"Obradoviçin hərəkəti məni qıcıqlandırdı" - MÜSAHİBƏ

19 Oktyabr 2019 15:20 Müsahibə 988
"Obradoviçin hərəkəti məni qıcıqlandırdı" - MÜSAHİBƏ

19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Samir Əliyev Sportinfo.az-a müsahibə verib. AÇ-2020-nin seçmə mərhələsinin nəticələrini dəyərləndirən mütəxəssis Milan Obradoviçlə bağlı məlum məsələyə də toxunub.

- Seçmə mərhələni 2 məğlubiyyət, 1 qələbə və 3 xalla üçüncü sırada tamamladız. Komandanın çıxışını necə dəyərləndirirsiz?

- Norveç, Çexiya və San Marino ilə eyni qrupda mübarizə apardıq. Əvvəlcədən hamıya bəlli idi, özümüz də araşdırma aparmışdıq ki, Çexiya və Norveç qrupda favoritdirlər. Mübarizəmiz sırf onlarla gedəcəkdi. İlk oyunda bütün qüvvəmizi ortaya qoyduq ki, ən azından xal və ya xallar götürək. Çünki ikinci matçdakı rəqibimiz çexlərin güclü olduğunu və onlara qarşı oynamağın çətin olacağını bilirdik. Son rəqibimiz isə dişimizə görə olan San Marino idi. Təəssüf ki, Norveçlə matçda istəyimizə nail ola bilmədik. Düzdür, uşaqlar sonadək vuruşdular, qol imkanlarımız da oldu. Amma istifadə edə bilmədik. Avtoqolla uduzduq. İkinci oyunda isə ev sahibi çexlərə fərdi səhvlər nəticəsində böyük hesabla məğlub olduq. Həmin görüşdən sonra artıq şanslarımız bitmişdi. Ona görə də San Marino ilə oyun elə də əhəmiyyət daşımırdı. Bacardığımız qədər yaxşı oynamağa çalışdıq. Hədəfimiz elit-raunda çıxmaq idi. Bunu bacarmasaq da, yığmanın heyətində Çexiyaya apardığımız 20 futbolçunun hər birinə şans verdik ki, beynəlxalq təcrübə qazansınlar. Oynamayan futbolçu qalmadı.

- Özünüz də qeyd etdiz ki, qrupda Norveç və Çexiyanın favorit olduğunu bilirdiz. Hər şey əvvəlcədən proqnozlaşdırılan kimi alındı. Belə çıxır ki, yığmanın hazırkı potensialı elə buna imkan verir?

- Bu gün bütün ölkələr futbol oynaya bilir, hamı mübarizə aparır. Fikrimcə, Norveçlə görüşdə çox yaxşı oyun sərgilədik. Statistikanı götürsək, rəqibi bir çox mübarizələrdə üstələdik. Hətta onlar matçın sonlarında vaxt uzatmaqla məşğul idi. Düzdür, səviyyə fərqi var idi. Bu da nə ilə bağlıdır? Əslində hər dəfə deyirik, təkrar sadalamaq istəmirəm. Norveçli futbolçuların əksəriyyəti yaxşı ölkələrin çempionatında çıxış edir. "Everton", "Sauthempton"da oynayan oyunçuları var. Çox yaxşı futbolçulara sahibdirlər.

- Yəni deyirsiz ki, nəticə sizi qane etməsə də, sərgilənən futboldan razı qalmısız...

- Əlbəttə. Ən çox da Norveçlə oyundan çox razı qaldım. Oyuna baxan bilməzdi ki, biz məğlub tərəfik. Oyun baxımdan məğlub olmadıq. Sadəcə, rəqib yararlandı, biz isə boşa verdik.

- İki gün öncə müsahibənizdə U-21 yığmamızın baş məşqçisi Milan Obradoviçlə bağlı narazı fikirlər səsləndirmisiz və onu sizi çətin vəziyyətdə qoymaqda ittiham etmisiz...

- Həmişə qalmaqaldan uzaq olmağa çalışmışam. Obradoviçlə aramızda sırf peşəkar, yaxşı münasibətlər var idi. AFFA-da məşqçilər üçün xüsusi bir otaq ayrılıb. Orada yığışıb, müzakirələr aparırdıq. Bakıdakı qısamüddətli təlim-məşq toplanışlarında U-19-dan 4-5 nəfəri U-21-ə cəlb edib. Bizim işimiz də odur ki, yuxarı yaş qruplarına futbolçu verək. Komandanı formalaşdırdıqdan sonra Səbuhi Abdullazadə bizim aparıcı oyunçumuz idi. Heyətdə ustalıq səviyyəsi yuxarı olan, sərbəst şəkildə oynaya bilən azsaylı uşaqlardan biridir. Obradoviç onu bizdən istəyəndə bir tərəfdən üzücü oldu, digər tərəfdən də sevindik. Ona görə üzüldük ki, seçmə mərhələ öncəsi oyunu Səbuhinin üzərində qurmuşduq. O, mərkəzdə olanda daha rahat oynayırdıq. Aylardır onu hazırlayırdıq. Digər tərəfdən də sevinirdik. Sabah ən azından dilimiz uzun olacaqdı ki, U-21-ə futbolçu veririk. Aramızda müzakirə oldu, Obradoviç dedi ki, mən Səbuhidən istifadə edəcəm. Dedim, lap yaxşı, götür. Düzdür, U-21-in məşqçisi odur, qərarı o verir. Amma Səbuhiyə az şans verməsi istər-istəməz məni qıcıqlandırdı. Bakıya yeni gəlmişik. Yəqin ki, məsələni yoluna qoyacağıq.

- Həmin müsahibədən sonra sizə zəng vurub?

- Yox. Mən orada elə ciddi fikir bildirməmişəm. Sadəcə, mən də istəyirdim ki, Çexiyadan yaxşı nəticə ilə qayıdaq. Yəqin ki, çox oynasaydı, heç bu cür söhbət də olmazdı. Bəlkə də oynamayıb deyə qıcıqlanmışam. Həm futbolçuya. həm də özümüzə görə. Bu söhbətin çox şişməyini, qalmaqala çevirilməyini istəmirəm. Öz aramızda həll edəcəyik. Ciddi problem yoxdur.

- Sizcə, Səbuhi Abdullazadə sizin sərəncamınızda olsaydı, fərqli nəticə ola bilərdi?

- Mən demirəm ki, Səbuhi olsaydı, hər üç rəqibi məğlub edəcək, mütləq elit-raunda çıxacaqdıq. Sadəcə, hazırladığın uşağın sənin komandanda olmaması məyusedicidir. Əsas odur ki, Səbuhi bu gün U-21-dədir. U-19-da həqiqətən yaxşı futbolçular var ki, onlar Azərbaycan futbolunun gələcəyidirlər. Seçmə mərhələ bitdi. Gələcəkdə kim özünü yaxşı tərəfdən göstərəcəksə, Obradoviç ondan istifadə edəcək.

- Seçmə mərhələdəki çıxışın nəticələri ilə bağlı AFFA rəhbərliyi ilə görüşünüz olacaqmı?

- Əlbəttə, olacaq. Yanvardan bu yana gördüyümüz işlərlə bağlı hesabat verməliyəm. Yəqin ki, gələcək planlar haqda da danışıq olacaq.

- Rəhbərliklə görüşdə Obradoviçlə yaşadığınız məlum problemi qabardacaqsızmı ki, futbolçu gedib U-21-də ehtiyatda oturmaqdansa, elə U-19-da oynasın?

- Artıq bunu qabartmağa ehtiyac yoxdur. Bilən bilir.

- Son bir həftədə verdiyiniz müsahibələrdə kifayət qədər açıq danışmısız və problemli məsələlərə toxunmusuz. Buna görə AFFA-dan sizə irad bildirən oldumu?

- Hələ ki, olmayıb.

- Müqaviləniz bu ilin sonunda başa çatır. İşinizi davam etdirəcəksiz, yoxsa...?

- Seçmə mərhələ bitibsə, yəqin, sırf bu uşaqlarla bağlı missiyamız da başa çatıb. Futbolçu necə oynayıb artırırsa, formada qalırsa, məşqçi də işləyib təcrübə toplayır, formada qalır. Hər bir məşqçi işləmək istəyir. Həm maddi, həm də inkişaf baxımından. Ancaq bu, tək məndən asılı deyil. AFFA narazıdırsa, biz tərəfdən heç bir problem yoxdur. Razıdırlarsa, niyə də işimizi davam etdirməyək? Gələcək planlar barədə danışmışıq. Çox güman ki, davam edəcəyik. Bəzi yeniliklər ola bilər.

- Yenilik deyərkən nəyi nəzərdə tutursuz?

- İndi açıqlamaq istəmirəm. Həyata keçirmək istədiyimiz müəyyən layihələr var.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti