"APOEL-lə oyunda hamı bizdən uğur gözləyir" - "QƏBƏLƏ"NİN BAŞ MƏŞQÇİSİ

22 Oktyabr 2019 16:02 Müsahibə 763
"APOEL-lə oyunda hamı bizdən uğur gözləyir" -

"Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov Sportinfo.az-a müsahibə verib.

- "Qəbələ" oktyabrın 24-də UEFA Gənclər Liqasında APOEL-lə cavab matçına çıxacaq. Oyunöncəsi komandada vəziyyət necədir?

- Komandada əhval-ruhiyyə yüksəkdir. Oyuna həm taktiki-texniki, həm də psixoloji tərəfdən yaxşı hazırlaşırıq. Çünki əvvəl rəqib haqda bir o qədər məlumat yox idi. İlk matçdan sonra isə əlimizdə videomaterial var. APOEL-i yaxşı təhlil edə bilmişik. Uşaqlar da fərqindədirlər ki, yaxşı hazırlaşsalar, onlara qalib gəlmək, mərhələni keçmək olar.

- Yəqin ki, ilk oyundakı heç-heçədən sonra növbəti mərhələyə adlayacağınıza daha çox inanırsız...

- Əlbəttə. Amma bunun həm də mənfi tərəfi var. Yaxşı cəhəti odur ki, səfərdəki heç-heçədən sonra üstün tərəf "Qəbələ"dir, rəqib artıq bizə qol vurmalıdır. Pis tərəfi isə odur ki, uşaqlar indi daha məsuliyyətli olmalıdırlar. Çünki hər kəs bizdən uğur gözləyir.

- Sərfəli nəticə komandada arxayınlıq yarada bilər?

- Yox, arxayınlıq hiss olunmur. Amma futbolçularımızı daim nəzarətdə saxlayır, məsuliyyəti başa salırıq. "Boşalmaq" olmaz. Rəqibə ciddi və hörmətlə yanaşmaq lazımdır. Çünki APOEL kifayət qədər texnika və oyun nizam-intizamına sahib komandadır. Analizlərimizdə də bunları futbolçulara göstərmişik.

- Necə düşünürsüz, bu nəticədən sonra APOEL-i keçməmək uğursuzluq sayıla bilər?

- Elə onu nəzərdə tuturam ki, indi daha çox məsuliyyət daşıyırıq. Futbolçularımız cavab matçında ordakından ikiqat üstün oynamalıdırlar ki, doğma meydanda turu keçən tərəf biz olaq. Hamımız bunun fərqindəyik. Daha yaxşısını etməyə çalışacağıq.

- Baş məşqçi kimi şansları necə dəyərləndirirsiz?

- Oyunun içində olanda gedişat, həyəcan rəqibin gücü haqda düşünməyə bir o qədər imkan vermir. Amma videoanalizlərdə gördük ki, APOEL həqiqətən yaxşı komandadır. Yüksək səviyyəli oyunçuları var. Hətta Nikosiyadakı oyunun son dəqiqələrində belə nizam-intizamdan qopmadılar. Sona qədər baxımlı futbol göstərdilər, qələbə topunu vurmağa çalışdırlar. Deyərdim ki, şanslar bərabərdir.

- APOEL səddini keçə bilsəz, növbəti mərhələdə "Saraqosa" - "Korona" cütünün qalibi ilə qarşılaşacaqsız. İlk oyunda ispanlar minimal hesablı qələbə qazanıblar. Düzdür, hələ qarşıda Kipr təmsilçisi ilə cavab görüşü var, heç nə dəqiq deyil. Amma yəqin ki, beyninizin bir tərəfində potensial rəqiblərinizin oyunu haqda da düşünürsüz. Hansı komandanın sizə rəqib olmasını istərdiz?

- Əslində birinci hədəfimiz bu mərhələni keçməkdir. Buna baxmayaraq, "Saraqosa" - "Korona" matçını da diqqətlə izləmişəm. İlk oyunda ispanlar qalib gəlsə də, polşalıların da səfərdə xeyli qol imkanları oldu. Düşünürəm ki, Polşadakı qarşılaşma "Saraqosa" üçün çox çətin olacaq. "Korona"nın da turu keçmək ehtimalı var. Çünki görüşün son 15 dəqiqəsində qonaqların 3-4 real qol imkanı oldu. Sadəcə, istifadə edə bilmədilər. "Korona"nın da kifayət qədər təhlükəli komanda olduğunu deyə bilərəm. Yəni, "Saraqosa" hələ məsələni həll etməyib.

- Dediz ki, "Saraqosa" - "Korona" oyununu izləmisiz. Sizcə, növbəti mərhələni də keçmək mümkündürmü?

- Futbolçularımız ötən mövsüm "Herta" ilə səfər oyununda da gördülər ki, keçilməyəcək rəqib yoxdur. Almaniya təmsilçisi "Saraqosa" və "Korona"dan da güclü rəqib idi. Berlində mükəmməl oyun göstərmişdik. Qaçırdığımız qol epizodları oldu. Əlbəttə ki, ikinci mərhələni də keçmək olar.

- Artıq beynəlxalq arenada təcrübəniz də var...

- Bəli, ötən mövsüm oynayan futbolçuların bəziləri heyətimizdədir. Təcrübəli oyunçular sayılırlar. Bilirlər ki. öz oyun üslubumuzu rəqibə yeridə bilsək, psixoloji baxımdan hazır olsaq, minimum 2 mərhələ keçə bilərik.

- Eyni gündə APOEL-in əsas komandası da Bakıda "Qarabağ"ın qonağı olacaq. "Qəbələ" və "Qarabağ" azarkeşlərə ikiqat sevinci hiss yaşada bilərmi?

- Əlbəttə, mümkündür. Avqust ayında "Qarabağ"ın səfərdə APOEL-ə qalib gəldiyini gördük. "Qarabağ" kifayət qədər güclü komandadır. İnanıram ki, meydanı qələbə ilə tərk edəcəklər.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti