiz kimi olacaq. Komandaya baxsaq, İngiltərə, İtaliya, Fransa və Almaniyada yüksək səviyyədə oynayan futbolçularımız var. Bunlar bizim üçün üstünlükdür. Milli komandada hər bir ölkə futbolunun mədəniyyətini mənimsəyirik. Bundan yararlanacağımızı düşünürəm.
- Bir az da özünüz haqda danışaq. "Antalyaspor"dan ayrıldıqdan sonra başqa klublardan təklif almısınız?
- Təkliflər var. Ancaq istədiyim kimi deyil. Hədəfləri olan komandada işləmək arzusundayam.
- Bir neçə gün öncə Bakıda olduz. Saytımıza açıqlamanızda bura toya gəldiyinizi demişdiz. Buradan hansı təəssüratlarla ayrıldız?
- Bakıda çox sevdiyim dostlarım, yoldaşlarım var. Fürsət düşdükcə görüşürəm. Bu dəfə də məni isti qarşıladılar. Türkiyəyə qayıdanda da yaxşı ayrıldıq.
- Azərbaycan futbolu ilə maraqlanırsız?
- Azərbaycan çempionatı istənilən səviyyədə deyil. İnkişaf etməli, səviyyəsi qalxmalıdır. Təəssüf ki, hazırda bunu görmürük. Bizim vaxtımızda çempionatda rəqabət daha yaxşı idi. Səhv etmirəmsə, son illər yalnız "Qarabağ" avrokubokların qruplarında çıxış edir. Hazırda həm çempionatda, həm də beynəlxalq arenada ən yaxşı komanda "Qarabağ"dır. Azərbaycanı layiqincə təmsil edirlər. Buna görə onları təbrik edirəm. Qurban Qurbanov da çox yaxşı məşqçidir. Həm milli komandada, həm də "Qarabağ"da yaxşı işlər görüb. Azərbaycan futbolunun inkişafı üçün Qurbanovun məşqçi biliyi ilə gənc futbolçuların potensialı birləşməlidir.
- Qurban Qurbanovdan söz düşmüşkən, bu gün onun ölkə xaricinə getməli, əcnəbi klubu çalışdırmalı olduğu haqda fikirlər dolaşır. Siz bu haqda nə deyə bilərsiz?
- Bu, onun şəxsi işidir. Qərarı da ancaq özü verə bilər. Ona görə də nəsə deyə bilmərəm. Mən sadəcə, Qurban hocanın Azərbaycan futboluna böyük faydası olduğunu, bundan sonra da olacağını düşünürəm.
- Azərbaycan millisində baş məşqçi dəyişikliyi gözlənilir. Böyük ehtimalla, hazırkı çalışdırıcı Nikola Yurçeviç istefaya göndəriləcək. Sizcə, yığmanı kim çalışdırmalıdır: yerli, yoxsa əcnəbi mütəxəssis?
- Bu barədə nəsə deyə bilmərəm. Amma reallıq budur ki, artıq gənc futbolçulara şans verilməlidir. İstedadlı futbolçuları üzə çıxarmaq üçün plan hazırlanmalıdır. Bu isə 3-4 il çəkə bilər. Bu müddətdə milli komanda heç bir beynəlxalq turnirə vəsiqə qazana bilməz. Əsas məqsəd həmin oyunçuları hazırlayıb, 4 il sonrakı yarışda iştirak etmək olmalıdır. AFFA-nın bununla bağlı hər hansı layihə hazırlayıb-hazırlamadığını bilmirəm. Məncə, artıq ölkə xaricinə futbolçu çıxarmalısız.
- Azərbaycanlı iş adamı, "Bakı" klubunun sabiq prezidenti Hafiz Məmmədovla yaxşı münasibətləriniz olduğunu bilirik. Bakıda olanda Hafiz müəllimlə görüşdüz?
- Yox, görüşə bilmədim. Vaxt olmadı. Çünki Bakıya gəldiyim gün toya getdim, növbəti günün səhəri isə Türkiyəyə qayıtdım. Yanımda Türkiyədən gələn dostlarım var idi. Təəssüf ki, görüşə bilmədim. Hafiz Məmmədov çox sevdiyim, dəyər verdiyim bir insandır. Hələ də mənim üçün elədir.
- Hafiz Məmmədovla hazırda əlaqəniz var?
- Çoxdandır danışa bilmirik. Sadəcə, 2 il öncə mesajlaşmışdıq. Amma mənim üçün çox dəyərli şəxsdir. "Bakı" klubuna, Azərbaycan futboluna çox şey qazandırdı. Avropa səviyyəli baza inşa etdirdi.
- Vaxtı ilə Azərbaycanda işləmisiniz. Yenidən ölkəmizdə hansısa kluba başçılıq etmək istərdinizmi?
- Əvvəlcə təklif olmalıdır. Daha sonra klubun nə istədiyini bilməliyəm. Bayaq da dediyim kimi, hədəfləri olan komandada çalışmaq istəyirəm.
Elnur SALAHOV