"Güman ki, hər iki futbolçu prokurorluğa çağırılacaq" - DANIŞILMIŞ OYUN ŞÜBHƏSİ

21 Oktyabr 2019 21:40 Müsahibə 1 021
"Güman ki, hər iki futbolçu prokurorluğa çağırılacaq" - DANIŞILMIŞ OYUN ŞÜBHƏSİ

Oyun alqı-satqısında günahlandırılan birinci divizion təmsilçisi "Ağsu"nun icraçı direktoru Rəşad Kərimov Sportinfo.az-a müsahibə verib.

- Yəqin ki, AFFA-nın qərarından xəbəriniz var. Nə baş verir?

- Məndə olan məlumata görə şübhələr son iki oyunla (MOİK və "Keşlə-2" ilə matçları nəzərdə tutur - red) bağlıdır. Məsələ 0:4 hesabı ilə uduzmağımızdadır. Məndən həmin futbolçuların AFFA-ya göndərilməyini xahiş etdilər. Mən də göndərdim. Qərarı indi gördüm. Hələ futbolçularla söhbət etməmişəm. Komandanın məşqi var idi. Hazırda stadiondayam. Hazırlıq indi qurtardı. Onları gözləyirəm. Söhbət edim, görüm, nə məsələdir. Bundan sonra daha dəqiq söz deyə bilərəm. Qərara əsasən, bizdən həmin oyunçuların hələlik futbolla bağlı bütün fəaliyyətlərinə qadağa qoyulması tələb olunur. AFFA rəsmiləri ilə danışdım. Dedilər ki, iş araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına veriləcək, belə qalmayacaq. Hələ ki, gözləyirik.

- Sanksiya sırf Elçin Haşımov və Ruslan Mirzalıyevlə bağlı olacaq, yoxsa klubu da cəzalandıracaqlar?

- Hələ ki, bu qərarın kluba aidiyyatı yoxdur. Sırf iki futbolçu barədə araşdırma aparmaq üçün bizə məktub göndəriblər. Bildirdilər ki, AFFA lazımı tədbirləri görəcək. Çox güman ki, futbolçular prokurorluğa dəvət olunacaq. Bilirik ki, şübhələr təsdiqini tapsa, klubu da cəzalandıracaqlar. Bundan əvvəlki hadisələrdə də bəzi klublar haqda sərt qərarlar verilib.

- Siz özünüz necə, həmin futbolçulardan şübhələnmisinizmi? Ümumiyyətlə, onların belə bir hərəkət edəcəyinə inanırsız?

- Elçin Həşimov klub yaranan ildən bizimlədir. Yaxşı futbolçudur. Çempionluğumuzda da əziyyəti olub. Düzdür, bir ara komandadan uzaqlaşmışdı. Amma sonra yenidən qayıtdı. Ötən mövsümdən "Ağsu"dadır. Nə deyim? Onun haqqında pis fikirləşə bilmirəm. Çünki onu şəxsən tanıyıram. Daha dəqiq desəm, "Keşlə-2" ilə oyuna baxmamışam. Amma MOİK-lə matçı izləmişəm. Elçin elə də pis oynamadı. Bilmirəm, onların baxış bucağı necədir. Bəlkə əllərində hansısa faktlar var. Ona görə də tam müdafiə edə bilmirəm. Elçini həqiqətən yaxşı insan kimi tanıyıram.

- Bəs Ruslan Mirzalıyev?

- Ruslan komandaya yeni gəlib. İlyarımdır bizimlədir. Oyunda çatışmazlıqlarını görürəm. Amma dəqiq nəsə deyə bilmirəm. Əlimdə fakt yoxdur. Bəlkə UEFA, AFFA-nın məlumatı var, bu səbəbdən belə bir iddia irəli sürürlər.

- Apellyasiya şikayəti vermək haqda düşünürsüz?

- Açığı, hələ bu barədə nəsə fikirləşməmişik. Klub rəhbərliyinə də məlumat verəcəm. Yəqin ki, onlar nəsə deyəcək.

- Ümumiyyətlə, bu mövsüm divizionda bu cür hallarla bağlı çox söz-söhbət gəzirdi. Bu hadisə isə təsdiqi oldu...

- Hamı "Ağsu"nun vəziyyətinə kənardan baxıb deyir ki, komanda niyə uduzdu. Nəsə fikir bildirmək üçün komandanın içində olmaq lazımdır. Limit başımıza oyun açır. Futbolçu tapa bilmirik. Məcburiyyətdən 6 nəfər limitə uyğun futbolçu oynatmalıyam. Bir ölkədə 1998-ci il təvəllüdlü neçə oyunçu yetişə bilər ki? Bilirsiz ki, onların da ən yaxşıları Premyer Liqa klublarındadır. Heç futbolçuların özləri də bura gəlmək istəmir. "Qarabağ"da çıxış edən futbolçu fikirləşər ki, gedim, "Ağsu"da oynayım? Əlbəttə ki. yox. Bu yaşdakı futbolçunun düşündüyü daha yaxşı komandada oynamaqdır.

- Limit məsələsində sizinlə razıyam. Amma işin digər tərəfi də var. Məsələn, "Keşlə-2" ilə oyunu götürək. Komanda azlıqda qalan rəqibinə 0:4 uduzursa, qolları da 60-cı dəqiqədən sonra buraxırsa, bu, istər-istəməz şübhələnməyə əsas verir...

- Belə deyim sizə, bizim ən çox qaçan futbolçumuz 55-ci dəqiqədə ayağının qıc olduğunu, qaça bilmədiyini deyirsə, deməli, komandanın fiziki gücü yoxdur. Razıyam, son iki ildə - limitdən sonra çox pis nəticələr qeydə alınır. Halbuki əvvəlki illərdə ilk "üçlük" uğrunda oynayan komanda olmuşuq. Limit bizə çətinlik yaradır. Məcburiyyətdən bura gələn 1998-ci il təvəllüdlü istənilən futbolçunu komandaya götürürük.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti