Yaşar Sultanov: "Belə futbol olar?" - MÜSAHİBƏ

16 Oktyabr 2019 12:00 Müsahibə 1 102
Yaşar Sultanov: "Belə futbol olar?" - MÜSAHİBƏ

Tovuzun "Turan" klubunun sabiq icraci direktoru ve AFFA İcraiyyə Komitesinin keçmiş üzvü Yaşar Sultanov Sportinfo.az-a müsahibə verib.

- Yaşar müəllim, xeyli vaxtdır futboldan kənardasız. Nə işlə məşğul olursuz?

- Əvvəlcə onu deyim ki, zəng vurmağınız çox xoş oldu. Neçə vaxtdır, axtarıb-arayan yox idi. Sağ olun ki, hərdən zəng vurursuz. Hələ ki, istirahətdəyəm. Bir-iki günə öz işimə qayıdacam. Futbolla bağlı heç bir işlə məşğul deyiləm. Başqa sahədir.

- Futbolumuz kənardan necə görünür?

- Kənarda olsam da, izləyirəm. Açığı, sıxıntılar, ürək ağrısı çoxdur. İstər əsas milli, istərsə də digər yaş qrupları üzrə yığmaların oyununda kəskin eniş var. Etiraf edək ki, vəziyyət ürəkaçan deyil. Macarıstanla oyuna baxdım. Halal qolumuzu saymadılar, bu, öz yerində. Amma oyun keyfiyyəti çox aşağı səviyyədədir. İstədiyimiz oyunu görmürük. Favorit olduğumuz matç yoxdur.

- Sizcə, bu eniş, sadaladığınız problemlər nə ilə bağlıdır?

- Səbəblər çoxdur. Ən birinci məsələ odur ki, bu gün Azərbaycanda aktiv fəaliyyətdə olan 40 futbolçu var. Cəmi 8 komandamız var, onların da əksəriyyətində legionerlər oynayır. 40-50 aktiv futbolçunun 25-i əsas milliyə çağırılır. Belə çıxır ki, yığmaya düşməmək düşməkdən daha çətindir. Ölkədə rəqabət yoxdur. Gürcüstan və Ermənistanın 2 milyon əhaləsi var, çempionatlarında 10 komanda çıxış edir. Biz isə qürurla deyirik ki, 10 milyonuq, amma Premyer Liqada 8 komandamız var. Bunların da cəmi biri bölgə klubudur. Belə futbol olar?

- Yəni, deyirsiz ki, başlıca məsələ futbolçu qıtlığıdır...

- Sürücü olmaq üçün maşın, çapar olmaq üçün at lazımdır. Bunlar olmadan nə sürücü, nə də çapar olmaq mümkündür. Ölkənin 66 kənd-rayonunun 12-15-də futbol oynamağa yararlı stadion ola, ya olmaya. Müxtəlif ölkələrə səyahət edirik. Orada stadionsuz yaşayış məntəqəsi yoxdur. Hər kəndin özünün stadionu olmalı olduğu halda, bizim rayonların stadionu yoxdur. Futbolçu harada yetişsin? Əksər ölkələrdə kifayət qədər bələdiyyə stadionları var. Bizdə belə stadionlar tanıyırsızmı? Yoxdur! Torpaq bu gün çox bahalı kapitaldır. Balaca bir stadion tikmək üçün ən azı 150 sot torpaq sahəsi lazımdır. 150 sot torpağın satış qiyməti neçəyədir? Aydın məsələdir ki, onlar bu puldan keçməzlər ki, gəlin burada stadion tikin. Bu, dövlət proqramına salınmalıdır. AFFA ciddi şəkildə əyalətlərlə əlaqə saxlamalı, görüşlər olmalıdır. Federasiya rəsmiləri Sürixə, Nyona səfərlərinin yarısını Azərbaycanın bölgələrinə etsələr, futbolun inkişafı ikiqat artar. Yerli icra orqanları ilə görüşlər keçirmək, onların qarşısında məsələ qaldırmaq lazımdır. Uşaq gənclər idman məktəbi demək olar, ölü vəziyyətdədir.

- 2-3 il öncə də komanda sayı az idi, amma milli ən azından mübarizə aparır, normal futbol sərgiləyirdi...

- Bilirsiz, 20 il bundan qabaq çempionatda 18-dən az komanda olmurdu. Hətta bir ara 24 komanda çıxış edirdi. Həmin dövrün yetirmələrinin son akkordları idi. Ölkədə cəmi 50 futbolçu varsa, rəqabət yoxdursa, heç bir inkişaf gözləməyin. Bunun müqabilində, aşağı keyfiyyətli futbolçular olduğu halda, yüksək mükafatlar verilir.

- Söz düşmüşkən, bu gün AFFA heç-heçəyə görə mükafat verir. Buna necə baxırsız?

- Bu barədə eşitmişəm. Amma inanmıram ki, futbolçular turnir cədvəlinə baxıb, əllərini həmin pula uzatsınlar. 1 xalla turnir cədvəlinin son pilləsindəsən, bu qədər qol buraxmısan. Utanmaq əvəzinə, məbləğindən asılı olmayaraq, o mükafatı necə götürürsən? Hesab edirəm ki, mükafat seçmə mərhələyə görə verilməlidir. Belə şey olar? Bütün oyunları uduz, birində şansın gətirsin, 1 xal qazan və bu qədər mükafat al. Guya həmin xal nəyi dəyişəcək ki? Belə olanda futbolçunun xarici klublarda oynamağa da marağı olmaz. Yeri rahatdır, pulu-parası vaxtında verilir. Gürcülərin məqsədi isə bizdən fərqli olaraq, klubları yox, millini inkişaf etdirməkdir. Futbolçu yetişdirib, satmaq istəyirlər.

- Bayaq dediz ki, futbolu bölgələrə yaymaq, əyalətlərdə meydançalar salmaq lazımdır və bütün bunları AFFA etməlidir. Bəs niyə etmirlər?

- Hər şey çox aşkardır. Bunu etmək elə çətin bir şey deyil. Mən demirəm ki, bunlar ölkə futbolunun inkişafında maraqlı deyillər, yaxud da qərəzli mövqe tuturlar. Sadəcə, bu addımları atmaq lazımdır. Niyə etmədiklərini isə deyə bilmərəm. Çox elementar məsələlərdir. İnandırım sizi, əksər rayonlarımızda nəinki stadion, heç top da yoxdur. Belə vəziyyətdə futbol necə olsun? Biz o vaxt futbolda inkişafı görəcəyik ki. hər kənddə uşaq butslarının izi görünsün. Hər məhəllədə meydança olmalıdır. Bu yaxınlarda eşitdim, Ermənistan Futbol Federasiyası ilə Nazirlər Kabinetinin birgə razılaşdırılmış qərarı qəbul olunub ki, ölkə ərazisində 1 il ərzində, xüsusilə əyalətlərdə, ümumilikdə 500 meydança salınsın. 2 milyon əhalisi olan ölkədə 500 meydança salınırsa, bizdə bunun sayı 2500 olmalıdır. Hansısa əyalətdən keçəndə gözüm ilk növbədə meydança axtarır. Ancaq meydançadan başqa, hər şey var: kafe, restoran, şadlıq evi, kababxana. Bunu ürəkağrısı ilə deyirəm, təəssüflər olsun ki, futbolumuz tənəzzülə gedir.

- Belə çıxır ki, 3-5 ildən sonra bizə futbolda "cırtdan" ölkə kimi baxacaqlar?

- Özünüz fikirləşin. Yaxşı heç nə olmayacaq. Bu gün bizdə 6 legionerin olması çoxmu vacibdir? Onları neyləyirəm axı? Futbolçu yetişdirmək əvəzinə, komandanın 50 faizini əcnəbi futbolçulardan qururam, legioner oynadıram. Bu gün bir milyon xərc çəkdik, gəldilər oynadılar, çempionatı başa vurduq. Gələn il əlimizi-əlimizə vurub, deyəcəyik ki, gəlin, bir də başlayacaq. Ortaya nə çıxdı? Heç nə. Uduzmaqdan qorxmaq lazım deyil. Əminsən ki, qısa müddətdə yerli futbolçu yetişdirəcəksən. Həmin pulu bir gəncə xərcləsəydik, o məbləğə hər hansı kənddə meydança salsaydıq, daha çox xeyir götürərdik.

- Legioner futbolçulardan danışdız. Bəs milliyə əcnəbi mütəxəssisin başçılıq etməsinə münasibətiniz necədir?

- Gəlin, Əsgər Abdullayev, Şahin Diniyev və Ağasəlim Mircavadovun nəticələrini götürək, müqayisə aparaq. Onda hər şey ortaya çıxacaq. Millinin nə böyük tarixi var ki? Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar. Öz işləridir. nə etmək olar? Kiminsə pulunu saymaq bizə yaraşmaz. Amma bunları etmək olar.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti