“Qurbanovu aldadırlar, ona yalan deyirlər, klubu dağıdırlar”

17 Noyabr 2019 19:20 Müsahibə 1 070
“Qurbanovu aldadırlar, ona yalan deyirlər, klubu dağıdırlar”

“Express Baku” voleybol klubunun direktoru, ömrünün 40 ilini ölkədə voleybolun inkişafına həsr etmiş İntizar Məmmədova Sportinfo.az-a müsahibə verib.

Müsahib Azərbaycan Voleybol Federasiyasının ona qarşı qarayaxma kampaniyası apardığını deyib. Bildirib ki, AVF “Express Baku”ya qəsdən mailiyyə dəstəyi göstərmir, klubu dağıtmaq istəyir.

- 1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybol üzrə məşqçilik fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 20 il ölkəmizin ali məktəblərinin birində Bədən tərbiyəsi və idman kafedrasında baş müəllim, 2001-2010-cu illərdə “Azərneft” voleybol klubunda təlimatçı kimi çalışmışam. 2011-2014-cü illərdə Azərbaycanın kişilərdən ibarət voleybol üzrə millisinə rəhbərlik etmişəm. 2014-cü ildə “Express Baku”nu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin göstərişi ilə yaratmışam və klubun direktoruyam. İstedadlı gənclərin voleybola cəlb olunmasında zəhmətim az olmayıb. Hazırda çox çətin vəziyyətlə üzləşmişik. Çempionat başlamaq üzrədir, lakin “Express Baku” bir dəfə də məşq etməyib. Klubu saxlamaq üçün pul lazımdır. Təəssüf ki, AVF bizə ögey münasibət göstərir. Klubu dağıtmaq istəyirlər. Bu azmış kimi federasiya rəhbərliyi mənə qarşı çirkin kampaniya başladıb.

- Klubunuzun ölkə çempionatında nə kimi uğurları olub?
- “Express Baku”nun heyətində 15-18 yaşlı perspektivli gənclər çoxluq təşkil edir. Komanda 2016-2017-ci illər mövsümündə I liqa yarışlarında qızıl medal qazanıb. 2017-2018-i illər mövsümündə Azərbaycan çempionatının Superliqa yarışlarında mübarizə apardıq. 2018-2019-cu illər mövsümündə isə I liqada 9 komanda arasında ikinci yeri tutduq və gümüş medal qazandıq. “Express Baku”voleybol klubu hər zaman gənc, ucaboylu, perspektivli oyunçuları ilə diqqəti cəlb edib. Bu il klubumuzun 3 voleybolçusu Bakıda keçirilən gənclərin Olimpiya Festivalında Azərbaycanın gənclərdən ibarət milli komandasına dəvət almışdı. Bir daha təəssüflə deyirəm ki, bu cür komandanın fəaliyyəti üçün maliyyə dəstəyi göstərilmir.

- Səbəb nədir?
- Səbəbini bilmirəm. İllərlə çəkdiyim əziyyətin, zəhmətin qarşılığında haqsızlıq, qərəzli mövqe və təzyiqlə üzləşirəm. 2017-2018-ci illər mövsümündə də komandamıza pul ayrılmadı. Federasiya ilə klubun arasında bağlanmış müqaviləyə əsasən, hər ay komandanın hesabına 20 min manat köçürülməli idi. Ötən il mövsümün ortasında pul köçürülməsi dayandırıldı. Oyunçulara, məşqçilərə 50 min manat borclu qaldım. AVF prezidenti Cavid Qurbanova, vitse-prezident Faiq Qarayevə dəfələrlə müraciət etsəm də, problem həll olunmadı. Federasiya müqavilə əsasında alacağımız pulu bizə vermədi. Məcbur qalıb Azərbaycan Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya klubumuzun bütün üzvləri adından müraciət göndərdik. Bizim müracitimizə həssaslıqla yanaşılması federasiyada təşvişə səbəb oldu. Komandanın borcu bu ilin aprel ayında ödənildi. Bundan sonra isə mənə açıq şəkildə bildirildi ki, “Express Baku”ya bir daha pul verilməyəcək. Dediklərini etdilər, AVF prezidenti Cavid Qurbanov 2019-2020-ci illər mövsümü üçün 8 kluba 4 milyon manat pul ayırıb. Hətta bu məbləğin daha çox olduğu da deyilir. Klubumuza isə yenə də embarqo qoyulub. İyulun 15-də AVF-nin vitse-prezidenti Faiq Qarayev məni yanına çağırıb bildirdi ki, Cavid Qurbanov kişi voleyboluna pul ayırmaq istəmir. Guya vəsait yoxdur. Əgər belədirsə, onda kişilərdən ibarət “Lokomotiv” klubuna, yeni yaratdıqları “Sərhədçi” klubuna haradan pul tapılır? Vəsait yoxdursa, Faiq Qarayev Rusiya, Ukrayna, Xorvatiya, Belarusdan gənc qızları ailələri ilə birlikdə Bakıya necə dəvət edir, onların qadın klublarında çıxış etmələri üçün yüksək şərait necə yaradılır? Özlərinə lazım olan işləri görmək üçün vəsait tapılır. Lakin gənc azərbaycanlılardan ibarət olan perspektivli bir komandanı yaşatmaq üçün vəsait tapılmır. Mənim səsim AVF prezidenti Cavid Qurbanova çatmır, onunla görüşməyə qoymurlar. Yazdığım məktubları Cavid müəllimdən gizlədirlər. Ona görə ki, heç kimim yoxdur, Cavid Qurbanovun adamı deyiləm. Əgər mən Faiq Qarayevin xoşuna gəlmirəmsə, bu, o demək deyil ki,mən və klubumun mütəxəssisləri illərlə işsiz qalmalıdırlar? İllərimi verdiyim işimdən nəyə görə uzaqlaşmalıyam? Bilmək istərdim ki, bizim azərbaycanlı övladlarımızın voleybol ilə məğul olmaq hüququ yoxdurmu? Bu hüququ onların əlindən kim ala bilər ki? Bu barədə hansı yuxarı instansiyaya müraciət edirsənsə, deyirlər ki, AVF ictimai təşkilatdır, biz onların işinə qarışa bilmərik. O zaman sual olunur: məgər biz ictimaiyyətin nümayəndəsi deyilik? İctimai təşkilatın qapıları ictimaiyyətə açıq olmalıdır.Bu gün bu qapı İran, Ukrayna, Rusiya ,Gürcüstan və digər ölkələrin vətəndaşlarının üzünə taybatay açıqdır, nəinki azərbaycanlıların.

- Deyirsiz ki, sizə qarşı böhtan kampaniyası başlayıb...
- Azərbaycan Voleybol Federasiyasında belədir: haqqını tələb edirsənsə, o zaman sənə qarşı şantaj və qarayaxma kampaniyası başlayır. Əvəzində isə klublara və milli komandaya savadsız, voleyboldan anlayışı olmayan məşqçilər gətirilir. Həmin şəxslərə “İdman ustası”, “Əməkdar məşqçi”, adları, yüksək əmək haqqı verilir. İntizar Məmmədova isə ali təhsilli, heç yerdə işləməyən iki övladı ilə bir otaqlı mənzildə yaşayır. Mən şan-şöhrət dalınca qaçmamışam. Federasiya rəhbərliyi yaxşı bilir ki, mənim alnım açıqdır. Fəaliyyət göstərdiyi 4 il ərzində “Express Baku”voleybol klubundan iki voleybolçu qovulub. Anar Maqsudzadə adlı oyunçu məşqlərə gəlmirdi, nizam-intizama əməl etmirdi. Uşaqlar mənə dedilər ki, Anar əsas vaxtını gecə barlarında keçirir, qəlyan çəkir. Bu əməllərinə görə, komandadan uzaqlaşdırdım. Digər voleybolçu Tural Cəfərli də intizamsız uşaq idi. Müxtəlif bəhanələrlə məşqlərdən yayınırdı. Baş məşqçi və klubun həkimi tərəfindən, onlarla bağlı iki təqdimat yazıldı. Məcbur qalıb 2018-ci ilin yanvarında onları heyətdən kənarlaşdırdım. Federasiya indi bu uşaqlarla bağlı araşdırma aparmağa başlayıb. Guya ki, mən həmin voleybolçuların əmək haqqını verməmişəm, mənimsəmişəm. Hətta Tural Cəfərlini təlimatlandırıb göndərmişdilər Nəsimi rayon Əmək Müfəttişliyinə.O iddia edirdi ki, hüquqları pozulub. Məni dəvət etdilər Əmək Müfəttişliyinə. Geniş şəkildə araşdırma aparıldı. Bəlli oldu ki, heç bir qanun pozuntusuna yol verməmişəm. Hər iki oyunçu klubda olduqları dövr ərzində pul alıblar. Onu da əlavə etmək istəyirəm ki, Tural Cəfərli bizim klubumuzdan sonra daha iki klubdan kənarlaşdırılıb. Bununla bağlı bütün sənədlər məndə var. İstənilən yerdə, istənilən zaman dediklərimi sübut etməyə hazıram. Hər mövsümdə mütəmadi olaraq federasiyanın mühasibatlığına, klubun üzləşdiyi bütün problemlər haqqında federasiya rəhbərliyinə , şəxsən Faiq Qarayevə hesabat təqdim etmişəm. Hətta 2018-ci ilin iyun ayında mən AVF-nin vitse-prezidenti Qarayevin adına ünvanlaığım məktubda, bu problemlər haqqında və təsdiqləyici sənədləri yazılı şəkildə federasiyanın müşaviri, Əbülfəz müəllimə təqdim etmişəm. AVF rəhbərliyi məni susdurmaq üçün çirkin şantaj kampaniyasına başlayıb. Özləri də bilir ki, mənə ləkə yapışmaz. Mən hər zaman öz işimi vicdanla, şərəflə yerinə yetirmişəm. İnanın ki, artıq bütün bu diskriminasiyalardan bezmişəm. Bilmirəm, “Express Baku” voleybol klubuna qarşı edilən haqsızlığa nə vaxt son qoyulacaq? AVF formalaşmış bir klubu dağıdır, klubun məşqçi və əməkdaşlarını işdən uzaqlaşdırır, əvəzində isə voleybola aidiyyatı olmayan insanlar üçün yeni klublar yaradırlar. Məqsəd nədir? Bunu bilmirəm. Artıq çempionat başlamaq üzrədir, komandamızın taleyi sual altındadır.

- Bildiyimizə görə, AVF-yə yeni baş katib gətirilib. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, bu doğrudur. Bu insan əvvəllər “Rabitə” klubunun prezidenti olub. Federasiyanın baş katibi Cəlil Cəfərov “Rabitə”yə rəhbərlik edərkən, sevdiyi əməlini - əcnəbilərə olan xüsusi rəğbətini artıq federasiyada da işə salıb. Çünki “Rabitə” fəaliyyət göstərdiyi illər ərzində bir nəfər azərbaycanlı oyunçu yetişdirmədi. Federasiyanın baş katibi bu gün əcnəbi məşqçilər üçün bütün şərait yaratmaqla, Rusiya Federasiyası və Ukraynadan 14-15 yaşlı gənc oğlanları Bakıya gətirməyi planlaşdırır. 2019-2020-ci il mövsümündə Superliqada iştirak edəcək klubların adları demək olar ki, məlumdur. Gürcüstanın kişilərdən və qadınlardan ibarət hər iki komandasının həm yataq, həm də yemək xərcləri AVF tərəfindən ödəniləcək. AVF-də əvvəlcə 7 komandanın maliyyələşdirilməsi nəzərdə tutulmuşdursa, hazırda komandaların sayı 8-ə çatdırılıb. Klubumuza gəldikdə, hər dəfə eyni sözü eşidirik: “Pulumuz yoxdur. Cavid müəllim sizə pul ayırmaq istəmir”.

Üzümü Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tuturam: Möhtərəm Prezident, hörmətli Mehriban xanım, Voleybol Federasiyası azərbaycanlı gənclərdən ibarət “Express Baku” voleybol klubunu dağıtmaq istəyir. Perspektivli bir kluba maliyyə dəstəyi göstərmir. Ümidimiz sizədir. Sizin maddi və mənəvi dəstəyinizə ehtiyacımız var.”Express Baku”nun üzləşdiyi problemin həlli sizin bu məsələyə həssaslıq və mərhəmətlə yanaşmanızdan asılıdır. Ölkə çempionatında yüksək nəticələr göstərən 15-18 yaşlı azərbaycanlı uşaqlardan ibarət klubun dağılmasına imkan verməyin.

Vüqar MƏMMƏDOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"