"Məşqçi gördüyü yuxuya görə hücumçunu ehtiyatda saxlamışdı" - FABİO LUİS RAMİM

20 Noyabr 12:44 Müsahibə 737
"Məşqçi gördüyü yuxuya görə hücumçunu ehtiyatda saxlamışdı" - FABİO LUİS RAMİM

Millimizin sabiq üzvü, "MKT Araz", "Olimpik" və "Bakı" klublarındakı çıxışı ilə Azərbaycan futbolsevərlərinə yaxşı tanış olan Fabio Luis Ramim Sportinfo.az-a geniş müsahibə verib. Futbolumuzun o vaxtkı durumu ilə hazırkını müqayisə edən braziliyalı futbolçu maraqlı fikirlər səsləndirib.

- Fabio, sizi Azərbaycandan narahat edirəm. Haralardasız, nə işlə məşğulsuz?

- Hazırda Braziliyada yaşayıram. Yerli komandalardan birində - daha dəqiq desəm, "Amerika" futbol klubunda məşqçiyəm. U-17 komandasını çalışdırıram. Daha yaxşı klubda işləmək üçün kurslara qatılıram. Həmçinin bədən tərbiyəsi üzrə təhsilimi başa vurmaq üzrəyəm.

- Kateqoriyanız var?

- Hə, artıq B kateqoriyasını almışam.

- Bir ara menecerliklə də məşğul olurduz. Deyəsən, alınmadı...

- Hə, məşğul olurdum. Amma artıq o sahədən uzaqlaşmışam. Artıq bütün fikrimi məşqçiliyə yönəltmişəm. İndi yalnız dostlarım xahiş edəndə bəzi futbolçulara məsləhət verirəm.

- Azərbaycan futbolu ilə maraqlanırsız?

- Bəli, vaxtım olduqca həm millinin beynəlxalq, həm də "Qarabağ"ın Avroliqa oyunlarına baxıram.

- Millimizdə işləmək istəyərdiz, yoxsa hər hansı klubumuzda?

- İstənilən bir komandada. Yığma mənim üçün hələ ki, arzudur.

- Millinin cari seçmə mərhələdəki nəticələrindən xəbəriniz var?

- Bəli. Azərbaycan çox çətin qrupa düşmüşdü. Əslində komanda pis oynamır. Sadəcə, nəticələr yaxşı deyil.

- 7 il Azərbaycanda oynamısız. Həmin dövrü necə xatırlayırsız?

- Azərbaycanda gözəl günlər keçirmişəm. Bakıya çox tez və yaxşı uyğunlaşmışdım. Elə bilirəm ki, ora mənə Braziliyadan daha doğmadır. Azərbaycan, milli komanda üçün çox darıxıram. "Bakı", "Xəzər Lənkəran", "İnter", "Simurq", "Karvan" və "MKT Araz" kimi klubların dağılmasına təəssüflənirəm. Həmin vaxt çempionat tək Bakı yox, bütün ölkə üçün maraqlı idi. Ümid edirəm ki, həmin komandalar bir gün yenidən qayıdacaq.

- Sizcə, geridə qalan müddətdə Azərbaycan futbolunda nə dəyişib? İnkişaf var, yoxsa..?

- Yalnız "Qarabağ"da çıxış edən bəzi azərbaycanlı futbolçularda inkişaf hiss olunur. Bu da komandanın avrokuboklardakı çıxışı ilə bağlıdır. Digərlərinin isə belə şansı olmur. Bölgə klubları olmadan inkişaf çox çətindir. Çempionat zəif, istedadlı futbolçu potensialı isə məhduddur. Futbol bölgələrə yayılmalı, kiçik klublar paytaxt təmsilçilərinə qarşı oynayıb, inkişaf etməlidirlər. Yalnız Bakı klubları futbolçu götürsə, bölgələrdəki istedadlar üzə çıxmayacaq. Belədə seçim də az olacaq. "Qarabağ"la eyni səviyyəli klublar çox olmalıdır. Əgər olmasa, çempionat maraqsız keçəcək və inkişaf olmayacaq.

- Milli komandanın hazırkı durumu, səviyyəsi haqda nə deyə bilərsiz? Sizin oynadığınız dövrdəki yığma güclü idi, yoxsa indiki?

- Bilirsiz, bu suala cavab vermək çətindir. Əgər futbolçuların fərdi keyfiyyətləri baxımından nəzərdə tutursuzsa, hazırkı komanda daha yaxşıdır. Nazarov, Şeydayev kimi futbolçularınız ölkə xaricində çıxış edir. Riçard Almeyda 5-6 ildir "Qarabağ"da sabit oyun göstərir. Amma komanda olaraq, bizim oynadığımız milli daha güclü idi. Çünki futbolçular bir yerdə oynayırdılar, həm meydanda, həm də kənarda birlikdə olurdular. Fərqli ölkələrdə oynayan futbolçulardan komanda yaratmaq elə də asan deyil. Amma bu, tək Azərbaycanda olmur. Bütün yığmalarda oxşar problemlər olur. Sadəcə, zamana ehtiyac var ki, həmin futbolçular bir-birilərinə tam uyğunlaşsınlar.

- Azərbaycanda uzun illər oynamısız. Sizcə, niyə milli komandamız yerində sayır?

- Bilirsiz, futbol elədir ki, məşqçi olandan sonra hər şeyi daha yaxşı dərk edirsən. İlk növbədə uşaqlar daha erkən - 6-7 yaşlarından futbolla məşğul olmalı və yaxşı məşqçilərin nəzarəti altında olmalıdır. Çox işləmək lazımdır. Azərbaycanda isə vəziyyət fərqlidir. Düzdür, orada olmasam da, klubların 90 faizinin paytaxtı təmsil etdiyini bilirəm. Futbolu ancaq Bakıda inkişaf etdirmək mümkün deyil. Bölgə klublarına sərmayə qoyulmalı, Gəncə, Tovuz, İmişli və Bərdədə akademiyalar açılmalı, komandalar yaradılmalıdır. Bundan sonra istedadlı oyunçular üzə çıxmağa başlayacaq. Bundan başqa, yerli klublar beynəlxalq arenada Avropanın güclü təmsilçilərinə qarşı oynamalıdırlar. Məsələn, "Qarabağ" artıq neçə ildir avrokuboklarda çıxış edir. Bunun nəticəsidir ki, orada oynayan azərbaycanlılar digər klublardakılarla müqayisədə daha keyfiyyətli oyunçulardır. Əgər sənin çempionatın güclü deyilsə, futbolçuları milli komandada iddialı rəqiblərə qarşı necə oynada bilərsən? Çox çətindir. Yaxşı çempionat futbolçuları güclü edir.

- Bu gün milli komandanın üzvlərinə uduzduqları oyuna görə də mükafat verilir. Sizin vaxtınızda da belə hallar olurdu? Ümumiyyətlə, buna münasibətiniz necədir?

- Bu barədə nəsə demək asan deyil. Çünki bu, federasiya ilə futbolçu arasında olan məsələdir. Bilmirəm, futbolçulara nə söz verilib. Ancaq AFFA hər zaman milli üzvlərinə yaxşı oyuna, layiqli mübarizəyə görə mükafat ayırıb. Onlar bu yolla komandanı motivasiya edirdilər. Məğlubiyyətə görə mükafat verməyin yaxşı və ya pis olduğunu deyə bilmərəm. Bizim vaxtımızda yalnız bir dəfə belə hadisə olmuşdu. Uelsə məğlubiyyətdən sonra futbolçulara mükafat paylanmışdı. Çünki həmin matçda çox yaxşı oynamışdıq və son dəqiqələrdə buraxdığımız qolla uduzmuşduq. Ümumiyyətlə, AFFA prezidenti tez-tez bu üsulla futbolçuları ruhlandırmağa çalışır. Bu, normal haldır.

- Sizin vaxtınızda olduğu kimi, indi də yığmada milliləşdirilmiş futbolçular çıxış edir. Maraqlıdır, o vaxt sizi necə milliləşdirmişdilər?

- Bunun üçün ölkədə ən azı 2-3 il oynamalı idin. Digər tərəfdən, qan bağlılığın olmalı idi. Məsələn, mənim ad-soyadımdakı Ramim sözü, adımın mənşəyi Türkiyədən gəlir. Bəlkə də məhz bu amil mənim daha tez milliləşməyimə kömək etdi.

- Yəqin ki, 7 illik Azərbaycan karyeranızda başınıza maraqlı əhvalatlar gəlib. Onlardan ən yaddaqalanını bizə danışa bilərsiz?

- Danışaram, amma heç kimin adını çəkməyəcəm. Çünki məndən inciyə bilərlər. Bir dəfə çempionatda ilk pillədə idik. Qarşıda vacib və çətin oyunumuz var idi. Həftə ərzində ciddi hazırlaşmışdıq. Komandamızda yaxşı hücumçu var idi. Oyun günü baş məşqçi həmin futbolçunu ehtiyatda saxladı. Forvard çalışdırıcıya yaxınlaşıb, nə baş verdiyini soruşdu. Məşqçi ona dedi ki, dostum, dünən gecə yuxuda görmüşəm, sən pis oynayırsan və biz uduzuruq. Ona görə də səni ehtiyatda saxlamalıyam. Nə isə, oyun başladı, ilk hissə qolsuz bitdi. Baş məşqçi oyunun başa çatmasına 10 dəqiqə qalmış həmin futbolçunu meydana buraxdı. O isə əlinə düşən ilk fürsətdə qol vurdu və komandamıza vacib qələbə qazandırdı. Matçdan sonra məşqçi hücumçuya yaxınlaşıb üzr istədi. O isə sual verdi ki, "Koç, sən dəlisən? Gecə yuxu görürsən, səhər məni ehtiyatda saxlayırsan". Bundan sonra hamımız gülüşdük. Bu, mənim qarşılaşdığım maraqlı hadisələrdən yalnız biridir.

- Bəlkə baş məşqçinin və həmin futbolçunun adını da deyəsiz...

- Üzrlü sayın, deyə bilmərəm. Məndən inciyərlər.

- Həmin məşqçi Əsgər Abdullayev olmasın?

- (Gülür). Mən heç nə demədim...

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 12:15 O gəlir, Şeydayev gedir
7 Dekabr 11:47 Sadio Mane - ən yaxşı
7 Dekabr 09:00 "Sumqayıt" "YOX" deyir