"Çox komanda "Qarabağ"dan çəkinir, biz isə göstərdik ki..." - MÜSAHİBƏ

20 Oktyabr 2019 18:14 Müsahibə 821
"Çox komanda "Qarabağ"dan çəkinir, biz isə göstərdik ki..." - MÜSAHİBƏ

"Qəbələ"nin yarımmüdafiəçisi Qismət Alıyev Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın VIII turunda evdə "Qarabağ"ı büdrətdiz. Bu, Ağdam klubunun cari mövsümdə ilk xal itkisi idi. Oyunla bağlı nə deyə bilərsən? Yəqin, nəticə sizin özünüz üçün də gözlənilməz oldu...

- Oyuna yaxşı hazırlaşmışdıq. "Qarabağ"ın adı motivasiya üçün bəs edir. Gözlənilməz olduğunu deyə bilmərəm. Biz bütün matçlara qələbə üçün çıxırıq. Düşünürəm ki, belə oyunda 1 xal pis nəticə deyil.

- Dünən komandanız çox istəkli idi. Görünür, "Qarabağ"ın futbolçuları da sizdən bu cür oyun gözləmirdi. Çünki ilk dəqiqələrdən sərgilədiyiniz oyun, təzyiq rəqibi də çaşdırmışdı...

- Bəli, ilk dəqiqələrdən istəkli idik. "Qarabağ"la oynayan istənilən komanda 80-90 faiz müdafiə olunur. Amma matçdan öncə danışdıq ki, bu dəfə biz hücum edək, müdafiədə oturmayaq. Komanda şəklində işimizin öhdəsindən gəldik. Bir xal bizim üçün vacib idi.

- Premyer Liqada çıxış edən komandaların bir çoxu "Qarabağ"ın adından çəkinir. Özləri də bunu etiraf edirlər. Ancaq dünən "Qəbələ" güclü rəqibdən qorxmadı...

- Düzdür, çox komanda "Qarabağ"dan çəkinir. Biz isə dünən komanda şəklində vuruşduq. Göstərdik ki, kimliyindən asılı olmayaraq, heç bir rəqibdən çəkinmirik. Bizdə hansısa komandadan qorxub oynamamaq söhbəti yoxdur. Artıq bu görüşü unutmalıyıq. "Qarabağ"la oyuna necə hazırlaşmışıqsa, qarşıdakı matçlara da o cür köklənməliyik.

Səncə, "Qarabağ"ı məğlub etmək olardı?

- Bu barədə nəsə demək çətindir. Özünüz də gördüz ki, hesab bərabərləşəndən sonra da komandamız vuruşdu. Təəssüf ki, qolu tez buraxdıq. Bəlkə də hər şey başqa cür ola bilərdi. "Qarabağ" qoldan sonra bizi müdafiədə oturmağa məcbur etdi.

- Vurduğun qol zamanı qurduğunuz hücum baxımlı alındı. Həmin epizodu necə şərh edərdin?

- "Qəbələ"də ilk qolum idi. Sevinirəm ki, bunun komandaya faydası oldu. Məğlub olsaydıq, qolun heç bir əhəmiyyəti qalmazdı. Ən azından komandama xal qazandırdığım üçün şadam.

- Demək olarmı ki, baş məşqçi dəyişikliyi "Qəbələ"yə müsbət təsir göstərir?

- Məşqçi məsələsinə toxunmaq istəmirəm. Hansı məşqçi olur-olsun, fərqi yoxdur, bizim işimiz onların tapşırıqlarını yerinə yetirməkdir.

- Roman Qriqorçukun vaxtında tez-tez meydanda olsan da, onun gedişindən sonra sanki kölgədə qaldın. Elmar Baxşıyevin komandanın sükanı arxasına keçməsindən sonra isə sabit oynamağa başlamısan. Buna qədər ehtiyatda qalmağının səbəbi nə idi?

- Bəli, Qriqorçuk baş məşqçi olanda tez-tez meydana çıxırdım. Onun gedişindən sonra Sənan Qurbanov gəldi. Razıyam, bir çox oyunda ehtiyatda qaldım. Amma hər məşqçinin öz baxışı var. Bəzən oynayırdım, bəzən yox. Elmar müəllim gələndən sonra hələ ki, daim oynayıram. Bunun davamını gətirib, əsas heyət üzvünə çevirilmək istəyirəm.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti