"Polislərdən soruşduq ki, dronu niyə silahla vurmadız"

7 Oktyabr 2019 13:43 Müsahibə 1 717
"Polislərdən soruşduq ki, dronu niyə silahla vurmadız"

Azərbaycan-Lüksemburq Ticarət Palatası və "Qarabağ" Mədəniyyət Cəmiyyətinin vitse-prezidenti Seymur Əhmədov Sportinfo.az-a eksklüziv müsahibə verib. Avropa Liqasının qrup mərhələsinin II turunun "Düdelanj" - "Qarabağ" oyununda (1:4) baş vermiş erməni təxribatı haqda danışan Əhmədov həmin şəxslərin cəzalandırılması üçün əllərindən gələni edəcəklərini bildirib.

- Avropa Liqasının qrup mərhələsinin II turunun "Düdelanj" - "Qarabağ" matçı daha çox ermənilərin törətdiyi təxribatla yadda qaldı. Oyun günü siz də stadionda olmusunuz. Əvvəlcə hadisəyə münasibətinizi bilmək maraqlı olar...

- Ermənilər həmişəki kimi əsl üzlərini göstərdilər, təxribat törətdilər. Onlar idmanı, mədəniyyəti siyasətə qatmaq kimi işlərlə məşğuldurlar. Bizim azarkeşlərimiz isə həmin gün özlərini çox gözəl apardılar. Düzdür, emosiyalarını bir az da cilovlaya bilsəydilər, daha yaxşı olardı. Amma aydın məsələdir ki, Qarabağ bizim ağrılı yerimizdir. Dövlətimizin də bununla bağlı mövqeyi çox kəskindir. Ona görə də həmin vaxt hissləri cilovlamaq olmur. Həm futbolçularımız, həm də azarkeşlərimiz özlərini əsl vətənpərvər, Azərbaycana layiq insanlar kimi apardılar.

- Hadisə necə baş verdi və buna ilk reaksiya nə cür oldu?

- Stadionda 300-ə yaxın azarkeş var idi. Hamısı baş vermiş hadisədən narazı idi. Hər şey 31-ci dəqiqədə baş verdi. "Qarabağ"da 2:0 hesabı ilə öndə idi. Açığı, heç kim belə şey gözləmirdi. Çünki Lüksemburq Avropanın mərkəzində olan ölkədir. Burada təhlükəsizlik sistemi çox güclüdür. Belə şeylərə yol vermirlər. Onların özlərinin də reaksiyası birmənalı və qəti idi. İdman naziri, ölkənin baş naziri yerli qəzetlər vasitəsilə üzr istədi. Azarkeşlərimizin təxribata bundan da pis reaksiya verəcəyini gözləyirdim. Amma onlar özlərini yaxşı apardılar.

- Lüksemburqda təhlüksizlik sisteminin güclü olduğunu dediz. Amma gəlin razılaşaq ki, həmin dronun meydana belə asanlıqla daxil olması bir qədər fərqli təsəvvür yaradır...

- Biz oyundan sonra polislərlə də danışdıq. Onlara başa saldıq ki, gərək stadiona antidron sistemləri gətirərdiz. Bunların hamısını qeydə aldılar. Hamısı silahlı idi. Dronu vura bilərdilər. Silahdan niyə istifadə etmədiklərini soruşduq. Dedilər ki, hər şey gözlənilmədən baş verdi. Oyundan 2 gün əvvəl təhlükəsizlik tədbirləri görülmüşdü. Oyun günü hər kəsi girişdə yoxlayıb, içəri buraxırdılar. Bütün dünya ermənilərin Azərbaycana təcavüzündən xəbərdardır. Ona görə ciddi hazırlaşmışdılar. Amma dronu stadiondan kənarda, başqa bir binanın damından idarə edirdilər. Araşdırmalar gedir. Azərbaycanın Lüksemburqdakı Qarabağ Mədəniyyət Cəmiyyəti və Ticarət Palatası adından polisə şikayət ərizəsi vermişik. Baş nazir və müdafiə nazirinə məktublar ünvanlanacaq. Qoy, gələcəkdə belə şeylərə qarşı hazırlıqlı olsunlar.

- Lüksemburqun dövlət səviyyəsində üzr istədiyini bildirdiz. Bəs yerli əhalinin bu təxribata münasibəti necə oldu?

- Bizim əyləşdiyimiz sektorda üç alman və iki portuqal azarkeş var idi. Onların qəti reaksiyalarını gördük. Bəziləri təhlükəsizlik xidmətinin əməkdaşlarından baş vermiş hadisə ilə bağlı soruşurdular. Böyük narahatçılıq və narazılıq var. İdman naziri üzr istədikdən sonra azarkeşlərimiz onu alqışladı. Lüksemburqlu tərəfdarlar da buna qarşılıq verdilər. Bu o demək idi ki, bizi tam başa düşürdülər.

- Təxribat zamanı bəzi azarkeşlərimiz meydana daxil oldular. Bildiyim qədərilə, siz də onların arasında olmusuz və təhlükəsizlik xidməti əməkdaşları tərəfindən fiziki təzyiqlə üzləşmisiz...

- Biz stüardlara azarkeşlərimizin etiraz bildirmək üçün meydana çıxdıqlarını başa salmaq istəyirdik. Onlara deyirdik ki, təzyiq göstərmək lazım deyil. Polislər yox, təhlükəsizlik əməkdaşları özlərini bir qədər qeyri-peşəkar apardılar. Mən onlarla danışırdım ki, azarkeşlərimiz meydana kimisə vurmaq üçün çıxmırlar. Həm də yerli fanatları sakitləşdirməyə çalışırdım. İstəyirdim ki, bu gözəl günü qələbə ilə bitirək. O ki qaldı mənə qarşı fiziki təzyiqə, belə şey olmayıb.

- Oyunun gedişində stadionda başqa hadisələr də baş verib. Bəzi avtomobillərin şüşələri sındırılıb, oğurluq olub. Bunları da həmin ermənilər törədib?

- Bunu heç kim bilmir. Polis araşdırma aparır. Reaksiyalardan görürük ki, işlər yüksək səviyyədə aparılır. Yerli mətbuat demək olar ki. hər gün bu hadisələrdən yazır. Çünki öz imicləri üçün də xoşagəlməz olaylar oldu. Bilirsiz ki, Lüksemburq hər yerdə təbliğat aparır, özünü təhlükəsiz ölkə kimi təqdim edir. Belə hadisə onların imicinə də xələl yetirir.

- Necə düşnürsüz, bu hadisələrə layiqli hüquqi qiymət veriləcəkmi?

- Tam əminəm ki, Lüksemburq hökuməti buna çox ciddi reaksiya verəcək. Biz də Qarabağ cəmiyyəti olaraq, bunun üzərində işləyirik. Məsələni belə qoymayacağıq. Həm dövlətimiz, həm də buradakı cəmiyyət əlindən gələni edəcək ki, bu insanlar Lüksemburq qanunvericiliyi ilə cəzalansınlar.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"