"Uşaq deyiləm ki, kimsə mənə desin, izahat yaz, üzr istə" - Eltun Yaqublu

30 Sentyabr 2019 22:02 Müsahibə 1 925
"Uşaq deyiləm ki, kimsə mənə desin, izahat yaz, üzr istə" - Eltun Yaqublu

"Səbail"in kapitanı Eltun Yaqublu Sportinfo.az-a geniş müsahibə verib. Bir müddət öncə Bakı Olimpiya Stadionunda çəkdiyi məlum videoya görə tənqid olunan futbolçu saytımız vasitəsilə həm o məsələyə aydınlıq gətirib, həm də digər məqamlara toxunub.

- "Səbail" son turda "Sabah"a böyük hesabla uduzdu. Səncə, məğlubiyyətə nə səbəb oldu?

- Əlbəttə, bizim üçün gözlənilməz oldu. Özünüz də gördüz ki, qolları son 13-14 dəqiqədə buraxdıq. Bunu da diqqətsizliklə əlaqələndirərdim. Buraxılan qollar da öz səhvlərimizdən oldu. Düzdür, rəqib ikinci hissədə bizdən daha üstün oynadı. Amma belə hesab gözləmirdik. Futbolda belə hallar olur. Son vaxtlar yaxşı çıxış edirdik. Ona görə çox adam üçün də gözlənilməz oldu. Düşünürəm ki, məğlubiyyətlərə də hazır olmaq lazımdır. Bu gün məşqçi də komanda ilə danışdı. Futbolda bu cür halların olduğunu dedi. Ən əsası, bu vəziyyətdən çıxmaq və qarşıdakı oyunlara yaxşı hazırlaşmaqdır.

- Komandanın əsas kapitanı olsan da, çox nadir hallarda meydanda olursan. Onda da 5-10 dəqiqə oynayırsan. Bu, nə ilə bağlıdır?

- Bu suallar Aftandil müəllimə də, mənə də tez-tez verilir. Mediayla elə də əlaqəm yoxdur, çox danışan deyiləm. Bəlkə də xəbəriniz var. Ötən il komandanın yay toplanışında ağır zədə aldım. Ardıcıl əməliyyat olundum. Özü də bu, futbolda nadir hallarda rast gəlinən zədədir. Dabanımdan - "axil" nöqtəsi deyilən yerdən zədə almışdım. Altı ay ayağım gipsdə qaldı. 7-8 ay ancaq bərpa dövrü keçdim. Yerimək, gəzmək çətin idi. İndi-indi baş məşqçi sona 5-10 dəqiqə qalmış meydana buraxır ki, formamı bərpa edim. Demək olar ki, 13 aydır oynamırdım. Əsas səbəb budur. Aftandil müəllim tam güvənəndən sonra daha çox şans verəcək.

- Mövsümün əvvəlindən, xüsusilə də Avroliqa oyunlarından sonra "Səbail"də gərginlik, qarışıqlıq hökm sürür. Bunun kökündə nə dayanır? Hər şey həqiqətən mətbuatda yazıldığı kimidir, yoxsa süni olaraq şişirdilir?

- Hər şey yaxşı başlamışdı. Avroliqa öncəsi komandaya legionerlər cəlb olundu, yaxşı heyət quruldu. Ötən mövsüm yaxşı nəticə qazanmış, 3-cü yeri tutmuşduq. İnanırdıq ki, hər şey daha da yaxşı olacaq. Avrokubok matçından sonra hər şeyin belə ani dəyişməsi bizim üçün də gözlənilməz oldu. Həm maaşların gecikməsi, həm mükafat məsələsi... Futbolda bu cür hallar özünü tez büruzə verir, kollektivə təsirini göstərir. Məsələ getdikcə böyüdü, hamı bundan danışmağa başladı. Lap qlobal problem də deyil. Amma futbolçunun maaşı 10 gün gecikəndə müəyyən narahatlıq, çətinlik olur. Yeganə problem maliyyənin azalmasıdır. Komandaya olan münasibət eynidir, heç nə dəyişməyib. Sadəcə, dedilər ki, belə olacaq, hazır olun.

- Hazırda vəziyyət necədir? Sabitlik yaranıb, yoxsa yenə gecikmələr olur?

- Gecikmə maksimum 10-15 gün olur. Hər şey qaydasına düşüb. Dua edirik ki, daha da yaxşı olsun.

- Deyilənə görə, klubda mükafat sistemi ləğv olunub...

- Klubun rəhbəri Tamerlan müəllim bildirdi ki, udduğunuz hər oyuna görə "premya" alacaqsız. Düzdür, son 3 qələbəyə görə hələ almamışıq. Amma söz verilib ki, olacaq. Büdcə ilə bağlı məsələdir. Biz də rəhbərliyə güvənirik. Komandada böyük narazılıq yoxdur ki, niyə mükafat verilmədi. Bu baxımdan ab-hava yaxşıdır. "Premya" olsa da, olmasa da, meydana çıxıb, öz oyunumuzu göstəririk.

- Bayaq qeyd etdin ki, futbolçunun pulu gecikəndə müəyyən problemlər olur. Kapitan kimi hazırkı vəziyyətə nəzarət etmək, ab-havanı qorumaq çətin olmur?

- "Səbail" yaranandan bu komandadayam. Əziyyətimiz çox olub, bunu hamı bilir. Ötən mövsüm bürünc medal qazandıq. Hər kəs rəhbərlikdən daha yaxşı olmasını gözləyir. Heyətimizdə çıxış edən yerli futbolçuların bəzisi milli üzvləridir. Ümumilikdə pis oyunçular deyillər. Hərdən müəyyən suallar olur. Mən də öz növbəmdə baş məşqçi və rəhbərliklə danışanda uşaqların narahıtlığını, fikirlərini onlara çatdırıram. Öz aramızda söhbət olanda, kiminsə problemi yarananda rəhbərliyə deyirəm ki, həll etmək lazımdır. Əl-ələ verib, vəziyyətdən çıxırıq. Ciddi problem yoxdur. Kimə nə lazım olursa, Tamerlan müəllim maksimum gücü ilə kömək etməyə çalışır.

- Dünən Aftandil Hacıyev "Sabah"la oyunsonrası mətbuat konfransında belə bir fikir səsləndirib ki, istənilmədiyim yerdə qalıb işləmərəm. "Səbail"də baş məşqçini istəməyən kimlərdir? Ümumiyyətlə, klubda elə şəxslər var ki, Hacıyevdən narazı olsunlar?

- Saytları oxuyuram. Nədənsə Aftandil müəllimə istefa ilə bağlı suallar çox ünvanlanır. Halbuki bu insan ötən mövsüm ilk Premyer Liqa təcrübəsində "Səbail"i Avroliqaya çıxardı. Komanda beynəlxalq arenada da yaxşı təsir bağışladı. Düzdür, bu işdə bir çox adamın əziyyəti var. Amma başlıca səbəbkar kimi baş məşqçini görürəm. Nədənsə mediada qəribə suallar yaranır. Bunların haradan və nədən qaynaqlanması mənə də maraqlıdır. Baş məşqçinin işi göz qabağındadır. Hər gün bazaya səhər girir, axşam çıxır. Əziyyətini görürük, işləməyə həvəslidir. Öz üzərində çalışır. Bazaya nə vaxt gediriksə, görürük, maşını oradadır. Oyunları analiz edir, müzakirələr aparır. Bu cür üstün keyfiyyətləri çoxdur. Rəhbərliklə arasında heç bir problem yoxdur. Tamerlan müəllim hər zaman ona öz dəstəyini verib. Ona ürəkdən inandığını bildirib. Səhv etmirəmsə, hətta deyilib ki, sizə 3 ilik müqavilə təklif edə bilərik. Bu da Aftandilə müəllimə olan inamdan, güvəndən irəli gəlir.

- Bəs futbolçuların baş məşqçiyə münasibəti necədir?

- Çox yaxşı. Həm məşqçi, həm də dost kimi hörmət edirlər. Lazım olanda gəlib məsləhətləşirlər. O da bacardığı qədər kömək etməyə çalışır. Ağır təbiətli insan deyil ki, ondan çəkinsinlər, qorxsunlar. Rahatlıqla öz problemini ona danışa bilərsən. Məşqlərdə oyunçuların üstünə qışqırmır. Bir sözlə, əsl futbolçuların istədiyi məşqçidir.

- Gələk əsas məsələyə. Bakı Olimpiya Stadionun əsas meydançasının qaçış zolağına avtomobillə daxil olmağın və bunu videoya çəkib sosial şəbəkədə paylaşmağın xeyli müzakirə olundu...

- (Gülür). Hə, əsas gündəm elə odur da. Ot örtüyünə görə həftədə 2 dəfə BOS-un məşq meydançasında hazırlıq keçirdik. Bizə heç vaxt deyilməmişdi ki, maşını filan yerdə saxlamayın. Digər komandaların oyunçuları, oranın işçiləri, futbola aidiyyatı olmayan adamlar da avtomobillərini orada park edirdilər. Videoda görünür ki, meydançanın kənarından fırlanıb gəlirəm. Həmin yer paltardəyişmə otağının düz qabağıdır. Orada olanlar bunu bilirlər. Sadəcə, niyə belə böyütdülər, şişirtdilər, özümə həm maraqlı, həm də gülməli gəlir. Futbolumuzda o qədər problemlər ola-ola, bu cür hadisələri işıqlandırırlar.

- Bizdə olan məlumata görə, həmin hadisədən sonra BOS rəhbərliyi səndən izahat istəyib. Sən də etdiyin hərəkətə görə üzr istəmisən...

- Hə, məndən izahat almaq istədilər. Amma pis çıxmasın, mən də uşaq deyiləm, 15 yaşım yoxdur ki, kimsə mənə desin, izahat yaz, üzr istə. Onlara sual verdim ki, videonu izləmisiz? Baxın, görün, orada kiminsə üstünə maşın sürülüb? İzahatlıq nə var ki? Ya da qeyri-etik nə etmişəm? Dedim ki, əgər üzr istəməklik nəsə varsa, buna hazıram. İkincisi də olimpiya stadionu bölmə deyil. İzahatı bölmədə yazırlar. Nə isə, belə gülməli bir hadisə idi. Kimə nə sərf edir, onu yazır.

- Yəqin razılaşarsan ki, bu məsələyə başqa don geyindirənlər, fərqli istiqamətə yönəldənlər də oldu...

- Hə, mətbuatda gedən yazıları oxudum. Mövzunu başqa səmtə yönəltdilər. Halbuki, futbolumuzda olan əsas problemləri işıqlandırmaq, onlardan yazmaq lazımdır. Xırda söhbətlərin arxasınca çox getməyə ehtiyac yoxdur. 3-4 gün bəzi saytlarda yazılar getdi. Şəxsi məsələ olsa da, bəziləri Aftandil müəllimin də adını hallandırdı. Ona hörmətsizlik kimi qiymətləndirdilər. Baş məşqçi ilə söhbətim oldu. Mənə dedi ki, çalış, belə videoları "İnstagram"da paylaşma. Özü də bildirdi ki, bu videoda pis heç nə yoxdur. Bəlkə də bu cür xəbərlər kimlər üçünsə maraqlıdır. Mən bu söhbətə, sadəcə, gülürəm.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti