"Açığı, ürəyimdən keçirdi ki, kaş milliyə çağırsınlar" - VÜSAL İSGƏNDƏRLİ

8 Noyabr 2019 13:52 Müsahibə 1 648
"Açığı, ürəyimdən keçirdi ki, kaş milliyə çağırsınlar" - VÜSAL İSGƏNDƏRLİ

"Keşlə"nin yarımmüdafiəçisi, ilk dəfə əsas millimizə dəvət alan Vüsal İsgəndərli Sportinfo.az-a müsahibə verib.

- Vüsal, ilk dəfə milliyə dəvət almağın münasibətilə səni təbrik edirəm. Təəssüratların necədir? Hansı hissləri keçirirsən?

- Çox sağ olun, Allah razı olsun. İlk dəfədir milliyə çağırılıram. Çox sevincliyəm. Bunun hər bir futbolçuya nəsib olmasını arzu edirəm. Ən əsası isə qürur hiss keçirirəm. Daha yaxşısını etməyə çalışacam.

- Nikola Yurçeviçin səni yığmaya çağırdığını ilk dəfə kimdən öyrəndin və həmin an reaksiyan necə oldu?

- Məqşdən çıxmışdıq. Mətbuat katibimiz Murad Axundov dedi ki, milli komandaya görə sənədlərini istəyirlər. Özümə də maraqlı gəldi. Açığı, ürəyimdən keçirdi ki, kaş çağırsınlar. Elə xoş xəbəri də Muraddan aldım. Ümumiyyətlə, kluba gələndən ancaq şad xəbərlər verir.

- Ümumiyyətlə, Yurçeviçdən dəvət gözləyirdin?

- Əgər çağırılmışamsa, deməli, baş məşqçi məni milliyə layiq görüb. Dəvət gözləmirdim, amma bunu çox istəyirdim.

- Məsələ təkcə dəvət almaqla bitmir. Qarşıda Uels və Slovakiya ilə seçmə mərhələ oyunları var. Səncə, meydana çıxmaq şansın olacaq?

- Əlbəttə, əsas iş bundan sonra başlayır. Mən məşqlərdə əlimdən gələni edəcəm. Özümü yaxşı tərəfdən göstərməyə çalışacam ki, şans verilsin.

- Son ilyarımda 3 məşqçi - Ayxan Abbasov, Samir Abasov və Tərlan Əhmədovla işləmisən. Bu gün milliyə dəvət almağında daha çox hansının rolu var? Buna görə ən çox kimə borclusan? Hamısının adını çəkmə, çünki inandırıcı olmayacaq...

- Yox, onsuz da hamısını deməyəcəm. Ayxan Abbasovla Tərlan Əhmədovun rolu hədsiz böyük olub. Məni üzə çıxaran Ayxan müəllim olub. Üzərimdə əməyi, əziyyəti çoxdur. Tərlan Əhmədov isə mənə həm özünəinamı qaytardı, həm də güvəndi. 4 ay nə qol vurdum, nə də məhsuldar ötürmə verdim. Buna baxmayaraq, həmişə arxamda dayandı, mənə inandı. Samir Abasov da çox sağ olsun. Əziyyəti olubsa, halal etsin. Sadəcə, yalnız mənə güvənən məşqçi üçün meydanda bütün gücümlə hər şey etməyə hazıram. Mənim üzərimdə Rövşən Babayev, Füzuli Məmmədovun da əməyi çox olub. Əgər bu gün milliyə dəvət alıramsa, bu, onların sayəsindədir. Allah hamısından razı olsun.

- Samir Abasov sənə niyə güvənmirdi?

- Ən yaxşısı, bunu Samir müəllimin özündən soruşun.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti