"Hakim Mirabdullaya qırmızı vərəqə göstərməliydi" - MÜSAHİBƏ

21 Oktyabr 2019 11:42 Müsahibə 905
"Hakim Mirabdullaya qırmızı vərəqə göstərməliydi" - MÜSAHİBƏ

"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Premyer Liqanın VIII turunun "Səbail"lə səfər oyunundan (2:0) sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb. Təcrübəli müdafiəçi əvvəlcə qələbəni şərh edib.

- Bilirdik ki, "Səbail" çox yaxşı komandadır, oyun çətin keçəcək. Digər tərəfdən, səfərdə oynayırdıq. Buna baxmayaraq, meydana qələbə üçün çıxmışdıq. Şükürlər olsun ki, istəyimizə çatdıq. Həqiqətən asan olmadı. Özünüz də gördüz ki, necə mübarizə apardıq. Əziyyətimiz yerdə qalmadığı üçün sevinirəm.

- Açığı, qoldan sonra daha çox hücum edəcəyiniz gözlənilsə də, müdafiəyə çəkildiz...

- Bu, baş məşqçinin tapşırığı deyildi. Gördüz ki, o, kənardan bizə irəli çıxmağımızı tapşırırdı. Sadəcə, rəqibin təzyiqindən belə alındı. Geri çəkilməyə məcbur idik. Amma buna baxmayaraq, qol epizodlarımız oldu. Təəssüf ki, yalnız ikisini dəyərləndirə bildik. Artıq bu qələbəni unutmaq lazımdır.

- Səncə, "Səbail" zəif oynadı, yoxsa "Sumqayıt" güclü idi?

- Deməzdim ki, "Səbail" zəif oynadı, yaxud da biz güclü idik. Bərabər səviyyəli oyun getdi. Sadəcə, bizim bəxtimiz gətirdi və qələbə qazandıq.

- İlk hissədə başından ciddi zədə aldın. Durumun necədir?

- Başımda qanaxma var idi. Həkim sarğı etdi. İnşallah, keçər. Futboldur, belə şeylər olur.

- Həmin epizodda hakim Mirabdulla Abbasova sarı vərəqə göstərdi. Səncə, doğru qərar idi?

- Açığı, mən "qırmızı" gözləyirdim. Çünki Mirabdulla açıq ayaqla oynamışdı. Başımda butsun izləri var. Bu mənada, sanki bir qədər yüngül cəza oldu.

- "Sumqayıt"da hələ ki, sabitlik yoxdur. Bir oyun yaxşı oynayırsız, bir oyun pis. Bu, nə ilə bağlıdır?

- Komandada qeyri-sabitliyin olduğunu düşünmürəm. Bütün oyunlarda meydana yaxşı nəticə üçün çıxırıq. Bizdə daha çox gənclərə şans verilir. Hamıda limitə uyğun bir futbolçu oynayır, biz də isə 2-3 futbolçu. Heyətdə gənclərin çox olması oyunumuza təsir edir.

- Növbəti oyununuz Sumqayıtda "Neftçi"yə qarşı olacaq. Həmin qarşılaşma haqda nə düşünürsən?

- Bu gün Premyer Liqada "Qarabağ" hamıdan üstündür. Onlardan sonra "Neftçi" gəlir. Amma bizim üçün fərqi yoxdur. Kim olur-olsun, ciddi hazırlaşmalıyıq. Evdə oynayacağıq, qələbə qazanmağa çalışacağıq.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"