"Yəqin, əllə dizi səhv salıblar" - Ağabala sayılmayan qol haqqında

4 Noyabr 2019 18:52 Müsahibə 922
"Yəqin, əllə dizi səhv salıblar" - Ağabala  sayılmayan qol haqqında

"Səbail"in hücumçusu Ağabala Ramazanov Sportinfo.az-a müsahibə verib.

- "Səbail" 6 turdur qələbə qazana bilmir. Nə baş verir?

- Bütün kollektiv olaraq, hamimiz nəticələrə görə narahatıq. Bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Əlimizi-qolumuzu yana salıb, hazırkı durumdan razı ola bilmərik. Bizə bir qələbə lazımdır. Ondan sonra ardı gələcək.

- Komandada maliyyə çətinliyi olanda daha yaxşı nəticələr əldə edirdiz. İndi hər şey qaydsındadır, amma qələbə yoxdur...

- Qələbə qazanmaq üçün nələrsə çatmır. Özünüz də görürsüz ki, son oyunlarda heç qol da vura bilmirik. Məsuliyyəti dərk edirik. Məşqçimiz də bundan narahatdır. Qol epizodları yaradırıq, amma fərqlənə bilmirik.

- Son turda "Keşlə" ilə qolsuz bərabərə qaldız. Həmin oyun haqda fikirlərin necədir?

- Hava küləkli idi, hər iki komanda çətinliklə mübarizə apardı. Kim bir qol vursaydı, o da qalib gələcəkdi.

- Ürfan Abbasov "Keşlə"nin qapısına yol tapsa da, matçın baş hakimi Rəvan Həmzəzadə bunu qeydə almadı.

- Hakim də insandır, səhv edə bilər. Amma oyun vaxtı elə ciddi danışdı ki, mən də inandım. Sonra Fəhmindən topun əlinə dəyib-dəymədiyini soruşdum. Fəhmin isə topun nəinki əlinə, ümumiyyətlə, ona toxunmadığını dedi. Matçdan sonra hakim-inspektora da sual verdim. Dedi ki, epizodun təkrarına 10 dəfə baxmışıq, top Fəhminin əlinə dəyib. Yəqin, əllə dizi səhv salıblar. Təmiz qolumuz sayılmadı.

- Bir ara ölkə xaricindən, xüsusilə ərəb ölkələrindən təkliflərin var idi. Onlar hələ qüvvədədir?

- Bəli, qüvvədədir, amma hələ gözləyirəm.

- Ümumiyyətlə, qışda komandanı tərk etmək ehtimalın var?

- "Səbail"lə yaya qədər müqaviləm var. Amma ölkə xaricindən təklif gəlsə, inanıram ki, mənə mane olmayacaqlar.

- 10 tura 3 qol vurmusan. Öz çıxışından razısan?

- Mən sırf hücumçu mövqeyində oynamıram. Əlbəttə, sırf hücumçu olsaydım, narazı qalardım. Yarımmüdafiəçi üçün normal hesab etmək olar.

- Mövsümə yaxşı başladın, avrokuboklarda birinci təsnifat mərhələsində 4 qol vurdun. Son vaxtlar isə sanki komandan kimi, sən də "qara zolaq"dasan...

- Biz çox oyunları müdafiədən oynayırıq. Qol vura bilməməyim bununla bağlı ola bilər. Əsas məsələ bizdə yaradıcı oyunçunun olmamasıdır.

- Növbəti turda Qəbələ səfərinə yollanacaqsız. Həmin oyun haqda nə düşünürsən?

- Bizə ancaq qələbə lazımdır. Yalnız bunu düşünürəm.

- Yaxın günlərdə millinin heyəti açıqlanacaq. Özünü Nikola Yurçeviçin siyahısında görürsən?

- Bəli, görürəm.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"