"Hər şey federasiyanın işə yanaşmasından asılıdır" - AFFA ÜÇÜN VACİB MÜSAHİBƏ

21 Oktyabr 2019 22:02 Müsahibə 999
"Hər şey federasiyanın işə yanaşmasından asılıdır" - AFFA ÜÇÜN VACİB MÜSAHİBƏ

Gürcüstanın U-19 yığmasının baş məşqçisi Ramaz Svanadze Sportinfo.az-a müsahibə verib. Vaxtı ilə Bakı “İnter”ində (indiki "Keşlə") atası Zaur Svanadzenin köməkçisi işləyən 38 yaşlı mütəxəssis maraqlı fikirlər səsləndirib.

- Başçılıq etdiyiniz U-19 yığması öz həmyaşıdları arasında AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, Macarıstan və Qazaxıstanın yer aldığı qrupu ilk pillədə tamamladı və elit-raunda vəsiqə qazandı. Maraqlıdır, bunu necə bacardız?

- Əvvəlcə onu deyim ki, biz bu turnirə düz 1 ildir hazırlaşdıq. Təlim-məşq toplanışı ərzində çoxlu yoldaşlıq oyunu keçirdik. İlk növbədə seleksiya üçün əla şərait yaradıldı, daha sonra isə hazırlıq prosesi yüksək səviyyədə təşkil olundu. Yoxlama matçlarında yaxşı rəqiblərlə qarşılaşdıq. Artıq həmin vaxt anladıq ki, biz bu qrupdan çıxa bilərik. 11 yoldaşlıq görüşündən 7-də qalib gəldik. Həmçinin yetişən nəsli də qeyd etmək istərdim. Hamısı yaxşı futbolçulardır. Fərdi baxımdan güclü oyunçularımız var. Bizim başlıca hədəfimiz yaxşı komanda formalaşdırmaq idi. Şadam ki, buna nail olduq.

- Xüsusilə Xorvatiya kimi güclü yığmanı məğlub etməsiniz əsl sensasiya oldu...

- Layiqli qələbə qazandıq. Çünki oyundan öncə komandada əhval-ruhiyyə yüksək səviyyədə idi, futbolçular özlərinə inanırdılar. Bir sözlə, hər şey super idi. 90 dəqiqə ərzində oyundan qopmadıq. Xorvatiya güclü komandadır. Onların da şansları oldu. Amma komanda oyunu baxımından biz onları üstələdik.

- Elit-raundda hədəfləriniz nədən ibarətdir?

- Əvvəlcə püşkatmanın nəticəsini bilməliyik. Bundan sonra qarşımıza hansısa hədəf qoyacağıq. Prinsipcə, biz hər oyuna qələbə arzusu ilə çıxırıq. Necə olacağını isə Allah bilir. Sonadək mübarizə aparacağıq. Buna əminliklə söz verə bilərəm.

- Son illər Gürcüstan futbolu inkişafdadır. Federasiya, klublar yalnız bir məqsəd uğrunda – milli komanda üçün çalışır. Yığma komandalar səviyyəsində qazanılan nailiyyətləri bununla əlaqələndirmək olarmı?

- Hər şey federasiyanın futbola yanaşmasından asılıdır. Demək olar ki, bütün regionlarda futbol akademiyaları tikilib. Orada gənc futbolçularla yaxşı və düzgün iş aparılır. Onlar akademiyada qalır, oxuyurlar. Və bütün bunlar tam ödənişsizdir. Hər bir yığmanın baş məşqçisinə seleksiya üçün 1,5 il vaxt verilir. Çoxlu turnirdə iştirak da inkişafa təsir edir. Bu isə vaxt keçdikcə komandalarımızın nəticələrində özünü göstərir.

- 2015-2017-ci illərdə ölkəmizdə işləmisiz. Sizin də bildiyiniz kimi, Azərbaycanda futbolun inkişafına kifayət qədər pul ayrılır. Ancaq ortada nəticə yoxdur. Sizcə, nəyi düzgün etmirik?

- Klub futbolunda hər şey qaydasındadır. Çempionatınız yaxşıdır, güclü komandalar var. Mənə görə, “Qarabağ” Avropa səviyyəli klubdur. Digər komandalar da yüksəlişdədir. Milli komanda ilə bağlı isə heç nə deyə bilmərəm. Çünki işin içində deyiləm. Kimisə mühakimə etmək mənə düşməz. Azərbaycanda da yaxşı mütəxəssislər var. İnanıram ki, vaxt gələcək, sizdə də hər şey əla olacaq.

- Yəqin razılaşarsız ki, Azərbaycanda futbola ayrılan vəsait Gürcüstanla müqayisədə xeyli çoxdur. Qazanılan nəticələrdə isə siz bizi xeyli üstələyirsiz. Bunu necə şərh edərdiz?

- Sizdə futbola ayrılan büdcə kifayət qədər çoxdur. Bu, faktdır. Digər məsələ haqda danışa bilmərəm. Hər bir ölkə millisinin yaxşı və pis dövrləri olur. Bu, zamanın işidir. Bir dövr gəlir, güclü futbolçu nəsli yetişir. Yaxud da əksi olur. Belə də ki, futbolunuzda vəziyyət elə də pis deyil. Sadəcə onu deyə bilərəm ki, hər yerdə futbolu inkişaf etdirməyə ilk növbədə aşağı yaş qruplarından başlayırlar. Bu da bir başqa faktdır.

- Seçmə mərhələdə Azərbaycan millisinin sabiq hücumçusu, ölkəmizdə “Kəpəz”, “Şəmkir” klublarının formasını geyinmiş Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliyanın da xidmətindən istifadə etdiz. Bir vaxtlar adı millimizlə də hallanan gənc futbolçunun çıxışı sizi razı saldı? Ümumiyyətlə, onunla Azərbaycan variantı haqda söhbətiniz oldu?

- Xviça çox güclü futbolçudur. Seçmə mərhələdə də özünü yaxşı tərəfdən göstərə bildi. O, artıq Gürcüstanın əsas millisində çıxış edib. Azərbaycan haqda heç bir söhbətimiz olmadı. Ümumiyyətlə, bu sualı şərh etmək istəmirəm.

- Yeri gəlmişkən, futbolumuzu, xüsusilə də “Keşlə”ni izləyirsiz?

- Düzünü desəm, yox. Oyunlara baxmıram, sadəcə, nəticələrdən xəbərim olur.

- Bir müddət öncə Gürcüstanın U-21 yığmasının baş məşqçisi Giorgi Tsedsadze “Sabah”la danışıq aparmaq üçün Bakıya gəlmişdi. Həmkarınız Azərbaycan futbolu haqda sizdən nəsə soruşdu?

- Tsedsadze ilə bu mövzuda danışmamışıq. Yalnız onu deyə bilərəm ki, yüksək səviyyəli məşqçidir.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"